Azərbaycandan da Avropaya vizasız getmək mümkün olacaq

18 Aprel 2017 09:23 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanla Avropa İttifaqı arasında vizaların ləğv edilməsi mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir. "Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir qüvvədədir. Sözügedən saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır", - deyə XİN sözçüsü vurğulayıb.  

O əlavə edib ki, vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil. Qeyd edək ki, aprelin 25-də Bakıda Azərbaycanla Aİ arasında yeni strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqların ilk raundu keçiriləcək.  Azərbaycanla Avropa İttifaqı arasında vizaların ləğv edilməsi mümükündürmü və bu hal tərəflərə nə vəd edir? 
Politoloq Elşən Manafov bildirdi ki, Aİ ilə Bakı arasında viza rejiminin ləğvi mümkündür və belə olan halda Azərbaycana Avropadan turist axını daha geniş vüsət alacaq: “Düşünürəm ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin ləğvi məsələsi Şengen zonasına daxil olması ilə bağlı məsələləri də özündə ehtiva etməlidir. Çünki qonşu Gürcüstanda bu məsələ artıq öz həllini tapıb və bu da Tiflislə Avropa İttifaqı arasındakı münasibətlərdə inteqrasiyanın həm genişlənməsi, həm də qonşu ölkənin sözügedən birliyə daxil olan ölkələrlə ikitərəfli münasibətlərinin  sürətlənməsinə xidmət edəcək.  Xarici İşlər Nazirliyinin rəsmisinin əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğvi məsələsinin müzakirə mövzularından biri olduğunu deməsi heç şübhəsiz ki, bu istiqamətdə müəyyən razılığın əldə edilməsi haqqında ilkin nəticələrin olduğundan xəbər verir. 
Fikrimcə, bu istiqamətdə razılığın əldə edilməsi ilk əvvəl Azərbaycana Avropadan turist axınının daha da güclənməsinə qanunvericilik kontekstində müvafiq şərati yaradacaq. Azərbaycan son illər onsuz da ölkəyə turist axını və turizmdən gələn gəlirlərin səviyyəsinə görə MDB məkanında aparıcı yerlərdən birini turur.  
Digər tərəfdən, düşünürəm ki, Aİ ilə viza rejiminin ləğvi birlik tərəfindən Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsilə bağlı konkret addım kimi də qəbul olunacaq. Viza rejiminin ləğvi istiqamətində razılığın əldə edilməsi Aİ ilə Bakı arasında bu tip layihələrin realizə olunması və həyata keçməsinə də müsbət mənada təsir edəcək. Viza rejiminin ləğvi həmçinin Azərbaycanda marağı olan Avropa şirlətlərinin, eyni zamanda, “köhnə dünya”ya investisiya yatırtmaq istəyən və burada sahinkarlıq fəaliyyətilə məşğul olmaq istəyən yerli iş adamlarının da xeyrinə olacaq. Proses idxal, ixrac əməliyyatlarında Azərbaycanın xeyrinə hüquqi mənzərənin yaranmasına da bu və ya digər mənada səbəb olacaq. Avropa institutları  ilə Azərbaycanin müvafiq qurumları arasında etimadın daha da güclənməsinə gətirib çıxaracaq.  Azərbaycanda demokratik və vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı prosesləri də sürətləndirəcək. Yəni Aİ ilə viza rejiminin aradan götürülməsi bu istiqamətdə olan gedişata da müsbət təsir edəcək”.
Milli Məclisin deputatı Fərəc Quliyev də Aİ ilə ölkəmiz arasında viza rejiminin ləğvi məsələsinin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırdı: “Aİ ilə Azərbaycan arasında viza rejiminin ləğvi mümkündür. Bu addımın atılması heç şübhəsiz hər iki tərəf üçün səmərəli olacaq. 
Azərbaycanın Avropa ölkələrilə ticarət dövriyyəsində 45 faizdən çox payı vardır. Ticari əlaqələrin, turizmin inkişafı baxımından, insanların bir-birini tanımasında, birgə əməkdaşlıq etməsində viza rejiminin ləğvi olduqca əhəmiyyətli məsələ ola bilər. Hesab edirəm ki, Aİ ilə daha dərin əlaqələr həm Azərbaycan, həm də Avropa üçün səmərəli olmaqla yanaşı, həm də lazımlıdır”. 
 

Rüfət NADİROĞLU