Qanunsuz kabel yayımına qarşı mübarizə sərtləşdirilir

15 Aprel 2017 10:00 (UTC+04:00)

Azərbaycanda çoxmərtəbəli binalarda qanunsuz kabel yayımı ilə məşğul olanlarla bağlı məsələyə Milli Məclisin plenar iclasında baxılacaq.  Bu barədə Movqe.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fəzail İbrahimli məlumat verib.

F. İbrahimli deyib ki, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin üzərində iş gedir: “Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirə edildi. Müzakirə zamanı müəyyən təkliflər irəli sürüldü. İndi o təkliflər üzərində iş gedir. Orada müəyyən iradlar səsləndirildi. Təkliflərə baxıldıqdan sonra "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinə Milli Məclisin plenar iclasında baxılacaq”. 
Qeyd edək ki, hazırda paytaxtda çoxmərtəbəli binaların əksəriyyətində qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var. Milli Televiziya və Radio Şurası bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyə müraciət edib. 
Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev Movqe.az-a açıqlamasında bildirib ki, bu qanunsuzluğun qarşısını almaq üçün "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi qəbul edildikdən sonra bu məsələ öz həllini tapacaq: “Bu gün binalarda bu qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı çoxdur. Biz onları saymamışıq. Amma onların sayı kifayət qədərdir. 
Əlbəttə, MTRŞ bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyə müraciət edib. Gərək vətəndaşlar özləri də qanunsuz fəaliyyət göstərən kabel yayımı ilə məşğul olanlarla müqavilə bağlamasın. Onlardan qanuni fəaliyyət göstərdiklərini təsdiq edən lisenziyanı tələb etsin. Ümumiyyətlə, bunun qarşısını almaq üçün mütləq "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi qəbul olunmalıdır. O qanun da bu günlərdə qəbul olunacaq”. 
Vergilər Nazirliyindən isə məsələ ilə bağlı araşdırmaların davam etdiyini söylədilər. 

Zülfiyyə QULUYEVA