Atalar doğru deyib: “İgid ölər, adı qalar”. Düz bir ildir ki, qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazan aprel şəhidlərindən biri, Emin Bağırov bu küçədə yaşamasa da, doğulub boya-başa çatdığı məhəllə artıq onun adı ilə tanınır. “Hansı küçəni soruşursuz, şəhid Emin Bağırovun məhləsini?” deyə gəlib-gedənlərə yol göstərən yeniyetmələr, “Dağlılar” məhəlləsi kimi tanınan bu ünvanı artıq şəhidin adı ilə çağırırlar. Vaxtı ilə Binəqədi qəsəbəsində Emin Bağırovun ayaqyalın, başıaçıq qaçıb-oynadığı bu məhəllə rəsmən onun adını daşımasa da, hər kəs bu ünvanı artıq şəhidin küçəsi kimi tanıyır. Deyəsən bircə qalıb bu küçənin şəhid Emin Bağırovun adına rəsmiləşdirilməsi.
Şəhidin adı ilə tanınan məhəllə...
Elə anası Sədaqət Bağırova, nənəsi Xanımzadə nənə də bu arzu ilə yaşayır. Deyirlər onsuz da Emin şəhidlik zirvəsinə yüksələndən hamı küçəni Eminin adı ilə çağırır. Xanımzadə nənə ilə söhbətə də elə küçənin Eminin adı ilə çağrılmasından körpü salırıq. Xanımzadə nənə deyir ki, ölməmiş küçənin Emin Bağırovun adını daşıdığını görmək arzusundadır: “Bəlkədə bu küçənin Eminin adını daşıması bizə bir təsəlli olar. Sağ olsunlar, Binəqədi rayon icra başçısı, qəsəbəmizin bələdiyyəsi Aytac xanım bizimlə tez-tez maraqlanırlar. Bayramı da bələdiyyə sədrimiz bizimlə keçirir. Elə oxuduğu 182 saylı məktəbin direktoru Zinyət Tağıyeva, müəllimələr də bizi unutmurlar. Deputatımız Madər müəllim öz oğlu ilə gəlib bizə baş çəkir. Mənəvi dəstək bizə çox vacibdir. Amma küçəmiz Eminin adını daşısa qəlbimiz bir az da fərəhlənər”.
Ağbirçəklə söhbət zamanı öyrənirik ki, Eminsiz günlər onların üzündən gülüşlərini, sevinclərini almaqla yanaşı şəhid qəhrəmanımızın babası 77 yaşlı Vəzirxan kişini də yorğan-döşəyə salıb: “Eminsiz günlər hamımız üçün çətindir. Onu bu evdən son mənzilə yola salandan sevincimiz də onunla birgə dəfn olundu sanki. Emin bu evin sevinci, şənliyi-şuxluğu idi. Evə gəlişi ilə elə bil özü ilə sevinc gətirirdi. Həyat dolu igid idi mənim balam. Ən qəmgin anımızda da üzümüzü güldürürdü. Babası onun yoxluğuna dözə bilmədi. Emin şəhid olandan sonra yorğan-döşəyə düşdü. O vaxtdan danışa bilmir. Həkim xərçəng xəstəliyi diaqnozu qoyub. Emin şəhid olandan deyirdi ki, mən yaşaya bilmərəm onsuz. Ömrünə sayılı günlər qalıb. Hərdən ona, xəstə vəziyyətinə də həsəd aparıram. Eminə qovuşmaq bizdən tez ona nəsib olacaq deyəsən... Tək təsəllimiz Eminin Vətən yolunda şəhid olmasıdır. Bizə yeganə təsəlli verən məqam da budur. Onun şəhid Emin adı...”.
Şəhid anası: “Mənə deyir ki, o dünyada ən yüksək qiymətimi almışam”
Oğul itkisinin acısını bu yükü çiynində daşıyanlar bilər, deyirlər... Sədaqət xanımın gözlərindən onun bu bir ildə nələr yaşadığını, hansı hisləri keçirdiyini oxumaq elə də çətin deyildi. Emin şəhid olandan qaraya bürünən anası Sədaqət xanım, evin sonbeşiyi olan oğlu ilə yuxularda görüşdüyünü söyləyir: “Eminin yoxluğu bizim əlimizdən hər şeyimizi, sevincimizi, şənliyimizi aldı. Ondan sonra güldüyüm, sevinib şənləndiyim gün olmayıb. O günlərin hamısı Eminlə birgə uçub getdi sanki... Emini yuxuda görən gün sevinirəm bircə. O da gəlib tez gedir. Ara-sıra yuxularıma girir. Əvvəlki kimidir görürəm, heç dəyişməyib. Yenə üzü gülər, həyat dolu gənc kimi. Mənə deyir ki, o dünyada ən yüksək qiymətimi almışam. Elə mənə də təsəlli verən onun Vətən yolunda şəhid olmasıdır. Emin Vətənini mənim qədər sevirdi. Hərbi xidmətdə olanda deyirdim ki, ehtiyatlı ol, sənə bir şey olsa yaşaya bilmərəm, özünü qoru. Cavab verirdi ki, mən burda səni qoruyuram. Bax elə belə deyirdi ki, mənim üçün Vətən sənin qədər əzizdir. Səni necə sevirəm, Vətəni də elə sevəcəm”.
“Mənə zəng etdi ki, “ay ana bağışla...”
Sədaqət xanım Eminin ailəcanlı olduğunu, kiminsə qəlbinə toxunanda, bunu özünə bağışlamadığını belə xatırlayır: “Eminin and içmə mərasiminə mən də getmək istəyirdim. Amma Emin razı olmurdu. Əsgərə yeni getsə də, elə bil əkə-bükə kişi idi. Deyirdi istəmirəm gələsən. Sonra görüb ki, and içmə mərasiminə analar da gəlirlər. Mənə zəng etdi ki, “ay ana bağışla sənə razı olmadım gələsən. Amma burda görüdüm ki, analar da gəlirmiş”. Mənim ora getməyimə razı olmasa da, orada əsgər analarını görəndən sonra üzülmüşdü bu hərəkətinə...”.
Kəşfiyyatçı olmağı könüllü seçən qəhrəman!
Xanımzadə nənə isə Eminin and içmə mərasimində tankın altından çıxdığından, atasının belə Emini tanımadığından qürurla danışır: “And içmə mərasiminə gedəndə atasının gözü Emini axtarıb. Amma tapa bilməyib. Bir də görüb ki, Emin tankın altından üzü boyalı şəkildə çıxıb. Sən demə Emin xüsusi təyinatlı bölükdə xidmət edirmiş. Özü yazılıb o bölüyə ki, kəşfiyyatçı olsun. Boyuna-buxununa heç ölüm yaraşmırdı. İdmançı idi mənim balam. Bəlkə də allah da ona sıradan bir ölümü yaraşdırmadığı üçün şəhidlik zirvəsinə ucaltdı”.
Eminin kiçik əmisi Abdulla isə deyir ki, uşaqlıqdan cəsarətli, döyüşkən ruh vardı Emində: “Kikboks idman növü ilə məşğul olurdu. Çalışırdı bütün yarışlara qatılsın. Yarışlardan da əliboş geri dönmürdü. Medal, diploma gətirirdi. Ürəyi Vətən eşqi ilə çırpınırdı. Sözü o idi ki, şəhid olacam. Evə məzuniyyətə gələndə deyirdim ki, Emin kəşfiyyatçı olmaq elə də asan deyil. Amma o heç nədən qorxmurdu. Elə döyüşdə də qorxmayıb. Əsgər yoldaşları deyir ki, Emin kükrəyərək düşmənin üzərinə yeriyib. 10-dan çox ermənini məhv edib. Əsgər yoldaşları deyir ki, komandiri sonuncu döyüşə Eminin də getməsinə icazə verməyib. Amma Emin yenə sinəsini irəli verib. Əsgərdəki dostlarının sözlərinə görə, Emin səhərə qədər yoldaşlarının silahını, çəkmələrini təmizləyib ki, komandir onun növbəti döyüşə girməsinə razılıq versin. Axır ki, komandirini razı salıb. Onların dediyinə görə, komandiri Eminə həm də ona görə, növbəti döyüşə girməsinə icazə verməyib ki, onun həqiqi hərbi xidməti başa vurmasına iki gün qalıb. Amma Emin razı olmayıb. Deyib ki, mütləq döyüşdə şəhid olan əsgər yoldaşlarının intiqamını almalıdır. Hər dəfə hücuma keçəndə Emin qəhrəmancasına döyüşüb. Yoldaşları deyir ki, Emin sonuncu dəfə vurulan komandirinə yardım etmək, onu döyüş bölgəsindən çıxartmaq üçün özünü "güllə yağışı"nın altına atıb. Komandirini xilas etsə də, özü naqis gülləsindən yayına bilməyib… Arzuladığı şəhidlik zirvəsinə yüksəlib. Əsgər yoldaşlarının dediyinə görə, elə yüksəkliyə bir neçə addım qalmış, "Lələ təpə"nin başına çatmağa az qalmış Emin qəhrəmancasına həlak olub".
Burada söhbətə qoşulan Xanımzadə nənə Eminin özündən çox əsgər yoldaşlarını fikirləşdiyini söyləyir. Onun sözlərinə görə, Emin Nicat adlı əsgər yoldaşının yerinə döyüşə getmək üçün komandirdən xahiş edib: “Emini sonuncu döyüşə aparmırmışlar. Əsgər yoldaşı Nicatın adını çəkiblər. Emin sinəsini irəli verib ki, Nicat evin tək oğludur. Bizə danışırlar ki, Emin komandirə deyib ki, mənim evdə iki qardaşım var, Emin isə təkdir. Sonra necə olubsa döyüş tapşırığına həm Nicat, həm də Emin gedib. Nicat ağlaya-ağlaya danışır bunları bizə. O döyüşdə Emin həlak olsa da, Nicat yaralanıb. Döyüşçülər arasında ən aşağı yaşlısı Eminim olub. Amma balaca ürəyndə böyük bir Vətən sevgisi daşıyıb”.
“Qucağıma gəldi, məni qucaqladı, sonra çıxıb getdi...”
Atası İmran Bağırovla söhbətləşmək isə elə də asan olmadı. Bu gün hər kəs, bütün kənd Eminin atası İmran kişinin başına yığışmışdı. Eminin doğulub böyüdüyü bu küçədə üçrəngli bayraqlar dalğalanırdı. Küçədə qurulan iki böyük çadır səhərdən dolub-boşalırdı. Eminin atası şəhid oğluna verilən bu dəyərə görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova, qəsəbə bələdiyyə sədri Aytac Əliyevaya, icra nümayəndəsinə minnətdarlığını bildirdi: “Sağ olsunlar bizi tək qoymurlar. Hər bayram qapımızı döyürlər. Bu gün də həmişəki kimi yanımızdadırlar. Emin Vətən uğrunda canını qurban verdi. Əlbəttə oğul itkisi ağırdır. Bizə təsəlli verən də ancaq onun bu uca zirvəyə yüksəlməsidir. Eminin xidmət etdiyi hərbi hissəyə getmişdim. Onun xidmət etdiyi taborda adını şüşə guşəyə həkk ediblər. Eminin adına ağac əkiblər. Bunları görəndə qəlbim dağa dönür”.
Atası bir ildə Emini ancaq bir dəfə yuxuda gördüyünü söyləyir: “Emini dəfn edən gün yuxuda gördüm. Qucağıma gəldi, məni qucaqladı, sonra çıxıb getdi. Bu onunla son görüşüm oldu...”.
Beləcə qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazan aprel şəhidlərindən biri, Emin Bağırovun o uca zirvəyə ucaldığı gündən bir il ötdü. Biz isə bu bir ilin, hətta illərin, qərinələrin belə, qəhrəmanları unutdurmadığına, xalqın qəlbində özlərinə uculmaz taxt qurduğuna bir daha əmin olduq. Allah rəhmət eləsin!
Zülfiyyə QULUYEVA