Əlaqə Arxiv
news Image
2019.11.24
14:26
| A A A
Deputat: Azərbaycanın Rusiya ilə hazırkı əlaqələri özünün ən yüksək səviyyəsinə çatıb

Bu gün Rusiya və Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni və bir çox sahələrdəki əməkdaşlıq çox yüksək səviyyədədir. Bu əlaqələrin əsası ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində şimal qonşumuzla hazırkı əlaqələrimiz özünün ən yüksək səviyyəsinə çatıb. Heç şübhəsiz ki, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın da bu əlaqələrin inkişafında danılmaz xidmətləri var. Mehriban xanım Əliyevaya Rusiya dövləti tərəfindən verilən orden onun bu əlaqələrin inkişafındakı xidmətlərinin sübutudur".

Bunu Trend-ə açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Azərbaycanın birinci vitse-prezidentinin bu vəzifədə Rusiya Federasiyasına ilk rəsmi səfərini şərh edən millət vəkili bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır:

"Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr və sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr və vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır".

S.Əliyeva onu da qeyd edib ki, dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ölkəmizin Rusiya ilə qarşılıqlı münasibətlərinə böyük əhəmiyyət verir. Onun Rusiya ilə münasibətlərimizin inkişafında xidmətləri kifayət qədərdir. Elə bu günlərdə Rusiya Federasiyasında rəsmi səfərdə olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və hökumətin sədri Dmitri Medvedevlə görüşü bu əlaqələrin davamlı olduğunun daha bir göstəricisidir. Bu gün ölkəmizdə Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq da diqqəti çəkəndir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar məbləğində sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür".

Millət vəkili bildirib ki, humanist, xeyriyyəçi layihələrin təşəbbüskarı kimi nüfuz qazanan Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti və genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə böyük nüfuza malikdir: "Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Bu humanitar və mədəni tədbirlər, artıq beynəlxalq məkana bəlli olan həqiqətdir. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib. Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir".

Sizin Reklam Yeriniz