Gömrükdə müsadirə olunan 460 mobil telefon yandırılaraq məhv edilib (FOTO)

25 Aprel 2017 17:27 (UTC+04:00)

Bu gün Sumqayıt şəhəri yaxınlığında xüsusi ayrılmış sahədə, müxtəlif vaxtlarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən saxlanılmış və məhkəmə qərarı ilə müsadirə olunmuş mallar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  Movqe.az-a verilən məlumata görə, bu mallar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız hesab olunub.

Həmin məhsullardan ümumi miqdarı 169 433 qutu təşkil edən müxtəlif adda tütün məmulatı istifadəyə yararsız sayıldığından zərərsizləşdirilib.

42 kq kolbasa, 46 kq hisə verilmiş balıq, 29,5 kq və 41 ədəd (113 qr-lıq bankalarda) balıq kürüsü də istifadə müddəti bitdiyi üçün yararsız hesab edilib və məhv olunub.

Müxtəlif adda 415 ədəd pivə, 2211 ədəd araq və kustar üsulla hazırlanmış 887 litr şərab standart tələblərə uyğun gəlmədiyi və istifadəyə yararsız olduğu üçün onlar da zərərsizləşdirilib.

İstifadə müddəti bitdiyi üçün yararsız hesab olunan 1160 ədəd mineral su, 3708 ədəd limonad, 850 ədəd kofe və 6763 ədəd sərinləşdirici və enerji içkisi də məhv edilib.

2458 qutu, 297 342 ədəd pirotexniki vasitə isə yanğın təhlükəsizliyi cəhətdən 1-ci sinifə aid olması, həmçinin daşınması, saxlanılması və istifadəsi zamanı insan sağlamlığına xəsarət yetirə biləcək yanğın və partlayış təhlükəli olduğu nəzərə alınaraq, onların da məhv edilməsi həyata keçirilib.

Bundan başqa, müxtəlif markalı 459 ədəd mobil telefon və 20.000 ədəd geyim etiketi kontrafakt məhsullara aid edildiyi üçün məhv olunub.

Nəhayət, gömrükçülər tərəfindən saxlanılan və məhkəmə qərarına əsasən müsadirə edilən mallar arasında 1237 qutu, 8734 ədəd və 3823 konvalyut müxtəlif dərman preparatı istifadə müddəti bitdiyi üçün yararsız hesab edilib və məhv olunub.

Bütün məhsullar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və Komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.