Azərbaycan ədiblərinin məqaləsi xarici dilli Vikipediyalarda yaradılacaq

10 Aprel 2017 11:54 (UTC+04:00)

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Şəms Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli qəhrəmanlarımız - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucov haqqında "Vikipediya"dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək “Vikipediya”nın xarici dillər bölmələrində yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.
Bu əməkdaşlığı davam etdirmək üçün MEK ilə Şəms Tərcümə  Xidmətləri Mərkəzi  arasında təşkil olunmuş görüşdə təşkilatların gələcəkdə birgə fəaliyyəti müzakirə edildi. Qarşıda duran məsələlər sırasında Azərbaycan Vikipediyasında Azərbaycan ədibləri ilə bağlı mövcud olan məqalələrin Şəms Tərcümə  Xidmətləri Mərkəzi tərəfindən xarici dillərə tərcümə olunması və xarici dildə olan Vikipediyaya yerləşdirilməsi xüsusi yer tutur. Bununla yanaşı Mərkəzin əməkdaşlarının 2017-ci ilin aprel ayında Mərkəzi Elmi Kitabxananın təşkil etdiyi Vikipediya təlimlərində iştirakı müzakirə edilərək, müvafiq qərarlar verildi.