Plastik cərrahiyə keçirən kişilər bunu bacarmır

4 Aprel 2017 10:11 (UTC+04:00)

Çoxumuzun başına gəlmiş olar: Şekspirin “Romeo və Cülyetta”sı kimi bir baxışdan aşiq olduğumuza inanmışıq. Yəni göz görür, könül sevir. Amma başqa bir qələm adamı Patrik Züskind isə iddia edir ki, insan burnu ilə sevir. Yazıçı bu qənaətə məşhur “Ətriyyatçı” əsərində təkcə təxəyyülü ilə deyil, həm də araşdırmaları ilə gəlib.
Movqe.az  publika.az-a istinadən xəbər verir ki, o, bu əsəri ərsəyə gətirmək üçün ətriyyat mərkəzi sayılan Fransanın Qrass şəhərində iki il yaşayıb. Üstəlik kimyaçılar və əttarlardan da məsləhətlər alıb. Göründüyü kimi, yazıçının zəhməti boşa getməyib: həm əsəri bestseller olub, ekranlaşdırılıb, həm də alimlər də Şekspiri bir kənara qoyub Züskində tərəfkeş çıxıblar.
Belə məlum olub ki, əslində bir baxışdan deyil, bir qoxlamadan insan aşiq ola bilərmiş. Demə insanın “ikinci burnu” da varmış. Həmin burun “vomer” adlanır. O, burnun ucuna yaxın - daxili arakəsmədə yerləşir. İki kiçik “cibcikdən” ibarət olan vomerin öz vəziləri, sinirləri və beyində öz mərkəzi var. Bu burunun işi yalnız qarşı cinsin qoxusunu almaqdır. Yəni həmin burunu məişət, kosmetik və ya digər qoxularda “işlətmək” olmur. Həm də onun fəaliyyəti insanın iradəsi xaricində baş verir. İnsan əks cinsi görən kimi həmin burun işə düşür, qoxunu beyinə ötürür, əgər iy beyinin xoşuna gələrsə, deməli, ilk baxışdan eşq baş tutur. Göz isə xarici görüntünü qiymətləndirir və qarşısındakı barədə daha ətraflı məlumatı beyinə ötürür.
Qeyd edək ki, indiyədək yalnız heyvan və həşəratların qoxu vasitəsilə bir-birinə meyl saldığı deyilirdi. Hətta belə bir türk atalar sözü də var: “Heyvanlar qoxlaşa-qoxlaşa, insanlar anlaşa-anlaşa”. Arılar isə cütləşmə dövründə məhz qoxu vasitəsilə qarşısındakının “ata” və ya “qardaş” olmadığını dəqiqləşdirirlər.
Heyvan və insanların cinsəl qoxusuna feremonlar deyilir. Amma bu qoxu quşlarda olmur. Özü də iybilmə qabiliyyəti kişilərdə daha çox inkişaf edib. Lakin plastik cərrahiyyə etdirən kişilərdə vomer götürülə bilər. Ona görə də çox zaman əməliyyat keçirmiş kişilər bu unikal qabiliyyətdən yararlana bilmirlər.
Məlumdur ki, hər bir insanın öz fərdi qoxusu var. Alimlərin fikrincə, insan qoxusu onun genlərindən, dərisinin növündən, saçlarının rəngindən, habelə temperamentindən asılıdır. Adətən hesab edilir ki, insanın iyi onun tərinin iyidir. Lakin bu, belə deyil, çünki tərin özünün heç bir iyi yoxdur. İnsan hətta 2-3 həftə çimməsə də, ondan gələn iy tər iyi deyil, bu, onun bədənindəki mikroorqanizmlərin iyidir. İnsanın həqiqi iyini qoltuq altında, döşlərin arasında və qasıqda yerləşən tər vəziləri ifraz edir.