Əlaqə Arxiv
news Image
2013.04.23
08:54
| A A A
İdxal edilən kartofun yaratdığı böyük təhdid


Hazırda zəruri tələbatı ödəmək üçün istifadə etdiyimiz qida məhsullarının müəyyən hissəsi xaricdən idxal olunur. Bunların sırasında kartofu da göstərmək olar ki, bu gün daxili bazarımızda Türkiyə, İran, Pakistan, Rusiya və digər ölkələrdən gətirilən kartoflar üstünlük təşkil edir.
Amma vaxtaşırı idxal olunmuş kartofun keyfiyyəti məsələsi gündəmə gəlir. Yəni, onun GMO olub - olmaması, tərkibindəki gübrə və digər qatışıqların insan səhhəti üçün zərəri həmişə xüsusi diqqət mərkəzindədir. Çünki bunlar öz növbəsində müxtəlif xəstəliklərə vəsilə ola bilirlər.

 "Belə hallar keçən il olsa da, hələlik bu il baş verməyib"

Məsələyə münasibət bildirən Kənd təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının müdiri Yaqub İbrahimov qeyd etdi ki, biz, ölkəyə daxil olan kartofun tərkibindəki kimyəvi, zəhərli maddələri yox, onlara verilən gübrənin, xüsusən də nitratın miqdarını yoxlayırıq: "Əgər nitrat yuxarı miqdarda olarsa, onun yandırılması üçün müvafiq orqanlara xəbər veririk. Ancaq xeyli müəddətdir ki, nə İrandan, nə də Türkiyədən gələn kartofun tərkibindəki nitratın miqdarının yüksək olması faktı aşkar edilməyib. Belə hallar keçən il olsa da, hələlik bu il baş verməyib".
Yaqub İbrahimovun sözlərinə görə, onun yoxlanılması gömrükdə də ola bilər: "Ölkəyə daxil olandan sonra isə bizdə yoxlanılır. Bizim xidmətin müfəttişləri tərəfindən onlardan nümunələr götürülür. Əgər nitritin həddi yuxarı səviyyədə alınırsa, xidmətin rəisinə, nazirliyə xəbər verilir".

"Çəkisi böyük olan kartoflar yemək üçün yararlı deyil"

Amma Azad İstehlak Birliyinin sədri Eyyub Hüseynov başqa fikirdədir: "Bizdə rəsmi məlumatlar var ki, İranda genetik modifikasiya olunmuş (GMO) məhsullar yetişdirilir. Yəni, heyvan genlərinin bitkiyə köçürülməsi baş verir. Amma buna baxmayaraq, İrandan Azərbaycana külli miqdarda kartof gətrilir. Həddindən artıq böyük kartoflar GMO, ya da külli miqdarda pessitlər, nitritlər qəbul etmiş kartoflardır. Ümumiyyətlə, istehlakçılar bilməlidirlər ki, çəkisi böyük olan kartoflar yemək üçün yararlı deyil. Ancaq nə qədər müstəqil laboratariya, ekspertiza yoxdursa, vəziyyət yaxşılaşmayacaq".
Sədr onu əlavə etdi ki, bunun qarşısını almaq üçün yerli istehsalın səviyyəsini artırmaq lazımdır: "Yerli istehsal hər cəhətdən üstündür. Çünki, yerli istehsalda orqanik gübrələrdən istifadə olunur. AİB yaxın zamanlarda yerli mallara, kənd təsərrüfatı istehsal edən müəssisələrə qızıl, gümüş və platin keyfiyyət mal nişanı verəcək. Bununla bağlı ABŞ İnkişaf Agentliyi bizimlə iş aparır. Təbliği də aparılacaq ki, yerli mallar alınsın. Çünki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq ərəfəsindədir. Azərbaycan bu vəziyyətdə daxil olsa, yerli istehsal, orta, kiçik biznes və o cümlədən kənd təsərrüfatı zəifləyəcək".

 "İdxal olunan kartoflar əsasən texniki sortlardır"


Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, kartof istehsalında 4 növ kartof var: "Ərzaq, heyvandarlıqda, istifadə edilən, texniki və universal sort. Texniki sortdan spirt alınmasında, plastmas əşyaların istehsalı üçün xammal kimi istifadə olunur. Universal sort isə həm heyvandarlıqda, həm də ərzaqda istifadə edilə bilər. Əgər universal kartof heyvandarlıqda istifadə olunarsa, ona kalium gübrəsi daha çox verilir. Texnoloji baxımından fərqli olduğu üçün aqrotexniki qulluq qaydaları da fərqlidir. İranda, Türkiyədən gələn kartoflar əsasən texniki sortlardır. Bu, xarici görünüşündən də hiss olunur. Hətta bəziləri də heyvandarlıqda istehsal olunan kartoflardır ki, onların dəyəri çox ucuzdur. Məsələn, 2011 - ci ildə Rusiyadan Azərbaycana idxal olunan kartofun idxal dəyəri 1 kq üçün 2.5 qəpik olub. Bu dəyər ona görə ucuz olub ki, Rusiyada məhsuldarlıq bir hektarda 100 tona qədər idi. Görünür ki, gübrələrdən çox istifadə etdikləri üçün o qədər məhsul əldə edə biliblər. Kartof da xüsusən kalium gübrəsini çox sevir. Bunun da hər bir sort üçün öz norması var. Kalium gübrəsi ərzaq üçün istifadə edilən kartofa az vurulur. Bu baxımdan xaricdən gələn kartofun xarici görünüşü onu deməyə əsas verir ki, həmin məhsul yetişdirilən zaman gübrələrdən daha çox istifadə olunub. Xüsusən də kalium gübrəsindən. Bu da normadan artıq olduğu üçün insan orqanizmində fəsad yaradır. Digər bir maddə də solonindir. Solonin orqanizm üçün olduqca zərərli maddədir. İstehsalçı eyni anda həmin kartofdan çox istifadə edərsə, ölüm həddinə qədər çata bilər".
Ekspertin sözlərinə görə, adi insan üçün kartofun tərkibindəki nitratın miqdarını təyin etmək çətindir: "Amma ilkin olaraq xarici görünüşünə baxıb, onun keyfiyyətini yumruların həcmi ilə müəyyən etmək olur. Əgər yumruların həcmi həddindən artıq böyükdürsə, deməli, qidalanma zamanı ona daha çox mineral gübrə verilib. İkincisi, ərzaq kartofunun gözcükləri üzdə, texniki sortların gözcüyü isə dərində olur. Bundan başqa, ərzaq kartofunda gözcüklərin sayı çoxluq təşkil edir. Bir də ki, əgər kartofun üz hissəsinin rəngi yaşıllaşıbsa, bu da zərərlidir".
Sizin Reklam Yeriniz