Ermənistanda yeni daxili qarşıdurma başlanır

6 Aprel 2017 09:40 (UTC+04:00)

Aprelin 2-də Ermənistanda qeyri-legitim parlament seçilib. Bu sözləri “Ohanyan-Raffi-Oskanyan” blokunun seçkiqabağı qərargahının rəhbəri, “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib.  O bildirib ki, bütün hallarda fəaliyyətlərini davam etdirəcəklər: "Hazırda ölkədə nə dövlət maraqlarını müdafiə edə, nə Dağlıq Qarabağ məsələsində irəliləyişə nail ola, nə də iqtisadi sahədə islahatlar həyata keçirə biləcək qanunsuz formalaşmış hakimiyyət var. Əsas siyasi proseslər parlamentdən kənarda qalıb. Biz hazırda yenidən formalaşma prosesinə başlamışıq. Bloka daxil olan qüvvələr arasında əməkdaşlıq da birmənalı olaraq davam etdiriləcək”. Müxalifət bununla geri çəkilmək niyyətində olmadığını göstərir. Belə vəziyyətdə erməni iqtidarı və müxalifəti arasında ziddiyyətlərin dərinləşməsi nə vəd edir? Bu, Ermənistanda yeni daxili qarşıdurmanı şərtləndirə bilərmi? 

Qeyd edək ki, Ermənistanda keçirilən bu dəfəki parlament seçkiləri də kütləvi saxtakarlıqlarla müşayiət olunub. Bunu təkcə Ermənistan müxalifəti deyil, prosesi müşahidə edən bir çox xarici müşahidəçilər də bildirirlər. Saxtalaşdırılmış bu seçkilər nəticəsində Serj Sarkisyanın Qarabağ klanı mövqeyini bir qədər də möhkəmləndirib. Onu da qeyd edək ki, əvvəlki dövrlərdə baş tutan seçkilərdə Sarkisyana kəskin müxalifətdə olan qüvələr az miqdarda olsalar da, parlamentdə təmsil oluna bilirdilər. Budəfəki seçkilərdə isə nə keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi qüvvələr, nə də «Ohanyan-Raffi-Oskanyan» bloku parlametdə yer ala bilmədi. Halbuki, seçkilər ərəfəsi keçirilən tədbirlər həmin qüvvələrin arxasında ciddi dayaqların olmasından xəbər verirdi. Həmçinin erməni diasporu arasında da müxalifətə dəstək verənlərin sayı çox idi. Lakin buna baxmayaraq, Sarkisyan ənənəsinə sadiq qalaraq yenə də seçkiləri saxtalaşdırmaqla partiyasının parlamentdə çoxluq əldə etməsinə nail oldu. Ermənistanda ötən seçkilər göstərdi ki, prosesin saxtalaşdırılması kəskin daxili qarşıdurmalara yol açır. Ermənistanın son 25 illlik tarixində dəfələrlə bunun şahidi olmuşuq. Söz yox ki, Sarkisyanın növbəti saxtakarlığı da Ermənistan daxilində müxalifətlə iqtidar arasında növbəti kəskin qarşıdurma və ziddiyyətlərə yol açacaq. 
Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistanda iqtidarla müxalifət arasında yeni qarşıdurmaların baş verməsi qaçılmazdır: “Ermənistanda növbəti seçkilərdə ciddi saxtakarlığın olması ilə yadda qaldı. Saxtalaşdırılmış nəticələrə görə, Sarkisyana müxalif mövqedə dayanan başlıca opponentləri, Levon Ter-Petrosyanla, «Ohanyan-Raffi-Oskanyan» bloku parlamentə düşə bilməyəcək. 
Aydın məsələdir ki, müxalifət əldə etdiyi səslərinin oğurlanmasına dözməyəcək. 
Onu da qeyd edim ki, Ermənistan müxalifəti əvvəlki illərlə müqayisədə indi daha güclüdür və daha tanınmış siyasətçilərlə təmsil olunub. Güman edirəm ki, cərəyan edən hadisələr fonunda müxalifət daxili inteqrasiya prosesləri də gedəcək. Yəni Ter-Petrosyan bloku ilə «Ohanyan-Raffi-Oskanyan» bloku Sarkisyan rejiminə qarşı mübarizədə qüvvələrini birləşdirə bilər. Bu birlik belədə hazırkı rejimə ciddi çətinliklər gətirəcək. Seçkilərin rəsmi nəticələrindən sonra bütün Ermənistanı etiraz aksiyalarının bürüyəcəyini proqnozlaşdırmaq olar. Belədə mitinqlər vasitəsilə hakimiyyətə təzyiqlər artacaq. Vəziyyət ölkənin inqilabiləşməsi və qeyri-legitim iqtidarın devrilməsinə çağırışların səslənməsinə qədər yüksələ bilər. İnanmıram ki, Ermənistan müxalifəti seçkiləri saxtalaşdıran Sarkisyan kimi bir caninin hakimiyyətini qəbul etsin və ona dözsün. Proseslərin gedişindən asılı olaraq, yaxın zamanlarda Ermənistanda kəskin qarşıdurmanın baş verəcəyinin də şahidi ola bilərik”. 
Politoloq Fikrət Sadıxov da düşünür ki, yaxın günlərdə Ermənistanda daha ciddi qarşıdurmalar baş verəcək: “Ermənistandakı bu seçkilərdə də saxtakarlıqlar baş verdi. Bunu müşahidəçilər də öz məruzələrində qeyd ediblər. Nəticədə əsas müxalif partiya və bloklar parlamentə daxil ola bilməyiblər. Bu da Sarkisyan rejimi tərəfindən təşkil olunan müəyyən oyunların nəticəsidir. Təbii ki, Sarkisyana qarşı çıxış edən qüvvələr heç də az deyillər.
Proseslərin gedişi ona işarədir ki, müxalifət saxtakarlıqla barışmayaraq iqtidara qarşı sərt şəkildə çıxış edəcək. Seçkilərin nəticələrilə bağlı rəsmi məlumatlar dərc olunandan sonra qarşıdurma daha da dərinləşəcək. Müxalifət küçələrə çıxıb etiraz səslərini səsləndirəcək”. 
Rüfət NADİROĞLU