Bina sakinləri avtomobillərini saxlamağa yer tapmır

8 Aprel 2017 09:40 (UTC+04:00)

Ölkədə artan nəqliyyat vasitələri uzun zamandır parklanma problemini aktuallaşdırıb. Ancaq demək olmaz ki, problem tam həllini tapıb. Belə ki, hazırda əksər yaşayış massivlərində bina sakinləri gecələr şəxsi avtomobillərini harada saxlaması məsələsində ciddi problem yaşayır. Bu, xüsusən də avtomobil dayanacağı olmayan məhəllələrdə nəzərə çarpır. Bu mövzuda digər vacib amil odur ki, artıq demək olar hər bir məhəllədə avtomobillərə nəzarət edənlər var. Onlar xidmət haqqı kimi hər maşın sahibində bir gecəsinə 0.5-1 manat arasında pul alırlar. Amma ödənişlər rəsmi olmadığından həmin nəzarətçilərin cavabdehliyi də sona qədər deyil. Müətəxsislər yaranmış probleminin əsas səbəbi kimi şəhərsalma qaydalarına tam riayət olunmaması amilini görürlər.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirdi ki, bu problem yeni binalar üçün də xarakterikdir:  “Hətta köhnə binalarda bunu müəyyən qədər başa düşmək olar. Çünki o vaxtı layihələndiriləndə müasir nəqliyyat səviyyəsi nəzərə alınmayıb. Ancaq yeni binaların inşası zamanı qanunvercilikdə bu məsələlər yer alır.
Görünən isə odur ki, normalar hələdə tam  nəzərə alınmır. Ümumiyyətlə, Sovet dövründən etibarən avtomobillərin necə park olması şəhərsalma normalarında müəyyən olunub. Sovet dövründə həmin qaydalara müəyyən qədər riayət olunurdu. Bu gün isə tikinti zamanı şirkətlər ona heç d əhər zaman məhəl qoymur. Hazırda binaların ətrafında boş ərazi çox az qalıb. İnsanlar boş ərazilərdə mütləq tikinti işləri aparmağa çalışırlar. Bu da avtomobillərin parklanmasında problemlər yaradır. İnkişaf etmiş dövlətlərdə məskunlaşmanın nəqliyyat yükü də nəzərə alınır. Bizdə də yaşayış, qeyri-yaşayış sahələri tikilərkən bunlar nəzərə alınmalıdır. Problem ondan qaynaqlanır ki, şəhərsalma, tikinti qaydaları pozulur”.
Hüquqşünas əlavə etdi ki, hər bir vətəndaşın axşam vaxtı avtomobilini məhəllədə saxlaması mümkündür: “Bu, mühafizə ilə də, mühafizəsiz də ola bilər. Ancaq yaxşısı, mühafizə ilədir. Çünki bəzən avtomobilin içindəki 10 manata görə bəzən nəqliyyat vasitəsinin özünə 200 manatdan çox ziyan dəyir. Bu baxımdan canlı insan, ya da texniki vasitələrlə mühafizə edilərsə, daha etibarlı olar. Bu məsələ qanunverciliklə o qədər də detallı tənzimlənmir. Sakinlər özləri kooperativ tipli nəsə yaradıb idarəetməni təmin edə bilər. Maşınlara baxan şəxsə də aylıq əmək haqqı təyin ediləcək. Bunun qarşlığında məsuliyyət də yaranacaq. Çünki hazırda sakinlərin qeyri-rəsmi verdikləri 40-50 qəpiyin heç bir əhəmiyyəti yoxdur. Avtomobilə nəsə olarsa, ona nəzarət edən şəxs hüquqi məsuliyyət daşımır. Problemin həlli üçün müqavilə əsasında kooperativ tipli nəsə yaradılmalıdır ki, qarşılıqlı məsuliyyət də formalaşsın. Ancaq indiki durumu da sakinlər də anlaşıqlı qarşılamalıdırlar. Hər axşam avtomobilin mühafizəsi üçün kiməsə 50 qəpik verməkdə qəbahətli nəsə yoxdur”.
Bələdiyyə məsələləri üzrə mütəxəssis Abil Bayramov da  bu problemin kökünün şəhərsalma ilə bağlı olduğunu deyir: “Ümumiyyətlə, ərazi planlaşdırılan zaman gələcəkdə hansı prboblemlərin yaranacağı da proqnozlaşdırılmalıdır. O cümlədən nəqliyyat vasitələri üçün lazımi duracaqların yaradılması nəzərə alınmalıdır.
 Hazırki vəziyyətdə çıxış yolu ondan ibarətdir ki, imkan daxilində parklanma ilə bağlı ərazilər müəyyənləşdirilsin. Müəyyənləşdirilən ərazilərdə avtomobillərin saxlanılması üçün ödənişlər rəsmi qaydada həyata keçirilməlidir. Əslində, qanunverciliklə həmin rüsumlar bələdiyyə büdcəsinə daxil olmalıdır. Yəni, yerli icra orqanlarına elə şərait yaradılmalıdır ki, həmin planlaşdırma işində iştirak edə bilsinlər”. 
Mübariz BAYRAMOV