Çörək və digər un məmulatları ucuzlaşacaq

8 Aprel 2017 08:00 (UTC+04:00)

Azərbaycanda ən iri un istehsalçısı olan “Karat Holdinq” MMC “Karmen” və “Yeganə” unlarının qiymətini aşağı salıb. Şirkətdən verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7-1 manat ucuzlaşıb. 

İqtisadçıların fikrincə, bu hal çörək və digər un məhsullarının qiymətinə də təsir edə bilər. Belə ki, əgər unun qiymətindəki ucuzlaşma davamlı olarsa, un məmulatlarının qiymətində də enmələr müşahidə edilə bilər. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, son dövrlər manatın məzənnəsi dollar qarşısında möhkəmlənməkdədir: “Bütün bunlar maliyyə bazarlarına nəzarət edən qurumlar tərəfindən həyata keçirilən siyasətin nəticəsində yaşanan proseslərdir. Unun qiymətinin aşağı düşməsinə də bu kimi bir neçə amil təsir edə bilər. Əgər taxıl xaricdən gətirilirsə və manatın dollara nisbətən möhkəmlənməsi baş verirsə, bunun unun qiymətinə təsiri mümkündür. 
Digər tərəfdən, Rusiyadan idxal edilən unun qiymətində ucuzlaşma var. Həmçinin daxili istehsalda bazara qoşulan yeni-yeni firmalar meydana gəlir. Rəqabət, bazarda iştirakçıların sayı artdıqca, firmaların öz müştərilərinin sayını qoruyub saxlamaq meyli də çoxalır. Ona görə də qiymət ucuzlaşmasını həyata keçirirlər. Digər tərəfdən, mövsüm də öz rolunu oynayır. Belə ki, yaya doğru getdikdcə, un məhsullarına maraq azalır. Yay vaxtı insanlar əsasən kənd təsərrüfatı məhsuluna üstünlük verirlər. Bütün bu amillər unun qiymətinin aşağı düşməsinə təsir göstərib”. 
İqtisadçı əlavə etdi ki, unun topdansatış qiyməti ucuzlaşırsa, un məmulatları istehsaçılarına qiyməti aşağı salmaq üçün şərait yaranır: “Amma qiyməti aşağı salmaq, qaldırmaq onların bazara münasibəti ilə bağlı olan məsələdir. Çünki bazar şəraitidir. Çox vaxtı isə marja fərqindən istifadə etməyə çalışırlar”. 
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, hələ  ümumi qiymət fonunda ucuzlşama faiz etibarı ilə çox cüzidir: “Əgər ucuzlaşma prosesi  və manatın möhkəmlənməsi davam edəcəksə, bu, çörəyin, digər un məmulatlarının qiymətinə təsir edə bilər. Nəzərə alaq ki, unun böyük hissəsi xaricdən idxal edilir. Hələlik 50 kiloqramlıq məhsulda 1 manat elə də nəzərəçarpacaq rəqəm deyil ki, dərhal un məmulatlarının qiymətinə təsir göstərsin. Lakin ən azından qiymətlər dəyişməsə də, çörəyin çəkisində artım ola bilər. Çünki devalvasiyalar zamanı çəkini azaltmaq yolu ilə qiyməti artırmış oldular. Odur ki, çörəyin qiymətində ucuzlaşma olmasa da, çəkidə artımı gözləyə bilərik. Ancaq bunun üçün unun qiymətin bir qədər enməsi lazımdır”. 
Mübariz BAYRAMOV