Radikal müxalifət siyasi səhnədən silinir

26 Aprel 2017 09:53 (UTC+04:00)

 

Son vəziyyət Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasına qoşulanların sayında artımların olduğunu göstərir. Hazırda iqtidar partiyasının üzvlərinin sayı 750 min nəfəri keçir. Radikal müxalifətdə isə bunun əksinə olaraq istefalar getdikcə çoxalır. İndilikdə müxalifət partiyalarında üzvlərin sayı az qala barmaqla sayılacaq qədər azalıb. Buna səbəb nədir və belə vəziyyətdə radikal partiyaların artıq siyasi səhnədən silinməsini gözləmək olarmı? 
Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, radikal müxalifətin günü-gündən zəifləməsi, cəmiyyətdə dəstək tapa bilməməsinin səbəbi onların liderlərinin uğursuz siyasətilə bağlıdır: “Əslində, radikal müxalifətin aciz duruma düşməsinin səbəbi onlarlın bugünkü fəaliyyətilə bağlı deyil. Radikal müxalifət zaman-zaman özünün fəaliyyətsizliyi, cəmiyyətə normal, onların maraqlarına cavab verə bilən mesajları verə bilməməsi,  öz daxillərində normal islahatlar aparmaq qabiliyyətində olmamaları, düzgün partiya quruculuğu apara bilməmələri üzündən hazırkı belə ağır duruma düşüblər. Bu səbəblərdəndir ki, müxalifət uzun illərdir bütün mərhələdən olan seçkiləri uduza-uduza gəlir. 
Hazırda müxalifət düşərgəsində liderlər, onların ailə üzvləri və bir neçə nəfər dostlarından başqa heç kim yoxdur. Yəni, müxalifətin zəif olması, onu tərk edənlərin sayının artmasını kənarda, cəmiyyətdə deyil, iqtidar opponentlərinin özlərində, öz daxillərində axtarmaq lazımdır. Müxalifətin işi-peşəsi ancaq iqtidarı tənqid etməkdən ibarət olub. Hətta bir sıra hallarda onlar təhqir və şantaja da keçirlər. Amma bu illər ərzində müxaliflər cəmiyyətin diqqətini cəlb edəcək hər hansı bir real proqramla çıxış etməyib. Çünki bacarıqsızdırlar. Ona görə də cəmiyyətimiz həmin qüvvələri qəbul etmir. Azərbaycan cəmiyyəti savadlı, intellektual, demokratik təfəkkürə malik bir cəmiyyətdir. Belə cəmiyyət isə müxalifətin gülünc və ikrah doğuran hərəkətlərini qəbul etmir. Ona görə də müxalifət hər seçkidən-seçkiyə daha ağır məğlubiyyətə düçar olmaqla, özlərinin cəmiyyətdəki rolunu sıfır səviyyəsinə salıb. Artıq radikal müxalifət tarixə qovuşub. Sadəcə olaraq, onların adları var. 
Keçirdikləri etiraz  aksiyalarında belə kütləviliyi təmin edə bilmirlər. Ora gələnlər də eyni adamlar olur. Özləri də gözəl anlayır ki, fiaskoya uğrayıblar.  Sadəcə, liderləri suyun üzərində, gündəmdə qalmaq üçün ara-sıra hay-küy qaldırmaqla məşğuldurlar. Artıq bu qüvvələr tarixin arxivinə qovuşublar. Yalnız bəzi xarici qüvvələr onlardan hələ də Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməkdə davam edirlər. Xaricdəki hamiləri olmadığı təqdirdə bu qüvvələr ümumiyyətlə ayaqda qala bilməzlər. Amma artıq xaricdəki qüvvələr də Azərbaycanla təzyiq dilində danışmağın mümkün olmadığını anlamağa başlayıb. Azərbaycanla ya dostluq etməlidirlər, ya da ölkəmizə qarşı belə təzyiqlər keçməz. Güman edirəm ki, bu fonda bir gün gələcək həmin qüvvələr radikal müxalifətə dəstək verməkdən də əl çəkəcəklər və onlar birdəfəlik olaraq tarixin arxivinə qovuşacaqlar”.

Politoloq Məmməd Əlizadə də vurğuladı ki, yaxın tezlikdə radikal müxalifət birdəfəlik olaraq siyasi səhnədən gedəcək: “Elin gözü tərəzidir” məsələsi var. Azərbaycanda cəmiyyət kimin kim olduğunu bu illər ərzində gözəl anlayıb. Cəmiyyətimiz hansı qüvvənin dövlət və xalqın maraqları üçün çalışdığını gözəl bilir. Onlar görürlər ki, hakim YAP və onun lideri cənab Prezident İlham Əliyevin bütün fəaliyyəti dövlətimizin və xalqımızın rifahına hesablanmış addımlardır. Həmçinin, onlar bu addımların uğurla nəticələndiyinin, ölkəmizin məhz hazırkı iqtidarın dövründə hərtərəfli inkişafa nail olduğunun, Azərbaycanın beynəlxalq imicinin yüksəldiyinin şahidi olublar.  Bunun nəticəsidir ki, hakim partiyaya üzv olanların sayı ildən-ilə daha sürətlə artır. Yəni, onu demək istəyirəm ki, ölkə və xalqın rifahı naminə əldə etdiyi uğurlar cəmiyyətdə hakim partiyaya ciddi rəğbət oyadıb. Radikal müxalifət daxilində isə bu illər ərzində əks proseslər gedib. Bu qüvvələr ötən illər ərzində cəmiyyətə normal, pozitiv ideya və təkliflər verə bilməyiblər. Həmçinin, radikalların dayağı xalqdan almaq əvəzinə, xaricə üz tutmaları da  əhalinin onlara dəstək verməməsinin başlıca səbəblərindən biridir.  
Bu qüvvələrin bütün fəaliyyəti xalqın mənafeyini təmin edən proqram və təkliflərlə çıxış etmək əvəzinə, ancaq və ancaq xaricdəki hamilərinin sifarişlərini icra etməkdən ibarət olub. Nəticədə nəinki cəmiyyət onlardan üz döndərib. Hətta öz üzvləri arasında belə rəhbərlikdən narazılıq artıb ki, bu da radikallar daxilində istefaların sayının kəskin artması ilə müşayiət olunur. İndi radikal qüvvələrin sıraları xeyli seyrəlib. Artıq onlar siyasi səhnədən silinmək ərəfəsindədirlər. Tezliklə bunun da şahidi olacağıq”. 

Rüfət NADİROĞLU