Nəsimi rayon İcra Hakimiyyəti aprel döyüşlərinin ildönümü münasibəti ilə tədbir keçirib

3 Aprel 2017 10:23 (UTC+04:00)

Nəsimi rayon İcra Hakimiyyəti 2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibəti ilə C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirmişdir. Tədbirdə C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblilərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşləri şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad etməklə başladı. Sonra C.Naxçıvanski adına hərbi liseyin orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə çıxış edən C.Naxçıvanski adına hərbi liseyin rəis əvəzi polkovnik Elman Namazov çıxış edərək hərbi liseyin yaranması tarixindən, hərbi liseyin yetirdiyi zabit kadrlardan və onların Vətənimizin torpaqlarının müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışdı. Qeyd olundu ki, hərbi liseyin 10 məzunu və 1 zabiti Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Aprel döyüşlərində də hərbi liseyin məzunları torpaqlarımızın müdafiəsi üçün qəhrəmanlıqlar göstərmişlər.

Hərbi liseyin 3-cü kurs kursantı Xəzər Nəsirli çıxış edərək tədbirin təşkilinə görə Nəsimi rayon İcra Hakimiyyətinin və hərbi liseyin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, özü və kursant yoldaşları hər an Vətənimizin müdafiəsinə hazırdırlar.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd etdi ki, Aprel

döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyi, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Ermənistan Silahlı Qüvvələrindən tam azad etdi. Bildirdi ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.

Sonra C.Naxçıvanski adına hərbi liseyin xidmətdə fərqlənən bir qrup kursantına rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu. Nəsimi rayon 8 saylı tam orta məktəbin “Şahinlər” hərbi komandası üzvlərinin hərbi and içməsi və hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında mahnılar tədbir iştirakçılarının böyük alqışlarına səbəb oldu.