Əlaqə Arxiv
news Image
2020.06.16
18:23
| A A A
Mətbuat Şurasının sədri: “Fərman Bağırovun koronavirusdan ölməsi jurnalistlər üçün siqnal olmalıdır”

Tanınmış fotojurnalist, "Azərbaycan" qəzetinin əməkdaşı Fərman Bağırov koronavirus bəlasından dünyasını dəyişmiş ilk Azərbaycan jurnalistidir.

Mövqe.az APA-ya istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə. Amaşov qeyd edib ki, bu xəstəliyə yoluxan media nümayəndələrimiz var: "Sevindirici haldır ki, onların sırasında sağalanlar çoxdur. Hər bir halda onu nəzərə alaq ki, Fərman müəllimin vəfatı jurnalistlər üçün siqnal olmalıdır. Azərbaycan Mətbuat Şurası indiyədək jurnalistlərin koronavirus dövründə fəaliyyətinin müxtəlif aspektlərinə toxunan tövsiyələr hazırlayıb, çağırışlar edib".

Mətbuat Şurasının sədri həmin tövsiyə və çağırışlarda əsasən iki məqama diqqət yetirildiyini vurğulayıb: "Birinci, jurnalistlərin təhlükəsizliklərinin qorunmasıdır. Burada redaksiya rəhbərlərinə peşə vəzifələrini həyata keçirmək üçün müxtəlif yerlərə göndərdikləri jurnalistlərin gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət həyata keçirmələri əsas götürülüb. Eyni zamanda, jurnalistlər özləri də qoyulan qaydalara əməl etməlidirlər, hər hansı laqeydlik yolverilməzdir. İkincisi, jurnalistlərin koronavirusla bağlı həssas davranmalarıdır. Biz müxtəlif vaxtlarda ayrı-ayrı sosial şəbəkə profillərində, xəbər saytlarında virusla əlaqədar sensasion xarakterli fikirlərin, dezinformasiyaların yayıldığını görürdük. Bildirirdik ki, insanları təlaş içərisində saxlamaq, ruh düşkünlüyü yaratmaq qətiyyən yolverilməzdir. Bu fikri yenə də vurğulayırıq. Ancaq son vaxtlar müşahidə edilən tendensiya ondan ibarətdir ki, bəzi sosial şəbəkə profillərində koronavirusla bağlı əsasən lağlağılar, xəstəliyin miqyasını kiçildən bilgilər paylaşılır. Bu yolla sanki ona əhəmiyyətsiz yanaşma təlqin edilir ki, belə münasibət də təhlükəlidir, qurbanların və yoluxanlarını sayını indiki həddən də yüksək edə bilər".

Sizin Reklam Yeriniz