Əlaqə Arxiv
news Image
2012.04.03
19:24
| A A A
Rauf Həbibova qarşı elə bir arqument tapılmır
"Quba bələdiyyəsinin sədri Elxan Əliyevin rayonda çox böyük hörməti var. Qubalıdır, xalq onu sevir". 53 saylı Quba-Qusar seçki dairəsindən deputat, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Yevda Abramov "Media forum" saytına belə deyib.

Deputat bildirib ki, Quba hadisələrinə görə aparılan istintaqın materialları ilə tam tanış olmayınca bələdiyyə sədri Elxan Əliyevin bu işdə günahının olub-olmadığını söyləyə bilməz: "Onun ifadələrini oxumayınca bunu deyə bilmərəm. Hadisələrə görə ən sonuncu həbs olunan şəxs Elxan Əliyevdir. Onu niyə ən axırda həbs ediblər? Deməli, ya əvvəl tutulan insanlar onun adını hallandırıblar, ya da istintaq belə qənaətə gəlib ki, onun hadisələrdə rolu var. Amma mən Elxan Əliyevi xeyriyyəçi kimi tanıyıram. Xüsusən də gənclərin tərbiyəsi və idman məsələlərində Elxan Əliyevin çox böyük rolu var.

Son zamanlar bələdiyyə sədri kimi Qubanın abadlaşdırılmasında da çox aktiv iştirak edib. Onu da deyə bilərəm ki, keçmiş icra başçısı Rauf Həbibovla bələdiyyə sədri Elxan Əliyevin münasibətləri həmişə səmimi olub, onlar dostluq ediblər, bir yerdə çörək yeyiblər, şəhərin abadlaşdırılmasında eyni mövqedə olublar.

Elxan Əliyevi çoxdan tanıyıram, hətta valideynləri ilə tanışıq. Onun hansısa pis işlərlə məşğul olmasına, icra başçısının vəzifəsindən uzaqlaşdırılması üçün nəsə planlaşdırmasına inanmıram. O, belə niyyəti olan insan deyil. Ancaq heç kim heç nədən sığortalanmayıb".

Deputat deyib ki, Rauf Həbibovun qalmaqala səbəb olan çıxışını etdiyi iclasda olmayıb, iclasdan çəkilişə də tam baxmayıb: "Yalnız internetdə yayılan videoya baxmışam".

"Sizcə, Qubanın keçmiş icra başçısı Rauf Həbibova da cinayət işi açılmalıdırmı" sualına Yevda Abramov belə cavab verib: "Əgər keçmiş icra başçısının müəyyən günahları sübuta yetirilibsə, təbii ki, istintaq orqanları keçmiş başçı üçün də iş açar. Amma hesab edirəm ki, elə bir arqument tapılmır. Çünki indi üzə çıxır ki, internetdə yayılan video ümumi mətndən götürülüb, kontekstdən çıxarılıb və qubalıları aşağılayan cümlələr saxlanmaqla yayılıb, orada tam məzmun verilməyib. Ola bilər ki, mübtədanın arxasında olan xəbər və tamamlıqlar başqa məna daşıyıb. Amma insanlar emosiyaya qapıldılar, tələm-tələsik bu işə başladılar. İndi buna qiymət vermək istintaq orqanının işidir".
Sizin Reklam Yeriniz