Ermənistanda əsgər çatışmazılı problemi sürətlə dərinləşir

31 Mart 2017 09:00 (UTC+04:00)

Cari ilin ötən dövründə təmas xəttində düşmən onlarla hərbçisini itirib. Ümumiyyətlə, son bir ildə Ermənistan tərəfi ciddi sayda itkilərlə üzləşib. İtkilər artıq Ermənistanda ciddi sosial gərginliyə səbəb olub. 

Mütəxəssislərin fikrincə, belə vəziyyət təmas xəttində düşmənin əsgər çatışmazlığı probleminin daha da dərinləşməsinə gətirib çıxaracaq. Onu da əlavə edək ki, əhalisinin sayı elə də çox olmayan Ermənistanda demoqrafik problem daha kəskin formada yaşanmaqdadır.
Hərbi məsələlər üzrə ekspert Azad İsazadənin sözlərinə görə, insan ehtiyatı döyüş hazırlığının vacib elementdir: “Çağırış resursu” adlanan anlayış var. Yəni, dövlət nə qədər insanı həqiqi hərbi xidmətə çağırmalıdır. Azərbaycanda real resurs ilə tələb olunan resurs arasında müsbət fərq var. 
2000-ci ildən etibarən isə Ermənistanda çağırış planı yerinə yetirilmir. Ermənistanda il ərzində iki dəfə çağırş olur. Hər çağırış zamanı Ermənistanda tam planı yerinə yetirə bilmirlər. İldən-ilə də bu çatışmayan faiz artmaqdadır. Odur ki, gec-tez bu problem daha da dərinləşəcək. 
Adətən çağırışçılar zəif qüvvə hesab edildiyindən onları qabaq postlarda qulluq etməyə göndərirlər. Könüllülər isə mobil-çevik qüvvələr kimi arxa eşalonda dayanırlar. Amma gec-tez mənfi balans artacaq. Ona görə də Ermənistanın real problemlə rastlaşması gözləniləndir. Düzdür, bu gün həmin problem yaşansa da, nə cürsə həll edirlər. Lakin gələcəkdə problemin qarşısını ala bilməyəcəklər”. 
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Ermənistan ordusunda bu problemi hazırda dərindən yaşayır: “Bunu gizlədə də bilmirlər. Ermənistanda anadan olanlar Dağlıq Qarabağda xidmət etmək istəmirlər. Ermənilərlə Qarabağ erməniləri arasında gərginliklər yaşanır. Hətta yüksək rütbəli zabitlər arasında bu problem özünü açıqca büruzə verir. 
Nəzərə alaq ki, nazir olan vaxtdan bu günə qədər heç vaxt əsgər dəfinində iştirak etməyən Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Razdanda əsrəgin dəfn mərasimində iştirak etdi. Özü ilə bərabər nazirliyin yüksək rütbəli zabitləri də gəlmişdi. Çünki erməni cəmiyyətində böyük narazılıq hökm sürür. Bu gün Ermənistandan Dağlıq Qarabağa getmək istəyənlərin sayı çox azdır. Ermənistan siyasi rəhbərliyi məcbur qalıb qadınları hərbi xidmətə cəlb edir. Zabitləri isə rotasiya adı altında Dağlıq Qarabağ və ətraf bölgələrə göndərirlər. Bundan əlavə, özləri də etiraf edirlər ki, 2000-ci ildən bu günə qədər Suriyadan 30 minə qədər erməni mənşəli insan gəlib. Onlar da hazırda işğal olunmuş ərazilərdə və digər qarnizonlarda yerləşdiriliblər. Vəziyyət o qədər gərgindir ki, muzdlulardan istifadə edirlər. Hansı ki, həmin muzdlular da Livandan, Suriyadan gəlmiş, özlərinə iş tapa bilməyən insanlardır. 
Göründüyü kimi, Ermənistanda vəziyyət gərgindir. Elə siyasət yürütmək istəyirlər ki, daxili auditoriya onları dəstəkləsin. Ancaq proses dərinləşəcək. Çünki Ermənistanı tərk edən insanların sayı ildən-ilə artır. Onların arasında xüsusən də gənclər üstünlük təşkil edir. Yaxın zamanlarda bu problemi açıq şəkildə dilə gətirəcəklər. Çünki aprel döyüşlərinə qədər Ermənistan siyasi rəhbərliyi orduda problemin olmadığını deyirdi. Amma ötən ilin aprel məğlubiyyətindən sonra problemləri etiraf etdilər. İndi də o cür olacaq”. 
Mübariz BAYRAMOV