Bakı Şopinq Festivalı başladığı gündən qaytarılan ƏDV-nin həcmi açıqlandı

18 Aprel 2017 17:34 (UTC+04:00)

Bakı Şopinq Festivalı başladığı gündən - aprelin 10-dan indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən geri qaytarılıb.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, bu ümumi məbləğin 10 faizinin qaytarılması deməkdir: "Ümumi dövriyyədə olan alış prosesi təxminən 3 milyon yarım artıb. Digər vaxtlara nisbətdə bu rəqəmlər ümidvericidir. Yəni məqsəd kimi qarşıya qoyulan rəqəmlərə görə hərəkət edirik. Hər hansı çətinliklər mövcud olduğu zaman onları çevik şəkildə bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları çox peşəkarlıqla həll edirlər. Hələlik marağın artdığını görürük. Nəzərə alsaq ki, festivalın keçirilməsi üçün 2 ay müddətində hazırlıq işləri gördük, ciddi təbliğat və reklam olmamışdı. Bu isə onu sübut edir ki, festival öz-özlüyündə maraq kəsb edib".

Ə.Qarayev bildirib ki, festival ayı bitdiyi zaman vəsaitin daha çox kimlərə - əcnəbilərə, yaxud yerli vətəndaşlara qaytarıldığı bəlli olacaq.