news Image
2012.04.03
22:28
| A A A
Qızılın qiyməti yenə rekord vurur

Bu qiymətli metalın bahalaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür


Hələ qədim dövrlərdən başlayaraq insanların diqqətini özünə cəlb edən qızıl yenidən sürətlə bahalaşmaqdadır. Dünyanın 3-cü ən böyük qızıl istehsalçısı olan "AngloGold Ashanti" şirkətinin direktoru Mark Kutifani bildirir ki, cari ilin sonuna qədər dünya bazarlarında bir unsiya qızılın qiyməti 2 min dollara qədər bahalaşa bilər. Onun sözlərinə görə, dünyanın əsas qızıl alıcılarından olan Çin və Hindistan daha çox qızıl satın almağa başlayıblar: "Bu isə yaxın tarixlərdə qızılın qiymətinin yüksəlməsinə gətirib çıxaracaq".


Şirkət direktoru həmçinin qeyd edib ki, ötən həftə zəngin qızıl yataqlarına sahib olan Malidə baş verən dövlət çevrilişi də qızılın bahalaşmasına səbəb olacaq. Məlumat üçün bildirək ki, artıq Nyu-York Ticarət Birjasında bir unsiya (31 qram) qızılın qiyməti 1690 dollara (1 qram-54,5 dollar) satılıb. Onu da qeyd edək ki, ötən il bir unsiya qızılın qiyməti 1900 dollara qədər bahalaşıb.

Qızılın durmadan bahalaşması isə şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına da təsir göstərəcək. Ölkəmizin resurslarının və valyuta ehtiyatlarının bir hissəsinin avroda, bir hissəsinin dollarda saxlanması fonunda qızılın bahalaşmasının bu ehtiyatlara müəyyən təsirləri olacaq. Yəni həmin ehtiyatların qızıl ifadəsində dəyəri azalacaq. Digər tərəfdən, qiymətinin tənzimlənməsi müşkül məsələ olan qızılın getdikcə bahalaşması bütün sahələrə, məhsulların və malların qiymətlərinə öz təsirini göstərir və bu proses davamlı hal ala bilər.

İqtisadçı-ekspertlər söyləyir ki, dünya bazarında qızılın qiymətinin qalxmaqda davam etməsinin Azərbaycana təsiri ən azı ona görə baş verəcək ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasına çevrilib. Yəni elə inteqrasiya prosesləri gedib ki, bu məqamda Azərbaycanı tək-tənha təsəvvür etmək mümkün deyil. Ona görə də ölkədə qızılın qiymətinin dünya bazar qiymətinə gec-tez uyğunlaşması qaçılmaz sayılır. Bundan başqa, qızılın bahalaşması istehlakçıların vəziyyətinə mənfi təsir göstərir, eyni zamanda istehsalçıların və satıcıların gəlirlərinin artmasına gətirib çıxarır.

O da xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycanda qızıl keçmişdən etibarlı sərmayə sayılsa da, son illər əhali və sahibkarlar pullarını daha çox daşınmaz əmlaka qoyur. Bu da daşınmaz əmlakın hər zaman qiymətli olması ilə əsaslandırılır. Lakin o da faktdır ki, qızılın bahalaşma prosesi də davam etməkdədir. Hazırda ölkənin satış mərkəzlərində əsas etibarilə Türkiyə, Dubay və Rusiyadan gətirilən qızıllar satılır. İqtisadçı ekspertlər deyir ki, Azərbaycanda qızılın qiymətinin artmasına həm dünyadakı bahalaşmanın, həm də yerli amillərin öz təsiri var. Hələlik isə ölkəmiz əsasən xaricdən qızıl məmulatları alır. Rusiyadan, ərəb ölkələrindən, Türkiyədən qızıl məmulatları alınıb-satılır. Bu da qiymətin artımına təsir edir.

Bahalaşma prosesini, dollarla yanaşı, avro da sürətləndirir. Avronun məzənnəsinin düşməsi Yunanıstanda baş verən iqtisadi böhran, eləcə də bu böhranın Yunanıstandan Avropa İttifaqı və ya avro bölgəsi digər ölkələrə keçməsilə bağlıdır. Təbii ki, Yunanıstanda iqtisadi iflasla yaşananlar avrozonanın digər ölkələrində də bu narahatlığın yaşana biləcəyilə bağlı müəyyən narahatlıqlara gətirib çıxarıb. Bu da investorların avroya olan inam və marağının azalmasına səbəb olub.

Yaranmış şəraitdə bir sıra ekspertlər isə qeyd edir ki, Neft Fondu və Mərkəzi Bank öz ehtiyatlarına qızılı daxil etsə, müxtəlif vaxtlarda dollar və ya avro məzənnə itkisinə məruz qaldığı halda zərəri minimuma endirmiş olar. Onu da bildirək ki, Neft Fondu qızıla sərmayə yatıracağını bildirib. Lakin bunun nə vaxt həyata keçiriləcəyi hələ dəqiq bilinmir. Ekspertlər isə Azərbaycanın mütləq qızıl ehtiyatları yaratmaq məcburiyyətində olduğunu bildirir. Xatırladaq ki, Azərbaycanda hazırda 42 milyard dollar valyuta ehtiyatı var. Valyuta da müxtəlif ölkələrin pul vahidlərindən ibarətdir. Bu valyutaların məzənnələri dinamikdir. Dinamik məzənnələr bəzən artır, bəzən isə azalır. Son nəticədə məzənnə fərqindən həm Azərbaycanın yığdığı vəsaitlərə, həm də bütövlükdə Azərbaycanda həyata keçirilən valyuta əməliyyatlarına təsirlər olur və bəzən ölkə itkiyə məruz qalır.

Bununla yanaşı o da məlumdur ki, Azərbaycanda qiymətli metalların hasilatı və emalı sahəsində istismar işləri davam etdirilir. Ötən ildə "R.V.İnvestment Group Services, LLC USA" şirkətinin Gədəbəy qızıl filiz yatağında apardığı işlər nəticəsində 1782,2 kq qızıl, 1216,2 gümüş istehsal edilib. Burada Azərbaycanın payı 229,2 kq qızıl, 157,5 kq gümüş təşkil edib.

Rəsmi məlumata görə, hasilat dövrü başladıqdan indiyədək Azərbaycanın payı olaraq 513,6 kq qızıl (999,9 əyarlı) saxlanması üçün Mərkəzi Banka təhvil verilib. Azərbaycanın qızıl yataqlarının işlənməsi üzrə "R.V.İnvestment Group Services, LLC USA" şirkətilə bağladığı saziş əsasında Qoşa (Tovuz rayonu) yatağında kəşfiyyat işləri başa çatdırılıb, hasilata başlamaq üçün iş aparılır. Digər saziş üzrə Çovdar yatağında (Daşkəsən rayonu) kəşfiyyat işləri aparılıb və yaxın tezlikdə həmin yataq istismar olunacaq.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs