İlk prezidentin son arzusu vəziyyətdən çıxış yoludur

4 Aprel 2017 09:50 (UTC+04:00)

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın işğal olunmuş Azərbaycan torpaqlarının təcili qaytarılması ilə bağlı təklifi ermənilər tərəfindən ciddi şəkildə dəstəklənir, övladlarının Qarabağda ölməsinə qarşı olan erməni valideynlərlə yanaşı, bir sıra siyasətçi və ictimai xadimlər də Ter-Petrosyanın çağırışına qoşulub. İrəvan Dövlət Universitetinin rektoru Aram Simonyan bütün erməniləri Ter-Petrosyanın Qarabağ təklifinə qoşulmağa çağırıb. O, bu təklifin münaqişənin həll olunmasında ən düzgün variant olduğunu qeyd edib: “Onun təklifi münaqişənin həlli üçün ən yaxşı variantdır, biz ölkənin gələcəyi üçün buna qoşulmalıyıq. Bundan yaxşı variant yoxdur”. 

Ter-Petrosyanın erməni cəmiyyətinə ünvanladığı təkliflərdə Dağlıq Qarabağ münaqişəsinin təcili həllinin vacibliyi vurğulanır və qeyd edilir ki, “nə qədər gec deyil Ermənistanın inkişafı üçün münaqişə həll edilməlidir. Geciksək, nəticə bizim üçün daha pis olacaq”. Onun fikrincə, “ərazilər könüllü qaytarılmasa, bunu sanksiyalarla həyata keçirəcəklər”. 
Təkliflər rasionaldır və real əsaslar üzərində düşünülüb. Lakin bu, bir siyasətçiniun yaxud ictimai təşkilatın çıxardığı nəticə, ölkənin gələcəyinə praqmatik baxışların toplusudur. Keçmiş president kimi Ter-Petrosyan Ermənistanın daxili və xarici siyasət konturlarına yaxşı bələddir və bilir ki, kənar təsirlər daha çox ölkəni hansı istiqamətə sürükləyir. Başqa bir məsələ bu siyasətçinin keçmiş qapalı sovet şinelindən yox, daha sərbəst davranış kodeksinə malik xarici ölkənin müstəqil düşüncə şinelindən çıxmasıdır. Buna görə də o rəhbər kimi şəxsi mülahizələrini həmişə açıq və qərəzsiz ifadə edib. Terror nəticəsində vəzifəsini itirməyi də bu xüsusiyyətlərinə görə baş verib. 
Ermənistanın ağır iqtisadi durumu hazırda bütün erməniləri narahat edir. Amma vəziyyətdən ağıllı çıxış yolunu çox az erməni düzgün qavrayır və dilə gətirir. Ter-Petrosyanın təklifləri isə tək ağlın məhsulu deyil. Sadəcə, Ermənistan işğalçılıq siyasəti ilə özünü elə bir bataqlığa salıb ki, artıq siyasətdən az-çox başı çıxanlar bilirlər ki, ölkənin dirçəlişi yalnız Azərbaycanla sülh bağlamaqdan keçir. Azərbaycanın isə bir şərti və qətiyyətli niyyəti var: erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılsın, azərbaycanlılar əzəli torpaqlarına yiyə dursunlar. Əks təqdirdə, biz torpaqlarımızı zor gücünə qaytaracağaıq.  Amma burada incə bir məsələ də var. Əgər, ermənilər ağıl-başla ərazilərimizdən çıxıb getsələr, Dağlıq Qarabağda yaşayan əhalinin sıralarında ermənilərin çoxluğunu nəzərə alaraq həmin əraziyə geniş muxtariyyət veriləcək. Yox, əgər torpaqlar silah gücünə azad edilsə, onda ermənilər bundan da məhrum ola bilərlər. 
Məsələ burasındadır ki, Qarabağın yerli erməniləri azərbaycanlılarla birgə yaşamalarından şikayətçi deyillər. Onlara bu ideyanı xaricdən gələn ermənilər silah gücünə sırıyıb və torpağı qəsb ediblər. Sülh çağırışına elliklə qoşulan ermənilərin əksəriyyəti Qarabağ erməniləridir. Onların Ermənistana qoşulmaq fikirləri yoxdur. Bu adamların arzusu əvvəllər olduğu kimi firavan həyat sürməkdir. Buna görə də həm Azərbaycanın, həm də mütərəqqi fikirli ermənilərin sülh təkliflərini dəstəkləyirlər. İşə mane olan Ermənistanın hazırkı S.Sarkisyan hökuməti və onun xarici havadarlarıdır. 
Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində hakim partiyanın yenidən qalib gəlməsi sülh çağırışlarının zəifləməsi deməkdir. Belə getsə, bu ölkədə siyasi və iqtisadi qarşıdurmanın güclənməsi gözlənilir. Torpaqlarını azad etməyi qətiyyətlə tələb edən Azərbaycanın döyüş tonqallarını yandırması söhbətinin də daha böyük ciddiliklə gündəmə gəlməsi məntiqi olacaq.

N.NOVRUZ