Qazaxıstanın əczaçılıq şirkəti Azərbaycana dərman preparatları ixrac edəcək

11 Aprel 2017 13:20 (UTC+04:00)

Türkiyənin əczaçılıq sahəsinin liderlərindən olan “Abdi İbrahim” şirkətinin törəmə qurumu olan Qazaxıstanın “Abdi Ibrahim Global Pharm” şirkəti istehsal etdiyi məhsulların Azərbaycan və Gürcüstana ixracına başlayır.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Qazaxıstanın ən böyük və müasir əczaçılıq kombinatı tərəfindən istehsal edilən hepatit və diabet xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərman preparatları hər iki ölkəyə "Abdi İbrahim"in zəmanəti ilə ixrac olunacaq.
Şirkət ilk xarici lisenziyasını alıb, Azərbaycan və Gürcüstanın keçirdiyi tenderlərin qalibi olub.
“Məhsullarımızın son 10 ildə fəaliyyət göstərdiyimiz Gürcüstan və Azərbaycana ixrac edilməsinə başlayırıq. Müəssisəmizin hepatit və diabetə qarşı istehsal etdiyi dərman vasitələri bu ölkələrə “Abdi Ibrahim” şirkətinin zəmanəti ilə ixrac olunacaq. 2020-ci ilə qədər dünyanın 100 ən yaxşı şirkəti sırasına daxil olmağı planlaşdırırıq. Eyni zamanda, azad bazarda artım templərini qorumaq üçün ixrac fəaliyyətimizi artırmağı düşünürük”, - deyə şirkətin marketinq və xarici bazarlarda məhsul satışı şöbəsinin rəhbəri Çingiz Zaim bildirib.