news Image
2013.04.23
07:57
| A A A
Alverçilərin bahalı qiymət siyasətinə son qoyulacaq?!
Sabir Vəliyev: "Zorla qiymət endirilməsini tələb etmək sovet dövrünün psixologiyasına məxsus düşüncə tərzidir" Vahid Məhərrəmov: "Tədarükçünün məhsulu qiymətləndirərkən hansı dəyərə qədər prosesin təbii olduğunu, hansı dəyərdən sonra isə prosesdə süniliyin yarandığını müəyyənləşdirmək mümkünsüzdür" Azərbaycan bazarlarında məhsul bol olsa da, hələ də müxtəlif mallar üzrə qiymətlər yüksək olaraq qalır. Ekspertlər bazarda satılan meyvə və tərəvəz məhsullarının qiymətinin baha olmasının səbəbini burada fəaliyyət göstərən inhisarçı alverçilərlə əlaqələndirirlər. Belə ki, məhsulu istehsal edən fermer əksər hallarda onu bazara çıxararaq şəxsən özü sata bilmir. Bazar alverçiləri buna maneə olaraq, fermerin gətirdiyi məhsulu özləri alaraq vətəndaşlara satırlar.
Bu halda da istər-istəməz qiymətlər kəllə-çarxa çıxır. Bunun nəticəsidir ki, hökumət tərəfindən yarmarkalar təşkil olunub. Burada kənd təsərrüfatı məhsullarının qiymətləri bazarla müqayisədə bir qədər ucuz başa gəlir. Hökumət səviyyəsində bazarda qiymətləri diqtə edən inhisarçı alverçilərə qarşı müəyyən mübarizə tədbirləri də görülür. Amma bütün hallarda görünən odur ki, bütün tədbirlərə rəğmən, inhisarçı alverçilər yenə də öz əməllərini davıam etdirməkdədirlər. Bu əsasda belə fikirlər səslənir ki, bazarda hökm sürən bu inhisarçılığın qarşısını almaq üçün bazar alverçilərinə qarşı daha ağır cəzalar tətbiq olunsun. Məsələn, artıq Milli Məclisdə bununla ilgili təklif olunan qanun layihəsinə əsasən, bazarda süni qiymət qaldıranlar 6 il müddətinədək azadlıqdan məhrum edilə bilər.
Görəsən, bu təklifin reallaşması bazarda hökm sürən inhisarçılığa son qoya biləcəkmi?
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov belə bir cəzanın tətbiqinin mümkünsüz olduğunu bildirdi: "Öncə onu qeyd edim ki, bazarda fəaliyyət göstərənlərə alverçi demək olmaz. Onlar tədarükçülərdir. Müəyyən məhsulu alıb risq edir, məhsulu saxlayır və müəyyən müddətdən sonra onu bazara çıxararaq satır. Onun hər hansı bir kənd təsərrüfatı məhsulunu topdansatış bazarından alıb gətirib digər bazarda satması da qanunazidd hərəkət deyil. Bu səbəbdən də həmin şəxslərə alverçi adı vermək yaxşı hal deyil. Tədarükçilərin məhsulu bir qiymətə alıb, digər daha baha qiymətə satmaları da bazar iqtisadiyyatı şəraitində normal haldır. Bir sıra hallarda bazarda təklifin artması fonunda məhsulun qiymətinin düşməsilə o ciddi risk altına düşə bilər. Bəzən məhsulun bir hissəsi xarab olduğundan həmin tədarükçülər də ziyan çəkirlər. Yəni heç də bütün hallarda dediyiniz bu alverçilər satışdan uduşla çıxmırlar. Ortaya belə iddia qoymaq ədalətsizlik olardı. Həmin tədarükçü alverçilərə cinayət məcəlləsinin tətbiqi də doğru olmazdı. Ümumiyyətlə, süni qiymət artımı sözünün özü sünidir. Tədarükçünün məhsulu qiymətləndirərkən hansı dəyərə qədər prosesin təbii olduğunu, hansı dəyərdən sonra isə prosesdə süniliyin yarandığını müəyyənləşdirmək mümkünsüzdür. Bu qeyri-müəyyəndir, ona görə də qanunun alverçiyə həmin əməlinə görə cəza tətbiq etmək maddəsi heç zaman işləməyəcək. Bazarda qiymətlərin artıq olmasının əsasında rəqabətin olmaması dayanır. Rusiyadan alınan kartofin idxal dəyəri 25 qəpiyə olsa da, burada iki dəfə baha satılır. Türkiyə və İrandan gətirilən kartofun idxal dəyəri 6 qəpikdir, burada isə xeyli baha satılır. Ukraynadan gətirilən 10 ədəd yumurtanın idxal dəyəri 47 qəpikdir, burada isə 80 qəpiyə verilir. Ukraynadan gətirilən südün idxal dəyəri 1 manat 48 qəpik olduğu halda, 3 manat 50 qəpik-4 manata satılır. Bütün bu hallar rəqabətin olmamasından baş verir. Rəqabət mühiti formalaşarsa orada artıq süni qiymət artımından söhbət gedə bilməz. Qiymətlər adətən təklif azalıb, tələb artanda qalxır, yəni bazar əsasında tənzimlənməlidir".
Kənd Təcərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev də bazar inhisarçılarına qarşı həbslə müşayitə olunan cəza tədbirinin tətbiqinin əleyhinə olduğunu dedi: "Bəzən həqiqətən də belə fikirlər sələnir ki, bazarda süni qiymət qaldıranlara qarşı həbs cəza tədbirləri də həyata keçirilsin. Amma belə bir qanunun qəbul olunması yolverilməzdir. Çünki ölkəmiz demokratik prinsiplər əsasında inkişaf etməlidir. Ona görə də bazardakı qiymətləri də bazarın özü nizamlamalıdır. Zorla qiymət endirilməsini tələb etmək sovet dövrünün psixologiyasına məxsus düşüncə tərzidir. İndiki halda buna getmək olmaz. Hansı məhsulu almaqla bağlı seçimi insanlara vermək gərəkdir. Prosesi bazarın konyukturası tənzimləməlidir. Qiymətlərin enməsi üçün Kənd Təsərrüfatı Nazirliyi çalışır ki, yerlərdə tədarük satış bazaları yaradılsın. Belə olarsa, qiymətləri də nizamlamaq mümkün olacaq".