Azərbaycan dövlət sərhədini pozmağa cəhd edən iki İran vətəndaşı saxlanılıb

13 Aprel 2017 16:14 (UTC+04:00)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 
DSX-nin Mətbuat Mərkəzindən Movqe.az-a verilən məlumata görə, aprelin 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonunun Alaşa kəndi ərazisindəki sərhəd  zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı, 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.
 
Aprelin 13-də isə DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində  Füzuli rayonunun Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı, 1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.
 
Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.