news Image
2013.04.18
07:29
| A A A
Əfqanıstandan gələn tiryək təhdidi...
Bu il həmin ölkədə daha çox tiryək istehsal olunacağı gözlənir Məlum olduğu kimi Əfqanıstanda istehsal olunan narkotik vasitələrin daşınmasında Azərbaycan ərazisindən də tranizit yer kimi istifadəyə cəhdlər edilir. Araşdırmalara görə, narkotik vasitələr ölkəmizə üç marşrutla daxil olur: Əfqanıstan-İran-Azərbaycan; Əfqanıstan-Pakistan-İran-Azərbaycan və Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan.
Bu sahədə dördüncü marşrut Əfqanıstan-İran-Dağlıq Qarabağ üzrədir və bu marşrut ilə narkotik vasitələr MDB və Avropa ölkələrinə daşınır. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bununla bağlı bildirib: "BMT-nin rəsmi sənədlərinə düşməmiş dördüncü marşrut isə Əfqanıstan-İran-Dağlıq Qarabağ xəttidir və biz çalışırıq ki, bu marşrut BMT-nin rəsmi sənədlərinə düşsün. Bu marşrut BMT-nin hesablamalarından kənarda qalır. Həmin narkotik maddələr oradan həm Avropa, həm də MDB ölkələrinə daşınır".
Belə bir vaxtda isə Əfqanıstanın yaratdığı narkotik təhdidin daha da böyüməsi gözlənir. Məsələ burasınaddır ki, Əfqanıstanda fermerlər bol məhsul mövsümü ilə üzləşirlər. Amma BMT və dünya rəsmiləri bayram etməyə tələsmir. Belə ki, söhbət tiryək məhsulundan gedir. Helmənd vilayətində günəşli bir gündə fermerlər tiryək məhsulunu yığmaqla məşğuldurlar. Üçüncü ildir tarlalarda xaş-xaş boldur. Fermer Faiz Məhəmməd "Amerikanın səsi"nə açıqlamasında qeyd edir ki, bundan xəcalət çəkmir. "Biz bu bölgədə ən yoxsul insanlarıq. Əgər biz xaş-xaş becərməsək, ailəmizi dolandıra bilmərik. Biz qarğıdalı və taxıl da əkirdik, lakin bu məhsullar çox ucuz satılır, həmin gəlirlə dolanmaq olmur. Xaş-xaş isə yaxşı gəlir gətirir".
Tiryəkin bəxş etdiyi var-dövlət ölkənin bərbad iqtisadiyyatı ilə təzad təşkil edir.
Fermer Hacı Abdulla tiryək yetişdirilməsinin Taliban təzyiqləri səbəbindən deyil, mənfəətli olduğuna görə çiçəkləndiyini deyir: "Taliban bizə təzyiq göstərmir. Fermerlərin özləri xaş-xaşın taxıldan qat-qat çox gəlir gətirdiyini bilir. Məsələn, biz 100 kq qarğıdalını 1 dollar 89 sentə satırıqsa, xaş-xaşı 37 dollar 80 sentdən 94 dollar 57 sent arasında satırıq, bu isə əfqan puluna çevirəndə 2000-dən 5000 arasında əfqaniyə bərabərdir. Böyük fərq var, bu da fermerlərin xeyrinədir".
BMT-nin Narkotik Maddələr və Cinayət şöbəsi isə dünyada tiryək təchizatının 90 faizinin Əfqanıstanda istehsal edildiyi barədə xəbərdarlıq edir. BMT-dən Jan Luk-Lumehyu bunun yaxşı hal olmadığını deyir: "Biz son onilliklərdə narkotik maddə alverinin xeyli artdığını müşahidə etmişik. Mən deyərdim ki, tiryək hasilatının artması bizim öz işimizdə iflasa uğradığımızı göstərib". Lumehyu fermerlərin yalnız tiryək yetişdirdiyini deyil, həm də onların özlərinin istifadə etdiyini deyir: "Narkomaniya Əfqanıstanda ən böyük problemdir. Hal-hazırda ölkədə bir milyon istifadəçi var və bu da sağlamlığa böyük təhlükədir. Bunun cavabını kim verəcək?" Helmənd vilayətində xaş-xaş yetişdirən fermerləri isə bu sual maraqlandırmır, onlar ailələrini dolandırmaq üçün başqa yollarının olmadığını deyirlər.
Əfqanıstandan Azərbaycana gətirilən əsas narkotik maddə də məhz tiryəkdir. Azərbaycan hökuməti öz nəzarətindəki sərhədlərdə narkotik idxalını azaltmağa nail olsa da, nəzarət edə bilmədiyi regionun əsas narkotik axını ordan baş verir.
Hələlik isə bir məsələdqiqdir ki, bütün dünya ölkələri üçün getdikcə daha ciddi bəlaya çevrilən narkomaniya problemi Azərbaycan üçün də aktualdır. Bunu şərtləndirən əsas səbəblərdən biri narkotik qaçaqmalçılarının Azərbaycan ərazisindən tranzit məkan olaraq istifadə etməyə çalışmalarıdır. Daha bir mühüm məqam isə aparılan mübarizəyə, maarifləndirmə işlərinə rəğmən, ölkəmizdə narkotik maddələrin aludəçilərinin sayının artmasıdır. Aparılan digər araşdırmalara görə, ölkəmizdə narkomanlar tərəfindən heroin və tiryəkdən daha çox istifadə olunur.
money.az currency