news Image
2012.09.25
07:08
| A A A
Banklarda ipoteka krediti üçün pul tapılmır
Bu növ kreditlərlə bağlı məsələnin parlamentin payız sessiyasında yenidən gündəmə gətirilməsi gözlənir İpoteka kreditlərinin şərtlərinin sadələşdirilməsinin zəruriliyi barədə rəsmi səviyyədə də çoxdan fikirlər səsləndirilməsinə baxmayaraq, bu istiqamətdə hələ ki, konkret addımlar atılmayıb. Nəticə isə ondan ibarətdir ki, həm indiki şərtlər, həm də ayrılan maliyyə vəsaitinin azlığı üzündən bu kredit vasitəsilə ev alanların sayında azalma qeydə alınmaqdadır.

Belə ki, əhaliyə verilən ipoteka kreditlərinin həcminin azalması fonunda ipoteka krediti ilə ev alanların sayı da xeyli aşağı düşüb. Milli Məclisdə hesab edirlər ki, ipoteka üçün hazırki büdcədə nəzərdə tutulan məbləğ çox azdır. Ona görə də, gələn ilin büdcəsində bu istiqamətə yönələcək vəsait mütləq artırılmalıdır.

Komitənin üzvü, millət vəkili Əli Məsimlinin fikrincə, hazırki büdcədə nəzərdə tutulan 20 milyon manat ölkədə ipoteka kreditlərinə olan tələbatı ödəmir. Rəsmi məlumatlardan da görünür ki, ölkədə əhaliyə verilən ipoteka kreditlərinin həcmi azalıb. Avqust ayında İpoteka Fondunun xətti ilə 3,24 milyon manatlıq ipoteka krediti verilib ki, bu da iyul ayı ilə müqayisədə 27% azdır. İyulda bu rəqəm 4.44 milyon manat olub. Ümumilikdə isə yanvar-avqust ayları ərzində verilən ipoteka kreditlərinin məbləği 42,51 milyon manat təşkil etsə də, bu ötən ilin eyni dövrü ilə nisbətdə 30,7% aşağı göstəricidir.

Əmlak bazarı üzrə ekspertlər bildirirlər ki, son vaxtlar ipoteka kreditləri ilə ev alanların sayında da azalma müşahidə olunur. Əsas səbəb kimi isə bankların ipoteka kreditlərini verməməsi göstərilir. Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundovun sözlərinə görə, 2-3 aydır ipoteka ilə ev almaq istəyən, girov üçün ev də tapan adamlar var. Ancaq bank kredit vermir. Çünki ipoteka üçün vəsait çatışmır. Onun fikrincə, ayrılan vəsait artırılsa, yaxşı olar. Xatırladaq ki, ümumilikdə ipoteka kreditləşməsinin başlanmasından indiyədək İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin həcmi 388,05 milyon manata bərabərdir.

Məlumatlara görə, Milli Məclisin payız sessiyasında İpoteka kreditlərinin sadələşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bununla bağlı bildirib: "İqtisadi siyasət komitəsində 2013-cü il dövlət büdcəsi haqqında müzakirələr aparılan zaman bu məsələnin yenidən gündəmə gətirilməsi və gələn il üçün dövlət büdcəsindən İpoteka kreditləri üçün daha çox vəsaitin ayrılması təklifini vermişəm. Parlament payız sessiyası işə başladıqdan sonra bu məsələ gündəmə gətiriləcək".

Onun sözlərinə görə, İpoteka krediti dünyada ən çox inkişaf etmiş kredit formasıdır. İnsanlar özlərini mənzillə təmin etmələri üçün, bu kredit formasından daha çox istifadə edirlər: "Milli Məclisdə 2006-cı ildə İpoteka kreditləri ilə bağlı qanun layihəsini qəbul edəndə bu vacib qanun kimi qəbul edildi. Sonradan ölkə başçısının tapşırığına əsasən, bu qanunda müəyyən dəyişikliklər olundu. Amma təssüflər ki, İpoteka kreditlərinə hər il dövlət büdcəsindən ayrılan məbləğlər azaldılır. Amma biz hər zaman bu kreditlərə dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını tələb etmişik və bir aralar Mərkəzi Bankın idarə heyətinin sədri Elmar Rüstəmov da bizə dəstək verdi. Amma müəyyən səbəblərə görə, bu məsələ sözdə olaraq qalır və heç bir iş görülmür. Hesab edirəm ki, İpoteka kreditlərinin sadələşdirilməsi ilə bağlı payız sessiyasında yenidən gündəmə gətiriləcək və bu məsələninin müəyyən qədər həllinə nail olacağıq".

V.Əhmədov vurğulayıb ki, hazırda İpoteka kreditlərinin şərtlərinin dəyişdirilməsi Azərbaycan hökumətində baxılır: "Hesab edirik ki, ümumiyyətlə, ipoteka kreditlərinin ilkin şərti faizsiz və ya cüzi fazilə vətəndaşlara verilməlidir. Həmçinin ilkin ödəniş məsələsi aradan qaldırılmalı, vətəndaşlara verilən məbləğ artırılmalı və tələb olunan sənədlərin sayı azaldılmalıdır".

Mütəxəssislər də deyir ki, ipoteka şərtləri kifayət qədər əlverişli deyil və regionlara ümumiyyətlə, çox az gedib çıxır. Məlumat üçün bildirək ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ildən başlanıb. Hazırda Azərbaycan İpoteka Fondu tərəfindən adi və güzəştli, başqa sözlə, sosial ipoteka kreditləri verilir. Adi ipoteka kreditləri illik 8 faizlə 25 il müddətinə verilir ki, bu zaman məbləğin ən azı 20 faizi əvvəlcədən ödənməlidir. Bu kreditin maksimum məbləği 50 min manatdır. Gənc ailələr, elmi dərəcəsi olanlar, hərbçilər, müharibə iştirakçıları kimi imtiyazlı şəxslərə nisbətən yüngül şərtlərlə verilən sosial ipoteka krediti 30 il müddətinə, illik 4 faizlə, ümumi məbləğin 15 faizi əvvəldən ödənməklə verilir. Bu kreditin maksimum məbləği isə 35 min manatdır.
Müqayisə üçün bildirək, qonşu ölkələrdə ipoteka kreditlərinin faizi kifayət qədər aşağıdır. Məsələn, Gürcüstanda ipoteka 4 faizlə, Türkiyədə 3,7 faizlə, Rusiyada isə 3 faizlə verilir. Avropa ölkələrində isə bu rəqəm daha da aşağıdır. Belə ki, bu ölkələrdə ipoteka faizi 1,3 faizdən başlayır və yalnız az sayda Avropa ölkəsində bu göstərici 4 faiz təşkil edir. Onu da bildirək ki, bu günlərdə Rusiyada hökumət ipoteka kreditlərinə görə faiz dərəcəsinini 5-6 faizə endirmək qərarına gəlib. Azərbaycanda bu istiqamətdə iş aparıldığı barədə məlumatlar verilsə də, ipoteka kreditlərində dəyişikliklərlə bağlı işlər yubadılır. Ekspertlərin fikrincə, bu sahədəki işlər sürətləndirilməli və adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 1-2 faizə endirilməlidir. Bununla yanaşı, ipoteka krediti ilə verilən vəsait heç olmasa, ailəyə iki otaqlı mənzil almağa yetərli səviyyəyə qaldırılmalıdır. İlkin ödənişin aradan qaldırılması və ya daha əlçatan variantla əvəz edilməsi də zəruridir. Elə mexanizm hazırlanıb tətbiq olunmalıdır ki, rayonlarda yaşayanlar da ipoteka kreditindən faydalana bilsin.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs