Əmi ilə qardaşı qızının kəbinini kəsən mollaya hansı cəza veriləcək? Açıqlama

5 Aprel 2017 12:35 (UTC+04:00)

Gəncədə 3 uşaq atası 26 yaşlı Həsən Səfərovun  qardaşının 23 yaşlı qızını qaçıraraq, onunla dini nikah bağlaması cəmiyyətdə böyük rezonans yaradıb. Əminin öz qardaşı qızı ilə ailə münasibətində yaşaması ictimaiyyətin sərt qınağına səbəb olub. Qeyd edək ki, bu cür olayların cəmiyyətimiz üçün normal sayılmamasının kökündə çoxəsrlik ailə və mental dəyərlərimiz durur. Azərbaycanda əmi hər zaman ata əvəzi hesab olunub. Əminin öz qardaşının övladına el dili ilə desək “pis gözlə” baxması qeyrətsizlik, namussuzluq kimi qiymətləndirilib. Amma qeyd edək ki, son illər buna bənzər hadisələrə tez-tez rast gəlinir. Atanın belə öz övladına təcavüz etməsi, övladın atadan hamilə qalması kimi olaylarla, qaynatanın gəlininə təcavüz etməsi kimi hadisələrlə tez-tez rastlaşırıq. Ötən il Cəlilabadın Məmmədrzalı kənd sakini, 15 yaşlı Aynurə Nağıyevanın öz bacısının həyat yoldaşı, rayonun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Ələmdar Məmmədovla birlikdə qaçması da ictimaiyyətdə böyük səs-küyə səbəb olmuşdu. Bəs görəsən mühafizəkarlığı, əxlaqi dəyərləri ilə hər zaman örnək göstərilən ailə  modelimizin aşınmasının kökündə hansı səbəblər durur? 
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Movqe.az-a açıqlamasında bu cür olayların baş verməsini, cəmiyyətdə nadanlığın artması, cahilliyin olması ilə əlaqələndirib: “Milli mənəvi dəyərlərimiz artıq xeyli müddətdir ki, aşınıb. Bu proses davam edir. Bu üzə çıxan detallardır. Çoxlu sayda belə hadisələr var ki, gizli qalıb, üzə çıxmayıb. Bu nadanlıqla, cahilliklə bağlı olan məsələlərdir. Cəmiyyətdə nadanlıq artanda bu cür olaylar baş verir. Uzun müddətdir ki, Azərbaycanda milli mental dəyərlərin deqrodasiyaya uğraması prosesinin gedişatı bizi elə bu cür olaylara aparırdı”.
Deputat deyir ki, əminin qardaşı qızı ilə izdivacına dini kəbin kəsənlər saxta dindarlardır: “Azərbaycanda dindarların böyük əksəriyyəti saxta dindardır. Üzlərini Mirmövsüm Ağanın və diər ziyarətlərinə sürtməklə məşğuldurlar. Bu cür olayların baş verməsinin bir səbəbi də dinszilikdir. Din olduğu kimi təbliğ olunmur. Bir qrup İranın təsiri altında cahil dindar kimi yetişir, digər qism isə İŞİD kimi təşkilatların təsirinə düşür. Gerçək din anlayışı yoxdur. Qurani Kərimi belə imam rəvayətləri ilə doldurmaqla məşğuldurlar. Azərbaycanda baş verən bu cür olaylar, İranda baş verənlərin bənzəridir. Cahillik yayıldıqca, cəmiyyətdə nadanların da sayı artır. Bu da bu cür olaylara gətirib çıxardır”. 
“Təmiz  Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu olayın artıq azad sevgi, azad cinsi münasibətlər müstəvisindən çıxdığını söyləyir: “Məlumatdan da görünür ki, əmi ilə qardaşı qızının münasibətlərinı dini kəbinlə dəstək verilib. İlk növbədə araşdırılmalıdır ki, rəsmi nikah olmadan bu kəbini kim kəsib? Acı da olsa həqiqətdir ki, əksər hallarda cəmiyyətdə baş verən bəlalara, biabırçılıqlara imza atanlar elə dıqrnaqarası din adamlarıdır. Bu gün erkən nikahları araşdıranda görürsən ki, ortada rəsmi nikah yoxdur, amma dini nikah, yəni kəbin kəsilib. Belə məlum olur ki, 13-14 yaşlı qızların özündən 10 yaş böyük kişi ilə ailə qurmasına ilk növbədə elə dindarlar şərait yaradır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə xəbərdarlıq edib ki, rəsmi nikah olmadan dini kəbin kəsilə bilməz. Bu hadisə artıq “inçest”olaydır. Çox təəssüf ki, biz allah adamlarından, dindarlardan dəyərlər sistemimizi qorumağı gözlədiyimiz halda, onlar bizim  dəyərlər sistemini məhv edirlər”.
M. Zeynalova bu cür olaylara pul qarşılığında göz yuman mollalara ictimai təpgi, qınaq olmasını zəruri sayır: “Fikrimcə, ictimaiyyət belə olaylara şərait yaradanlara kəskin reaksiya verməlidir. Əlbəttə, buna görə qanunla cəza yoxdur. Amma ictimai qınaq özü böyük cəzadır. Ailə dəyərlər sistemimizi pozan dindarlar aşkarlanmalı, onlar cəmiyyətin qınağı ilə cəzalandırılmalıdır. Əks halda sabah belələri qardaşla-bacının, ata ilə övladın belə kəbini kəsməkdən çəkinməyəcək”.  
M. Zeynalovanın sözlərinə görə, ailə dəyərlərinin aşınması prosesi çoxdan başlayıb: “Bunun qarşısını almaq üçün işlərə başlanılmalıdır”. 
İlahiyyatçı alim Elşad Miri deyir isə deyir ki, ümumiyyətlə islamda dini nikah yoxdur: “Nikahın dini, qeyri-dinisi olmur. Bugünkü "dini nikah"da tərəflərin, xüsusilə də qadının haqqı qorunmur. Nikah əqddir. Əqd müqavilədir. Əminin öz qardaşı qızı ilə nikaha girməsinə gəldikdə isə ilahiyyatçı deyir ki, qohum evliliyi geniş məfhumdur: "Konkret olaraq bir qız əmisinə ərə gedə bilməz. Bunu Quranı Kərimdə Nisa 4/23 konkret olaraq açıqlayır. Ayədə deyilir: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan ögey qızları,-yox, əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir,-öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir".

Ailə, Qadln və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə Movqe.az-a bildirdilər ki, konkret bu fakt üzrə, yəni əminin öz qardaşı qızını qaçırtması ilə bağlı heç bir açıqlama vermək düzgün deyil: “Hələki bilinmir ki, bu məlumat həqiqətəuyğundur, yoxsa yalan. Ona görə də, bu məsələ Komitə tərəfindən araşdırılır. Yalnız araşdırıldıqdan sonra, bu olayın həqiqətən də baş verib-vermədiyi üzə çıxarıldıqdan sonra bir fikir söyləmək olar”. 

Zülfiyyə QULUYEVA