Ərəblər Azərbaycana daha çox pul yatıracaq

25 Aprel 2017 09:25 (UTC+04:00)

"Oktyabrda Bakıda I Azərbaycan-ərəb biznes forumu keçiriləcək". Bunu "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı" İctimai Birliyinin sədri Elşən Rəhimov təşkilatın təqdimat mərasimində deyib. 

Onun sözlərinə görə, tədbirə ərəb ölkələrindən 300-ə yaxın iş adamı qatılacaq. O qeyd edib ki, forumun hər il keçirilməsi planlaşdırılır: "Hazırkı iqtisadi konyunktura investisiyaların cəlb edilməsi, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlətlər arasında rəqabəti gücləndirir. Bu baxımdan, xarici investisiyaların ölkəmizə cəlb edilməsi ilə bağlı dövlət başçısının müəyyən etdiyi hədəfləri rəhbər tutaraq, təşkilatımız belə bir prosesin iştirakçısı olmaq, zəngin maliyyə resurslarına sahib ərəb ölkələrinin işgüzar dairələri ilə sağlam prinsiplər əsasında sıx təmasların qurulması üçün səy göstərəcək".
İqtisadçıların fikrincə, Azərbaycan ərəb investorlarını cəlb edə bilər.  Ərəb sərmayəçilər üçün xüsusən aqrar və turizm sahələri maraqlı olacaq. Bunun üçün isə şərtlərin münasibliyi vacib amildir. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ərəb iş adamları, ərəb investisiya fonları ilk növbədə hansı sahədə əməkdaşlıq edə biləcəklərini öyrənməyə çalışacaqlar: “Adətən belə forumların da əsas məqsədi məhz biznes partnyorlarını tanımaq və şəraitlə tanış olmaqdan ibarət olur. Azərbaycanda isə ərəb biznesini maraqlandıran sahələr çoxdur. Məsələn, elə turizm, kənd təsərrüfatı kimi sahələrin adını çəkə bilərik. Maraq dairələrinin təmin olunması, onlar üçün sərfəli şərtlərin həyata keçirilməsi ərəb investisiya fondlarının Azərbaycana daha çox sərmayə qoymasına yol açacaq. Ancaq onlar həm də Azərbaycan iş adamlarının ərəb ölkələrinə çıxışını təmin etməkdə maraqlıdırlar. Hansı ki, bu da biznes fəaliyyətinin genişlənməsinə şərait yaratmaq üçündür. 
Çox güman ki, biznes forumunda ilkin əməkdaşlıq və niyyət protokolları imzalanacaq. Ümumiyyətlə, bütün dünya ərəb sərmayəsini cəlb etmək istəyir. Nəzərə alaq ki, son 30 ildə Avropa və ABŞ-da investisiya strukturunda ərəb kapitalının həcmi dəfələrlə artıb. Azərbaycan da bu investisiyalardan pay almaq niyyətindədir. Pay almaq üçün də kifayət qədər münbit şəaitimiz var”.
Natiq Cəfərli əlavə etdi ki, ərəb ölkələrinin ticarət strukturundan onların idxaldan kifayət qədər asılı olduğunu görmək mümkündür: “Hazır məhsuldan tutmuş, xüsusən də kənd təsərrüfatı sahəsində böyük asılılıqları var. Hətta bəzi ərəb ölkələrindən idxaldan asılılıq 80 faizə qədər çatır. Bu, onların təbii şəraiti, əkinə yararlı torpaq sahələrinin az olması ilə əlaqədardır. Odur ki, ərəblərin əsas marağı məhz kənd təsərrüfatı sahəsinə olacaq. Yəni birgə aqrar müəssisələrinin yaradılması ilə bağlı müqavilələrin olma ehtimalı yüksəkdir”. 
Digər iqtisadçı-ekspert Xalid Mikayılovun sözlərinə görə, beynəlxalq müşahidəçilər ərəb ölkələrindəki sərmayələri iki qrupa bölürlər: “Burda dövlət investisyası və özəl investisiya şirkətləri kimi fərqlər var. Lakin ərəb sərmayəsini fərqləndirən əsas faktorlardan biri odur ki, ərəblər daha çox mövcud olan şirkətlərdə pay almağı üstün tuturlar. Buna misal olaraq, Türkiyədə bəzi müəssisələrin satışı zamanı böyük ərəb sərmayəsinin gəlməsini göstərə bilərik. Yəni, ərəb sərmayəsi əsasən maliyyə kapitalından ibarətdir və texnoloji yeniliklər gətirmir. Bu baxımdan ölkədə mövcud olan müəssisələrə ərəblər tərəfindən sərmayə qoyula bilər. 
Qeyri-neft sektorunda istehsalın artırılması baxımından yanaşsaq, onda daha çox Qərb sərmayəsi vacib görünür.  Azərbaycanda əsasən daşınmaz əmlak, mövcud müəssiələrdə şəriklik kimi hallar mümkündür. Ərəb sərmayəsi daha çox bu sahələrə gələ bilər”.