Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir

12 Aprel 2017 14:04 (UTC+04:00)

Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir. Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri cənab Deyvid Makallister tərəfindən qəbul olunub. Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, AP-nin Azərbaycan üzrə Məruzəçisi xanım Norika Nikolai, AP Prezidentinin müşaviri və qurumun Xarici əlaqələr komitəsi katibliyinin rəhbəri iştirak etmişlər.

Cənab Makallister Azərbaycan nümayəndə heyətinə səfər etdikləri üçün təşəkkür etmiş və cari ilin may ayında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri qismində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduqları diqqətə çatdırmışdır.

Görüş zamanı cənab Makallister işğal olunmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycan hökuməti tərəfindən haqlarında beynəlxalq həbs qərarı çıxarılan 3 avroparlamentari ilə bağlı məsələyə də toxunmuşdur. O, Azərbaycan tərəfinin mövqeyini və narahatlığını anlayışla qarşıladığını, həmkarlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən təəssüfləndiyini bildirmişdir. Bu məsələ ilə əlaqədar sözügedən deputatlarla görüşdüyünü və onlara Avropa Parlamentinin adını istifadə etməklə işğal olunmuş ərazilərə səfər etmələrin və “seçkiləri” müşahidə etmələrinin yolverilməz olduğunu izah etdiyini diqqətə çatdırmışdır.

Daha sonra Avronest PA-nın həmsədri xanım Rebeka Harms və AP-nin Azərbaycan üzrə Məruzəçisi xanım Norika Nikolai Azərbaycanda insan hüquqları ilə bağlı mövcud vəziyyətə dair suallarının Səməd Seyidov tərəfindən cavablandırılmasını xahiş etmişdir. Milli Məclisin komitə sədri ünvanlanan sualları cavablandıraraq insan hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkədə atılan son addımlar haqda qarşı tərəfi ətraflı məlumatlandırmışdır. Cənab Seyidov son dövrlərdə Azərbaycan Prezidenti tərəfindən verilən əfv və amnistiya qərarları, Cinayət Məcəlləsinin humanistləşdirilməsi və mədən sənayesində şəffaflığın təmin olunması ilə bağlı imzalanmış Sərəncamlar haqda ətraflı məlumat vermişdir.

Sonda Avropa Parlament və Milli Məclis arasında ikitərəfli əlaqələrin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanmış və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi zərurəti qeyd olunmuşdur.