Azərbaycana böyük pullar gətirəcək mühüm layihə

4 Aprel 2017 09:00 (UTC+04:00)

İran və Azərbaycan yaxın zamanlarda Rəşt-Astara dəmiryolunun tikintisinə başlayacaq. Bunu İran prezidenti Həsən Ruhani bildirib. Prezident həmçinin qeyd edib ki, bir neçə gün əvvəl Moskvaya səfəri zamanı Rusiya rəsmiləri ilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsini müzakirə edib. 

İqtisadçıekspert Natiq Cəfərli bildirdi ki, Rəşt-Astara dəmiryolu və “Şimal-Cənub” nəqliyyat dəhlizi İranla Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına şərait yaradacaq: “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsilə İran körfəzindən keçməklə Asiyadan gələn yüklərin daha qısa marşurut üzrə Avropaya, hətta Finlandiyaya qədər çatdırılması nəzərdə tutulur. Əsas hədəfi Asiyadan Avropaya və əksinə daşınan yüklərin “Şimal-Cənub” dəhlizindən istifadə edərək keçməsi yolu ilə sifarişçilərə çatdırılması bu mənada ölkəmiz üçün də önəmli bir gəlir mənbəyi olacaq. Bunun üçün də rahat və cəlbedici olan koridor və tariflər müəyyənləşdirilməlidir. Bununla bağlı da bildiyim qədər müəyyən danışıq və işlər aparılır ki, Rusiya-Azərbaycan və İran tərəfdən tariflər cəlbedici olsun. Çünki vaxt etibarı ilə gəmilərin Asiyadan Avropaya çatması daha çox zaman alır, təxminən 28-32 gün bu gəmilər mənzil başına çatır. Amma Fars körfəzinə daxil olan gəmilərdəki yüklərin İran və Azərbaycan ərazisindən keçməklə dəmiryolu vasitəsilə Şimali Avropaya çatdırılması təxminən 15 gün çəkə bilər. Belədə həmin marşurutla yolun uzunluğu iki dəfəyə qədər azala bilər. Bu da  sifarişi daha tez almaqda və dövriyyəni daha da sürətləndirməkdə maraqlı olan şirkətlər üçün cəlbedici ola bilər. Ona görə də əsas məsələ yaşıl koridorların yaradılmasından keçir ki, sərhədlərdə vaxt baxımından çox ləngimələr olmasın. Həmçinin cəlbedici tarif siyasəti olmalıdır. Bu iki addımın həyata keçməsi fonunda sözügedən dəhliz və dəmir yolunun işə düşməsilə Azərbaycan ilkin mərhələdə o qədər də böyük məbləğ olmasa da, marşurutdan istifadənin artması və yük dövriyyəsinin çoxalması ilə nəzərə çarpacaq dərəcədə gəlir götürmək imkanı qazanacaq. 
Təbii ki, proses həm də Azərbaycan-İran əlaqələri, ticarət dövriyyəsinin də artmasına, razılaşmaların daha uzun başa gəlməsinə səbəb olacaq. Çünki dəmiryolu dənizçilikdən sonra ən ucuz nəqliyyat vasitələrindən biridir. Ona görə də iki ölkə arasında, həm də Avropanın şimal hissəsi ilə Uzaq Şərq ölkələrinin ticarət dövriyyəsində bu layihələr mühüm zəncir rolunu oynayacaq. Bunun üçün də çalışmaq lazımdır. Belədə sözügedən layihələr maraqlı və cəlbedici layihələrdən birinə çevrilə bilər”.
Rüfət NADİROĞLU