Əlaqə Arxiv
news Image
2020.02.27
12:21
| A A A
Dünyanı dəhşətə salan virus dezinfeksiya işlərini gündəmdə saxlayır

Son zamanlar dünyanı ağuşuna alan, hətta qonşularımız İran və Gürcüstana qədər irəliləməyi bacaran koronavirus ölkəmizdə insanların sıx olduğu yerlərdə virus əleyhinə aparılan dezinfeksiya  işlərini yenə gündəmdə saxlayır.

İnsanların sıx olduğu metroda, avtobusda təhsil müəssisələrində vəziyyət necədir, virusa qarşı hansı tədbirlər görülür? Bu sulllara cavab tapmaq məqsədi ilə Mövqe.az insanların sıx olduğu bəzi müəssə və şirkətlərin mətbuat xidməti ilə əlaqə saxlayıb vəziyyətlə maraqlandı.

 

İlk olaraq sualı insanların ən çox sıxlıq təşkil etdiyi məkana -  Bakı Mertopoliteninə yolladıq.  Bakı Mertopoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri  Bəxtiyar Məmmədov sualımıza cavab olaraq bildirdi ki, virus yayılmadan öncə də qatarlarda və stansiyalarda ayda iki dəfə həm hər bir stansiya, həm də hər bir qatar dezinfeksiya olunur. Son günlər virus səbəbi üzündən  dezinfeksiya işıərinin aparılması üçün gündəlik qrafik müəyyən olunub.

O, həmçinin qeyd etdi ki, hər gün bütün stansiyalarda əl təması olan bütün səthləri gündəlik olaraq bir neçə dəfə xüsusi dezinfektantlarla silinib təmizlənir. Dezinfektantlar zərəri barədə soruşduqda, Bəxtiyar müəllim bildirdi ki, sərnişinlərin sağlamlığı üçün tam təhlükəsizdir.

Sualımıza növbəti cavabı 14 marşrut xətti, 300-ə qədər avtobusu ilə sərnişinlərə xidmət göstərən "Xaliq Faiqoğlu" şirkətinin  sözçüsü Nizam Rzayev verərək bildirdi ki,  "Xaliq Faiqoğlu" şirkəti tərəfindən avtobusların həm çöl hissələrinin, həm də salonunun hər gün yuyulub-təmizlənməsi həyata keçirilir. Bununla yanaşı əvvəlcədən müəyyən edilmiş proqrama əsasən müntəzəm olaraq nəqliyyat vasitələri dezinfeksiya edilir. Bu məqsədlə ixtisaslaşmış təmizlik şirkəti ilə müqavilə imzalanıb və dezinfeksiya, eləcə də kimyəvi təmizləmə prosesi tələblərə uyğun formada həyata keçirilir. Son vaxtlar dünyada vüsət alan virusla əlaqədar şirkət tərəfindən dezinfeksiya işlərinə diqqət daha da artırılıb və bu həftənin bazar günü saat 10:30-dan etibarən avtobusların yenidən dezinfeksiyası planlaşdırılır. Kütləvi informasiya vasitələrini və ictimaiyyət nümayəndələrini prosesi izləmək üçün avtobus parkımıza dəvət edirik.

Azərbaycan Texniki Universiteti də tələbələrin sıxlıq təşkil etdiyi ali təhsil ocaqlarından biridir. Virusla bağlı sualımıza Mətbuat Xidmətinin rəhbəri Sevinc xanım İsgəndərova cavab olaraq bildirdi ki, Azərbaycan Texniki Universitetində mütəmadi olaraq ay ərzində bir dəfə dezinfeksiya işləri aparılır. O ki, qaldı hazırda bir sıra ölkələrdə yayılan koronavirusa, deyə bilərəm ki, universitetin tələbələri arasında və yataqxanalarında bununla bağlı heç bir şübhəli hal qeydə alınmayıb.

Tez-tez tədbirlərə ev sahibliyi edən Azərbaycan  İlahiyyat  İnstitutunun da cavabı bizim üçün maraqlı oldu. Mətbuat Xidmətinin rəhbəri Ayşən xanım Hüseynova sorğumuza cavab olaraq bildirdi ki, Təhsil Nazirliyinin ali və orta ixtisas məktəblərinə göndərdiyi məktuba əsasən İnstitutda əmr hazırlanıb. Məktubda göstərilən müddəalara uyğun olaraq ali təhsil müəssisəsində tibbi-profilaktik tədbirlərlə bağlı işçilər və tələbələr arasında maarifləndirmə və izahat işləri həyata keçirilir, kəskin respirator xəstəliklər müşahidə olunduğu zaman onlar müayinələrə göndərilir, eyni zamanda İnstitutda dezinfeksiya işlərinin aparılması nəzərdə tutulur.

Mövzu aktual olduğu üçün diqqətdə saxlayıb, müxtəlif nazirliklərin, idarə və müəssisələrin virusa qarşı apardıqları profilaktik tədbirlər və dezinfeksiya işlərini mütəmadi dərc edəcəyik.

 

Elnurə 

Sizin Reklam Yeriniz