Azərbaycana gələn əcnəbilərin sayı artır. Xüsusən də qarşıdan gələn yay aylarında ölkəmizə daha çox turistin gələcəyi gözlənilir. Bu fonda aktuallaşan məsələlərdən biri bankların istirahət günlərində valyuta mübadiləsinin həyata keçrilməsidir. İndiki halda isə banklar da istirahət günləri fəaliyyətlərini dayandırırlar. Hansı ki, bu fonda həmin günlərdə ölkəmizə gələn turistlər lazım olan anda valyuta mübadiləsini həyata keçirə bilmirlər. Yaşanan bu problemin həlli üçün isə valyutadəyişmə məntəqələrinin bərpası təklif olunur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov valyutadəyişmə məntəqələrinin bərpasının vacib olduğunu bildirdi: “Valyutadəyişmə məntəqələrinin bağlanması fonunda gördük ki, bəzi hallarda müştərilər özləri istəməsələr də belə “qara bazar”ın iştirakçısına çevrilirdilər. Nəticədə isə onlar aldadılırdılar. Ümumiyyətlə götürdükdə. yaranmış situasiyada sadəcə, turizm sektorunun inkişafından söhbət gedirsə, valyuta konvertasiya imkanlarının artırılmasına ehtiyac vardır. Bu da bütövlükdə götürdükdə turistlərin qaldığı, daha çox üz tutduqları yerlərdə valyuta dəyişmək üçün normal şəraitin yaradılmasına zərurətin olduğunu deməyə əsas verir. Bu baxımdan da uzunmüddıtli bayram günlərində bankların 24 saat fəaliyyət göstərməsilə bağlı qərarlar qəbul edildi. Amma bu hal təbii ki, davamlı olaraq müşahidə olunmur.
Eyni zamanda, bir sıra hallarda bankların yerləşdiyi coğrafi ərazi heç də turistlər üçün uğurlu olmur. Bunun özü də valyutadəyişmə məntəqələrinin yenidən açılmasına bir tələb formalaşdırır. Düşünürəm ki, valyutadəyişmə məntəqələri üzrə lisenziyaların yenidən verilməsi və onların fəaliyyətinin müəyyən şərtlər daxilində tənzimlənməsi mümkündür. Amma ümumiyyətlə götürdükdə, banklara valyutadəyişmə məntəqələrini bərpa etmək üçün şəraitin yaradılması son nəticədə valyutaya əlçatanlığın artırılması ilə paralel olaraq, bəzi hallarda, xüsusən də məzənnə ilə bağlı tərəddüdlərin müşahidə edildiyi dövrlərdə panikanın həcminin müəyyən dərəcədə azalmasına səbəb ola bilər. İndilikdə bir sıra hallarda müşahidə edirik ki, bankların valyuta bazarlarında əsas tərəf olması son nəticədə onların birlikdə konsensus əsasda davranışlar nümayiş etdirməsinə, spekulyativ məzənnə müəyyənləşdirməsinə şərait yaradır. Amma valyutadəyişmə məntəqələrinin çoxluğu rəqabət mühitinə, eyni zamanda bu istiqamətdə tətbiq edilən marjanın həcminin aşağı düşməsinə, turistlər üçün rahat formada valyutanı konvertasiya etməyə, onların xərcləmələrinin həcminin artmasına, ümumiyyətlə götürdükdə, bu sahədə bir sıra mühüm texniki problemlərin həllinə müsbət təsir göstərə bilər”.
«Kapital Menecment» İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli də valyutadəyişmə məntəqələrinin bərpasının vacib olduğunu söylədi: “Azərbaycanda valyutadəyişmə məntəqələrinin bağlanması valyutanın bazar qiymətinin daha real şəkildə formalaşmasına da kömək etmir. Tam əksinə olaraq, vaxtilə atılan bu addım “qara bazar”ın yaranmasına rəvac verdi. Ona görə də qənaətimcə, valyutadəyişmə məntəqələrinin fəaliyyəti yenidən bərpa olunmalıdır. Vətəndaş, xarici turist istənilən yerdə və istənilən anda daha rahat şəkildə valyuta alqı-satqını həyata keçirə bilməlidir. Prosesin valyutadəyişmə məntəqələrinin bağlanması yolu ilə müəyyən qədər məhdudlaşdırılması isə əslində, sui-istifadə hallarına yol açır. Ona görə də valyutadəyişmə məntəqələrinin bağlanmasının prosesə müsbət təsir etmədiyini bu dövr ərzində müşahidə etdik. Düzdür, bankların bəzi filiallarının bayram günlərində açıq qalması tələbləri var. Amma bununla belə valyutadəyişmə məntəqələrinin bərpası işin gedişinə daha artıq dərəcədə müsbət təsir göstərəcək”.
Rüfət NADİROĞLU