Radikal müxalifətin mühacir biznesi

22 Aprel 2017 09:00 (UTC+04:00)

Azərbaycandan Avropaya uydurma əsaslarla mühacirətə adam yollayan  şəbəkənin mövcudluğu barədə uzun müddətdir məlumatlar səslənir. Son durum göstərir ki, bu kimi hadisələr daha çox AXCP ətrafında cərəyan edir. Belə ki, AXCP üzvü olan gənc - partiyanın Xətai rayon şöbəsinin üzvü Tural Hüseynov “mühacirət biznesi” ilə məşğul olanlara bağlı maraqlı məlumatlar açıqlayıb. 

O, mətbuata “mühacirət biznesi” ilə məşğul olan “mafiya”nın toruna necə düşdüyünü danışıb. AXCP üzvünün nəqlindən bəlli olur ki, bu bizneslə məşğul olanlar Əli Kərimliyə  yaxın adamlardır. Amma diqqəti çəkən odur ki, nədənsə konkret faktların ortaya qoyulmasına baxmayaraq, heç AXCP-də buna qarşı addımlar atılmır. Siyasilərin sözlərinə görə, məsələnin artıq  hüquqi müstəvidə həll edilməsi üçün zəmin var. 
Millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADİP) sədri Elşən Musayev bildirdi ki, bu məsələ zaman-zaman gündəmin əsas mövzusuna çevrilib: “Sosial şəbəkələrdə şəkil paylaşanların hamısını sonradan xarici ölkələrdə görmüşük. Bu məsələdə də çoxdandır kimin vasitəçilik etdiyini cəmiyyət bilir. Sadəcə, öz daxillərindən biri bunu təflisatlı formada açmaqla hüquq-mühafizə orqanına kömək üçün etməyib. Öz maraqları ziyan çəkib və pulunu alıblar. Buna görə maraqlar toqquşmuş olur. Onu ifşa ediblər. 
AXCP sədri Əli Kərimlinin son fikirlərində özünəinam itdiyi açıqca hiss olunur. Halbuki, əvvəllər danışanda özünəgüvən var idi. Amma indi isə bir qorxu var. Bunların işləmədən necə yaşadıqları,  övladlarını 200 minlik ali məktəblərdə necə oxutdurduqları sual doğurur. Təbii ki, bu deyilənlər hamısına yox, xaricdən maddi dəstək alan başda gedənlərinə aiddir. Amma görünən odur ki, hərdən bu cür ticarətlə də məşğul olurlar. Baş Prokurorluq haqlı olaraq məsələni hüquqi çərçivəyə salaraq, məsələnin hüquq müstəvidə araşdırılmasına başlayıb. Yaxın zamanlarda həmin məsələdə ifaş olunan insanlar ifadə verəcəklər. Qanun nəyi tələb edirsə, o cür də olmalıdır”. 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, bu insanların fəaliyyəti bütövlükdə bir neçə aspekt üzərində qurulub: “Bu günə qədər yürütdükləri siyasətin mahiyyətində də bunlar dayanır. Birinci istiqamət ayrı-ayrı xarici dairələrin maraqlarını təmin etməklə müəyyən vəsait əldə etməkdir. Bununla da Azərbaycanda siyasi və korporativ maraqları olan xarici dairələrin sifarişi ilə müəyyən problemlər  yaratmaqdır. 
Digər üsul beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq və müxtəlif qrant layihələrinin birgə həyata keçirilməsi yolu ilə bu prosesdən qeyri-qanuni şəkildə yararlanmaq, vergidən yayınmaq yoludur. Üçüncü faktor da mühacir biznesi təşkil etməkdən ibarətdir. Bu da aksiylar keçirərək, insanlara partiya bileti vermək, həmin şəxslər vasitəsi ilə müxtəlif təxribatçı hərəkətlərə yol verməkdir ki, onlara qarşı qanuni tələblər irəli sürüldükdə prosesi beynəlxalq təşkilatlara göndərsinlər. Bununla birincisi, ayrı-ayrı şəxslərdən pul alaraq, onlara siyasi mühacir statusu verilməsinə hüquqi zəmin yaradırlar. Digər aspekt isə Azərbaycana qarşı olan beynəlxalq təşkilatların, xüsusən də ermənilərin himayə etdiyi təşkilatların ölkəmizə qarşı aparıdıqları  kampaniyaları stimullaşdırmaqdır. Bu insanların indiyə qədərki bütün fəaliyyəti ayrı-ayrı dövlətlərin maraqlarını ifadə etməkdən ibarət olub. Öz dövlətinin maraqlarını satan insanlardan Vətən təəssübkeşliyi gözləmək olmaz”. 
Elçin Mirzəbəyli əlavə etdi ki, hüquq-mühafizə orqanları mütəmadi olaraq bu istiqamətdə araşdırma aparırlar: “Belə faktlar ilk deyil. Uzun illərdir, oxşar faktlar açıqlanır. Hətta saxta vəsiqə, arayış verdiyi insanlar da onları ifşa etmişdilər. Odur ki, məsələnin hüquqi müstəvidə araşdırılması üçün kifayət qədər zəmin var. Azərbaycanın müvafiq qurumları gərəkli olan bütün addımları atırlar”.
Mübariz BAYRAMOV