Tursitlər kirayə bazarında

4 Aprel 2017 07:00 (UTC+04:00)

Azərbaycana turist axını durmadan artır. Yay aylarında bu axının daha çox olacağı gözlənilir. Gələn turistlərin heç də hamısı otellərdə qalmağa üstünlük vermir. Bir qismi kirayə mənzillərdə qalmağa meyl göstərir. Bu hal kirayə mənzil bazarına, buradakı qiymətlərə nə vəd edir? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, yaxın zamanlarda kirayə bazarında qiymət bahalaşması baş verməyəcək: “Təbii ki, turistlərin gəlməsi qısamüddətli dövr üçün kirayəyə verilən mənzillərə tələbatı artırır. Qonşu ölkələrdən gələn turistlərin bir qismi  daha qısamüddətli dövr üçün təklif edilən evlərdə qalmaq istəyir. Amma düşünmürəm ki, turistlərin sayının artması kirayə bazarında qiymət artımlarına gətirib çıxarsın. 
Əslində, kirayə bazarının struktur və seqmentlərinə diqqət yetirsək, bir seqmentə, xüsusən də daha qısamüddətli dövr üçün təklif edilən mənzillər daxildir. Bu mənzillərə isə turistlərlə yanaşı, rayonlardan Bakıya gələnlərin də tələbatı vardır. Seqmentin digər hissəsi isə daha çox, yəni bir necə ay, bir il müddətli uzunmüddətli dövr üçün nəzərdə tutulan mənzillərdir. Bu seqment də kirayə bazarında birbaşa qiymətləri diqtə edən bir sahədir. Hansı ki, həmin seqmentə və oradakı qiymətlərə  turist axını və saylarının artması təsir göstərmir. Bu kontekstdə turist axının artması qısa müddətli dövr üçün kirayə mənzillərinə tələbatın artmasına gətirib çıxaracaq. Amma bunun mənzil bazarında qiymət bahalaşmasına rəvac verəcəyi güman olunmur. Belədə yaxın dövr üçün kirayə bazarında qiymət artımlarının olacağını proqnozlaşdırmıram”.
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov isə əksinə, düşünür ki, turizm axını kirayə mənzillərdə müəyyən dərəcədə qiymət artımına gətirib çıxaracaq: “Bildiyiniz kimi turistlər üçün kirayə evləri əsasən kənd rayonlarındakı turistik məkanlarda formalaşıb. İslam Oyunları mərhələsində isə aydındır ki, bütün qonaqlar paytaxtda cəmləşəcək. Ancaq turizm fəslinin qızğın mərhələsində güman ki, turizm məkanlarında kirayə evlərin qiymətləri hardasa bahalaşacaq. Yəni, bunun baş verəcəyi istisna deyil. 
Turizm sezonu ilə əlaqədar kirayə mənzillərinin qiymətinin qalması yəqin ki, otellərin fəaliyyətinə də təsirsiz ötüşməyəcək. Ola bilsin, gedən rəqabət fonunda müştəriləri özlərinə cəlb etmək üçün otellər də hardasa müəyyən güzəştlərə, hansısa endirimlərə gedəcəklər.  Yəni, proses rəqabət mühiti yaradacaq. Aydın məsələdir ki, otellərdə təqdim olunan xidmətlərlə ev şəraitində təqdim edilən xidmətlər arasında müqayisə aparıla bilməz. Otellərdə xidmətlər daha yüksəkdir. Amma hər halda gələn turistlər imkanlarından çıxış edərək qalmaq üçün otel və yaxud kirayə evləri seçəcəklər”. 
Rüfət NADİROĞLU