Ərəb sərmayəsi Azərbaycanda tikilən mənzillərin sayını artıracaq

15 Aprel 2017 09:30 (UTC+04:00)

Fikirlər səslənir ki, Azərbaycana marağı artan ərəb investorların diqqəti həm də tikinti sektoruna cəlb olunmalıdır. Ərəb sərmayəsinin inşaat sektoruna axınını təmin etmək üçün hansı addım atılmalıdır və belə sərmayənin gəlişi tikinti sahəsinə nə vəd edir? 

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov bildirdi ki, investisiya və rəqabət mühitinin daha da normallaşdırılması xarici, o cümlədən ərəb ölkələrindən olan investorları tikinti sektoruna da sərmayə yatırmağa cəlb edəcək: “Fikrimcə, nəinki təkcə ərəb, ümumiyyətlə, prosesdə iştirak etməkdə maraqlı olan digər xarici ölkələrin investorlarının diqqəti də tikinti sektoruna cəlb olunmalıdır. Bu məsələyə təkcə ərəb investorlarının diqqətini cəlb etmək doğru olmazdı.  Yəni, burada söhbət ümumiyyətlə, xarici investisiyadan getməlidir. Burada milliyyət, ölkə amili elə də ciddi rol oynamır. Sadəcə, normal fəaliyyət göstərən, Azərbaycanın milli dövlətçilik maraqlarına zərbə vurmayan, hər hansı separat qruplarla əlaqəsi olmayan istənilən ölkənin investorları ölkəmizə cəlb olunmalıdır. Onlara da sərmayə yatırtmaq istədikləri bütün sahələr üzrə normal şərait yaradılmalıdır. 
Bunun üçün ilk növbədə Azərbaycanda investisiya və rəqabət mühitinin daha normallaşdırılması və liberallaşdırılmasına çalışmaq lazımdır. Bu istiqamətdə son illər ölkədə kifayət qədər normativ hüquqi aktlar qəbul olunub. Sadəcə, həmin normativ hüquqi aktların icrası istiqamətində müəyyən problemlər yaşanır.  Hələ də tikinti sektorunda rəqabətin olmaması kimi amillər özünü göstərir. 
Azərbaycan Prezidenti dəfələrlə keçirilən müşavirələrdə bəyan edib ki, ölkəyə gəlib burada işləmək marağında olan investorlara bilavasitə özü təminat verir. Hesab edirəm ki, bu çıxışlardan sonra nəhayət ki, Azərbaycanda investisiya mühitinin normallaşdırılması istiqamətində ciddi addımların atılmasına başlanılacaq. Bir çox sahələr üzrə beynəlxalq biznes hesabatlarında Azərbaycan ciddi irəliləyişlərə nail olub. Amma biznesə şəraitin yaradılması sahəsində hələ də çox işlər görülməlidir ki, xarici investorlar tikinti sahəsinə də maraq göstərsinlər.  Qonşu Gürcüstana son illər investisiya qoyuluşları xeyli dərəcədə artıb. Bu ölkəyə investisiya yatıran ölkələr sırasında hətta Azərbaycan da ilk yerlərdən birini tutur.  
Bu da orada rəqabət imkanlarının daha geniş olması, liberal bazarın yaradılmasından qaynaqlanır. Azərbaycanda da belə addımlar atılmalıdır ki, ərəblər də daxil olmaqla, maliyyə imkanları olan investorlar ölkəmizin tikinti sektoruna da axışsınlar”. 
Həmsöhbətimzi qeyd etdi ki, xarici investisiyanın Azərbaycanın tikinti sektoruna cəlb edilməsi həmin sahədə ciddi irəliləyişlərə yol açacaq: “İlk növbədə ölkədə inşaat sahəsinin, şəhərsalmanın inkişafında ciddi rol oynayacaq. Ərəb investorlarının bu sahəyə investisiya yatırışına girişməsi tikinti sektorunda qiymətlərin ucuzlaşmasıa da stimul verəcək. Çünki rəqabətin olması fonunda təklifin artması ilə proses qiymətlərin azalmasına gətirib çıxaracaq. Bundan başqa, yeni iş yerləri açılacaq. Ölkəyə pul axını sürətlənəcək, iqtisadi vəziyyət normallaşacaq. Yəni, tikinti sektoruna xarici sərmayənin cəlb edilməsi bir çox sahələrdə müsbət mənada özünü göstərə bilər. Bu amil iqtisadiyyatın tikinti sektorunda ciddi irəliləyişlərə gətirib çıxaracaq”.
Rüfət NADİROĞLU