Azərbaycanda ən çox istifadə edilən narkotik maddənin adı açıqlandı

19 Aprel 2017 10:07 (UTC+04:00)

Bu ilin 3 ayı ərzində müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların 258 kq 046,736 qramını marixuana (78,5%) təşkil edib.  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Movqe.az-a verilən məlumata görə, yerdə qalanı isə- 50 kq 854,54 qr tiryək (15,5%), 18 kq 451,96 qr heroin (5,6%), 983,3 qr həşiş (0,3%), 9,8 qr digərləri və 434 qr psixotrop maddələrdən (0,1%) (1517 ədəd həb) ibarət olub.  Bu ilin üç ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkarlanıb. Bu faktlardan 244-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 644-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-ı isə digər cinayətlərdir. Faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Zülfiyyə QULUYEVA