Komitədən qardaşı qızını qaçıran əmi ilə bağlı-AÇIQLAMA

5 Aprel 2017 14:53 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncədə baş verən hadisə ilə bağlı Movqe.az-a açıqlama verib. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Movqe.az-a açıqlamasında bildirib ki, qan qohumlarının izdivacı dəstəklənmir: "O ki, qaldı ölkədə geniş səs-küyə səbəb olan hadisəyə, əminin öz qardaşı qızını qaçırması əlbəttə çox iyrənc hadisədir. Bu, bizim ailə dəyərlərimizə zidd bir olaydır. Azərbaycan ailələri öz ailə dəyərlərini qoruyub, gələcək nəsillərə ötürür. Azərbaycanda bu gün örnək olan uzunömürlü ailələr var. Amma informasiya texnologiyalarının ailələrə mənfi təsirləri var. Bu da dəyərlərin dəyişməsinə gətirib çıxardır".

A. Veysəlova bu cür olaylara ictimai qınağın yaranmasının da vacib olduğunu söyləyir: "Biz bu cür izdivaclara din xadimlərinin dəstək verməsinə inanmırıq. Hansı din xadimi bu cür anormal münasibətə dəstək verərək dini kəbin kəsə bilər? Komitə ailələrdə əxlaqi dəyərlərin pozulmasına qarşı həmişə iş aparır".  

A. Veysəlova deyib ki, Gəncədə 3 uşaq atası 26 yaşlı Həsən Səfərovun  qardaşının 23 yaşlı qızını qaçıraraq, onunla dini nikah bağlaması məsələsi hazırda Komitə tərəfindən araşdırılır. 

Zülfiyyə QULUYEVA