Əlaqə Arxiv
news Image
2020.02.27
13:23
| A A A
Təhsil Nazirliyi valideynlərin təlaşına son qoydu
Məlumdur ki, son zamanlar koronavirus həyəcanı övladları təhsil alan valideynləri də təşvişə salmaqda davam edir. Mövqe.az-a yazılan müraciətlərdə oxucularımız dezinfeksiya və dərslərin dayandırılması barədə tez-tez suallar verir, müraciətlər edirlər. Bütün bunları nəzərə alaraq Mövqe.az olaraq sullarımızı rəsmi olaraq Təhsil Nazirliyinə yolladıq. Nazirliyin cavabının şagirdlər və valideynlər üçün maraqlı olacağını nəzərə alıb, olduğu kimi sizin ixtiyarınıza buraxıram, əziz oxucular: Sorğunuza cavab olaraq bildiririk ki, bütün ölkə ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı ilə edilə bilər. Ayrı-ayrı ümumi təhsil müəssisələrində isə müddətlər Təhsil Nazirliyinin əmri əsasında dəyişdirilə bilər. Eyni zamanda Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair təlimati məktub ünvanlamışdır. Təlimati məktubda bildirilir: Ø Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi; Ø Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi; Ø Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması; Ø Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması; Ø Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması; Ø Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması. Məlumatınız üçün bildirək ki, ötən həftələrdən məktəblərdə dezinfeksiya işlərinin icrasına başlanılmışdır.
Sizin Reklam Yeriniz