“Jurnalist evi”nin 9-cu mərtəbəsi tikilir - FOTO

25 Aprel 2012 12:17 (UTC+04:00)

Jurnalistlər üçün tikilən 16 mərtəbəli yaşayış binasının artıq 9-cu mərtəbəsi tikilir. Modern.az-ın əməkdaşının tikinti yerində olarkən apardığı müşahidələrə görə, ərazidə qızğın iş gedir. Böyük bir ərazidə tikilən binanın üzü magistral yola baxır. Artıq maşın saxlamaq üçün nəzərdə tutlmuş qaraj da hazırdır. Çoxmərtəbəli tikilinin yuxarı mərtəbələri ilə eyni zamanda birinci mərtəbdən başlayaraq kərpiclə hörgü işləri aparılır. Tikintidə işləyən fəhlələr söhbət zamanı bildiriblər ki, tikinti işi xüsusi nəzarətdədir və işlər sürətlə aparılır.

Xatırladaq ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli KİV-ə açıqlamasında tikinti işlərinin təsdiq olunmuş qrafikə əsasən aparıldığını və heç bir yubanma olmadığını deyib. Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq 2-3 otaqlı tam təmirli 150 mənzilin 2013-cü ilin sentyabrında jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

"Jurnalistlərdən sənədlərin qəbulu 2013-cü ildə həyata keçiriləcək. Evlərin verilməsi üçün əvvəlcədən müəyyən kriteriyalar müəyyənləşəcək. Həmin kriteriyalar kütləvi informasiya vasitələrində elan ediləcək. Bu elandan sonra jurnalistlər fərdi şəkildə aidiyyəti üzrə tələb olunan sənədləri toplayaraq Fonda təqdim edəcəklər".

V.Səfərli bildirib ki, evlə bağlı jurnalistlərdən, jurnalist təşkilatlarından, hətta aidiyyəti olmayan təşkilatlardan da Fonda müraciətlər edilir və onlara müvafiq cavablar verilir.

"Bir daha jurnalistlərin nəzərinə çatdırmaq istərdik ki, hər hansı jurnalist təşkilatının məsələ ilə bağlı məktubla müraciət etməsinə ehtiyac yoxdur. Əvvəl də qeyd etdiyim kimi, jurnalistlər ev almaq üçün sənədləri yalnız fərdi qaydada təqdim edəcəklər".