İrəvanın Qarabağ siyasəti Ermənistanda da böyük narazılığa yol açır

13 Aprel 2017 09:30 (UTC+04:00)

Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan seçki sonrası vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı yeni məqaləsində bir daha qeyd edir ki, hazırda danışıqlar masasında olan variant ən yaxşı təklifdir:  “Ərazilərin qaytarılması və təhlükəsizliyin təmin edilməsi lazımdır. Vaxt keçdikcə, bu, bizim ziyanımıza işləyir”. Levon Ter-Petrosyan bildirir ki, bu yanaşmanı Ermənistanda dəstəkləyənlərin sayı sürətlə artır.  Bu fonda Ermənistanda hakimiyyətə qarşı daxili Qarabağ təzyiqlərinin başlanmasını gözləmək olarmı? 
Politoloq Elşən Manafov indiki situasiyada Sarkisyana qarşı Ermənistanda daxili Qarabağ təzyiqlərinin başlana biləcəyini gözləmir: “Levon Ter-Petrosyan məhz Ermənistan ictimaiyyəti və elektoratının Dağlıq Qarabağ probleminin nəhayət, danışıqlar masası arxasında həllinə və tərəflər arasında qarşılıqlı kompromislərin olmasına razı olanların marağını təmsil edir. Bildiyiniz kimi, bu güzəştlər də «Lavrov planı» ilə bağlı məsələləri özündə ehtiva edir. Yəni, işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarılmalı, bu ərazilərdən didərgin düşmüş insanlar geri qaytarılmalı və yalnız bundan sonra Dağlıq Qarabağın hüquqi statusu barədə danışıqlar aparılmalıdır. Lakin seçkilərin saxtalaşdırılması və Ermənistanda narazı elektoratın hələlikdə kifayət qədər aktivlik nümayiş etdirməməsi göstərir ki, proses hələlik məhz Qarabağ dalğası ətrafında hakimiyyətə gələn Serj Sarkisyanın maraqlarına işləyir. 
Unutmaq lazım deyil ki, Sarkisyan iqtidarının bu və ya digər şəkildə hakimiyyətdə qalmasında bölgədə təsir imkanlarını saxlamaq  və Qərblə postsovet məkanında nüfuz dairəsi uğrunda mübarizədə uduzmaq istəməyən Rusiyanın indiki iqtidarının da maraqları vardır. Bu baxımdan düşünürəm ki, Ermənistanda Sarkisyan iqtidarına qarşı siyasi, ictimai, sosial-iqtisadi zəmində narazılıqların olması anlaşılandır. Ancaq məhz Qarabağla bağlı erməni ictimaiyyətinin Sarkisyana ciddi təpki və təzyiq göstərəcəyini düşünmürəm. Levon Ter-Petrosyanın bu məsələdə erməni ictimaiyyətinin narazılığını müəyyən hədəflərə yönəldib, vəziyyətin dəyişməsi və danışıqlarda xeyrimizə baş verəcək olayların yaşanmasına bu və ya digər şəkildə səbəb ola biləcəyi inandırıcı görsənmir. Ermənistanda bundan sonra mövcud olacaq narazılığın kökündə daha çox sosial-iqtisadi problemlər, Sarkisyan hakimiyyətinin korrupsiyaya uğraması ilə bağlı amillər duracaq”. 
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının fikrincə isə, Ermənistanda hakimiyyətə qarşı daxili Qarabağ təzyiqlərinin başlanma ehtimalı getdikcə geniş vüsət ala bilər: 
“Öncə qeyd edim ki, keçən əsrin 90-cı illərin ortaları və hazırda erməni ictimaiyyətində Qarabağ probleminə yanaşma məsələsində fərqli motivasiyalar olub və var. Keçən əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində isə Ermənistanda fərqli motivasiya hökm sürürdü. Hətta “Böyük Ermənistan” xulyasına da düşmüşdülər. Müharibənin ilk illərində əldə etdikləri müvəqqəti uğurları da onları belə bir  motivasiyada olmağa meylləndirmişdi. Lakin sonrakı dövrlərdə Ermənistanın işğalçı siyasəti səbəbindən təcrid olunması, blokadada qalması ölkədə məsələyə münasibətdə fikirlərin dəyişməsinə gətirib çıxartdı. Hətta Levon Ter-Petrosyanın 1996-1997-ci illrdəki düşüncələri əvvəlki illərə nisbətən fərqli olmağa başladı. 
Onlar anladı ki, bu sonu olmayan bir siyasətdir. Məsələnin bu cür qalması onlara uzun müddətli xoşbəxtlik gətirməyəcək. Nəticədə Ter-Petrosyanın fikirlərində dəyişikliklər oldu və o, Minsk qrupu həmsədrlərinin həll prosesinlə bağlı o zaman verdikləri təklifləri də qəbul edirdi. Lakin o zaman erməni ictimai rəyində Ter-Petrosyana dəstək verənlər az oldu. Keçən ilin aprel döyüşlərindən sonra isə Ermənistanda mövcud vəziyyətin qalmasının onların xeyrinə, yoxsa ziyanına işlədiyi barədə suallar daha çox səslənməyə başladı.  Hətta 2008-ci ilin Rusiya Gürcüstan müharibəsindən sonra Ermənistanın şimal ölkəsilə əlaqələri kəsildi. Bu əlaqənin qopması fonunda da erməni ictimaiyyətində doğru yolda olub-olmadıqları barədə düşüncələr artmağa başladı. 
İndiki halda Ter-Petrosyanın danışıqlar masası arxasında olan variantın ən yaxşı variant olmasını deməsi də erməni ictimai rəyində bu kimi sualların artmasına səbəb olacaq. Bu mənada hazırkı Sarkisyan hakimiyyəti daha çox insanın bu kimi sullarına tuş gələcək. Amma bütövlükdə ictimai rəyin dəyişəcəyini söyləmək çətindir. Çünki prosesə təsir edən daxili amillərlə yanaşı, xarici amillər də vardır. Ermənistanda marağı olan müəyyən xarici dövlətlər bunun baş verməsini istəmir. Ona görə də  Ermənistanda hakimiyyətə qarşı daxili Qarabağ təzyiqlərinin başlanması ilə kəskin dönüşün olacağını gözləmirəm. Lakin hazırkı siyasətlə bağlı etirazlar artacaq. Bu həm aydınlar, erməni ziyalıları, həm də siyasətçi və ictimai rəydə özünü göstərcək. Daha çox insan nəticədə dərk edəcək ki, yürüdülən hazırkı siyasətin sonu yoxdur. Bu siyasət ancaq xaricilərə və bir qrup erməni mafiozlarına xidmət edir”.
Rüfət NADİROĞLU