Əkrəm Əylisli Mir Şahinə cavab verdi
11 Fevral 2013 13:10 (UTC+04:00)
"Vaxt vardı ki, Mir Şahin mənə deyirdi ki,
"mən sənin əsərlərindən yazmağı, düşünməyi öyrənmişəm". İndiki kimi
yadımdadır bu kəlməni Mir Şahin özü mənimlə söhbətində söyləyib.
İndi isə mənim ölümümdən, dəfnimdən danışır. Danışır, danışır da.
Bu cür sözlər Mir Şahinin özünə məxsus ifadələrdir".
Bu sözləri Movqe.az-a açıqlamasında Əkrəm Əylisli dünən ANS
telekanalında kanalın vitse-prezidenti Mir Şahin Ağayevin onunla
bağlı "Hesabat" verilişində səsləndirdiyi fikrə cavab olaraq
söyləyib. Ə. Əylisli deyib ki, onun ölümü Allahın əlində olan
məsələdir: "Mənim ölümüm Allaha bağlıdır. Nə vaxt öləcəm, necə
öləcəm onu Allah bilir. Amma demək istəyirəm ki, M. F.
Axundov da öləndə nəşi üç gün Tiflisdə götürülmədi. Bu Allahın
işidir. İndi hamısı vətənpərvər olub".
Xatırladaq ki, M. Ağayev verilişdə "Hər halda Əkrəm Əylislinin
ölümü üçün indiki çağ ən münasib deyil! Ölməyin, yazıçımız! Xalqsız
yazıçımız! Yoxsa tabutunuz ağır olacaq. Azərbaycan Yerinin götürə
bilməyəcəyi dərəcədə ağır" fikrini səsləndirmişdi.