Avropanın verdiyi qəpik-quruşa Azərbaycanı satanlar

18 Aprel 2017 09:00 (UTC+04:00)

Bir müddətdir Hollandiyada yaşayan və özünü blogger kimi qələmə verən Orduxan Teymurxanın ailə üzvləri və yaxın qohumları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə bildirilir: “Ölkəmizdə yaşamayan və Azərbaycan vətəndaşlığı belə olmayan bir şəxsin respublikamız və onu tərəqqiyə və inkişafa doğru aparan hörmətli prezidentimizin ünvanına heç bir həqiqətə uyğun olmayan ifadələr işlədilməsini pisləyir və şiddətlə qınayırıq. Onun Azərbaycandan kənarda hansısa xarici qüvvələrin təsiri altında həyata keçirdiyi anti-Azərbaycan fəaliyyətini dövlətimizə və xalqımıza qarşı xəyanət kimi qiymətləndiririk. Hesab edirik ki, bu günə kimi həyatda heç bir nailiyyət əldə etməmiş, savadsız bir adamın Azərbaycan hakimiyyətinə iradlar bildirməsi yolverilməzdir”. 

Qəribədir, adı təmtəraqlı səslənən Orduxan Teymurxan kimdir ki, qohumları məcbur olub onu əməllərinə görə qınayırlar. Açığı, nə blogger, nə də müxalifətçi kimi onun fəaliyyəti haqda bir söz eşitməmişdim. Buna görə də virtual məkanda bu adı yazıb axtarışa verdim ki, bəlkə nə isə öyrənə bilim. Dərhal, «youtube» portalında videolar meydana çıxdı və düz 10 il Hollandiyada yaşayan, amma nədənsə bu ildən meydana atılan Orduxanın fəaliyyətini izləyə bildim. 
Açığı, bu adamın insanı inandıra bilməyən məntiqsiz danışığı və şəraitə uyğun gəlməyən böhtanları ikrah doğurur. Narıncılar ölkəsində nə işlə məşğul olduğu haqda bilgimiz olmasa da, saçını uzadıb arxadan yığaraq lentləyən bir gəncin mənasız can-fəşanlığı bəzi şübhələrə yol açır. Xüsusilə, özünü cəfakeş müxalifətçi sayan Leyla Yunusla birgə görəndə onun niyə onillik sükutdan sonra birdən-birə bu il meydana çıxmasının səbəbi məlum olur. Deyəsən, Bakıda “şəltəsi işləməyən” Leyla Yunus Avropadakı hamilərinin ümidlərini doğrultmaq üçün başına təzə dəstə yığır. 
Orduxan da, görünür ki, mühacir-müxalifətçi oyunları ilə pul qazanmağın sirlərini öyrənib. İndi bilir ki, öz ölkənə nə qədər çox böhtan atsan alacağın qrantların da miqdarı və dövriliyi bir o qədər çox olar. Hətta şəhidlərin ruhuna hörmətsizlik etmək də işə yarayar, təki ölkə başçısının ünvanına əsassız tənqidlər söyləyəsən. Prezident İlham Əliyevin Qusar rayonundan hərbi xidmətə getmiş və düşmənlə döyüşdə misilsiz qəhrəmanlıq göstərmiş Çingiz Qurbanovun igidliyini yüksək qiymətləndirərək ona Milli Qəhrəman adı verməsini, vətənin şəhid oğlunun valideynlərini prezident iqamətgahında hörmət və ehtiramla qəbul edib qayğı ilə əhatə etməsi Orduxanı razı salmır və videolarından birində deyir ki, “mən prezident olsaydım.., filan işi belə edərdim, pəhman işi belə edərdim” və sairə. 
Belələri öz əsassız ittihamları və yüngülməcaz düşüncələri ilə düşünürlər ki, kimisə öz tərəfinə çəkə biləcək. Daha anlamırlar ki, xalq çörəyi qulağına yox, ağzına yeyir. Hər şeyi görür, anlayır və qəlbində saf-çürük etməyi bacarır. Avropanın meydanlarında əllərinə səsucaldan götürüb boğazları cırılana qədər qışqırırlar ki, Azərbaycanda rüşvətxorluq var. Guya “özlərindən Amerika kəşf ediblər”. Azərbaycanın dövlət başçısı hər bir iclasda bəyan edir ki, rüşvətxorluq bizim cəmiyyətin bəlasıdır və biz bunu aradan qaldıracağıq. Dediyini də edir. “ASAN Xidmət” və bu tipli idarələrdə rüşvət məsələsi aradan qaldırılıb. Bu, dövlət tərəfindən edilmiş inqilabi dəyişiklikdir. İş davam edir və yaxın gələcəkdə korrupsiyanın və ələbaxımlılığın tarixin arxivinə veriləcəyi günü əhali gözləyir. İndi Avropada dövlətin verdiyi sosial müavinətlər hesabına yaşayan və bu müavinətin müddətini uzatmaq üçün öz ölkəsinə böhtan atmaq, ailə üzvlərini xalqın içərisində xəcalətə salmaq demokratiyadırmı? Yox, bu yaxşı quraşdırılmış oyundur. Avropalılar heç vaxt kiməsə açıq nə isə demirlər. Sadəcə, kim siyasi səbatsızlıq göstərirsə, ona şərait yaradır, digər mühacirlərə rəğmən onları əhəmiyyətsiz “siyasi” yığıncaqlara dəvət edir, şəhərin daha babat güşəsində mənzil verirlər, tez-tez gəzməyə dəvət edirlər. Mənən səbatsız olanlar, rahatlıq üçün vətənini və doğmalarını satanlar belə şeylərə tez reaksiya verir və “qarmağa” keçirlər. Beləliklə, xaricdə “müxalifət” adı ilə səbatsız insanların qrupu yaradılır və əlaltı qismində işlədilir. Orduxan da belələrindəndir. Nə vaxta qədər o, avropalıların işinə yarayacaq, məlum deyil. Məlum olan odur ki, böhtançılıqla keçən ömrün hələ heç vaxt axırı olmayıb.
Mövqe