Artıq istirahət mövsümü demək olar ki başa çatıb. İnsanlar sürətlə yenə də paytaxt Bakıya, evlərinə, işlərinə qayıdırlar. Əvvəlki sıxlıq, əvvəlki məşğulluq, hər şeyə əvvəlki tələbat geri qayıdır. Üstəlik təhsillə, işlə əlaqədar da bir sıra insanlar şəhərə üz tutacaqlar. Bu amil,dediyimiz kimi, hər şeyə, eləcə də ərzaq məhsullarına tələbatı artıracaq ki, bu artımın qiymətlərə təsirini də həmişə müşahidə etmişik. Müqəddəs Qurban Bayramı da yaxınlaşan bu ərəfədə gündəmə gələn məsələlərdən biri ətin qiyməti ilə bağlıdır. Çünki hər bu baryamda ətin, xüsusən də qoyun ətinin bahalaşması müşahidə olunur. Ekspertlər hesab edirlər ki, əgər hökümət tərəfindən qabaqlayıcı tədbirlər görülməzsə, yenə də ət bazarında qiymətlə bağlı xoşagəlməz vəziyyət yarana bilər.
Kənd təsərrüfatı üzrə ekspert Vahid
Məhərrəmov bazar qiymətlərinə birbaşa müdaxilənin əleyinə olsa da,
hesab edir ki, əvvəlcədən fermerləri mövcud problemləri həll
edilməli idi ki, onlar üçün heyvanın maya dəyəri baha başa
gəlməsin: "Bazara birbaşa müdaxilə eləmək olmaz. Bunun üçün ciddi
əsas, konkret qanun-qayda olmalıdır. Çünki əgər qiymətlərə müdaxilə
əsasında fermerlər zərərə məruz qalarlarsa, onların itkisi
konpensasiya olunmalıdır. Ona görə bazarda qiyməti süni şəkildə
aşağı salmaq istəsələr, bu, ciddi problemlər yaradar. Hökümət
müdaxiləni necə edə bilər? Gərək özü istehsalla məşğul olsun. O da
ki indiki şəraitdə mümkün deyil. Belə halda məcbur olur ki, başqa
ölkələrdən idxal eləsin. İdxal heyvanların da qiymətini süni
surətdə salsaq, bu, fermerlərə ciddi ziyan vurar. Bu gün elə qonşu
ölkə yoxdur ki, başqa ölkədən qurban bayramı üçün heyvan gətirib
qiymətləri aşağı salsın. Məsələn, İran Ermənistandan idxal edir.
Biz özümüz keçən il daha çox Gürcüstandan idxal etmişdik. Hesab
edirəm ki, bu sahədə qiymətə müdaxilə yox, zamanında fermerlərin
problemlərinin həlli istiqamətində işlər görmək lazım idi ki,
onların istehsal etdiyi məhsulun maya dəyəri artmasın. İndiki halda
fermerlər çalışırlar ki, qısa bir müddətdə əldə etdikləri məhsulu
realizə etsinlər. Heç biri istəməz ki, heyvanı əlində qalsın.
Hamısı çalışır ki, qısa bir müddətdə yaranmış vəziyyətdən istifadə
edib gəlir əldə etsinlər və öz bizneslərini genişləndirsinlər.
Onlara müdaxilə nəticəsində istehlakçılar dividend qazanacaq, amma
bu da öz növbəsində fermerə zərər vuracaq.Nəticədə fermer
istehsaldan yayınacaq".
İqtisadi Resursların Öyrənilməsi
Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev isə gözlənilən
bahalaşma ilə əlaqədar bildirir: "Ənənəvi haldır ki, qurban
bayramında ətə tələbat artdığına görə, satıcılar qiymətləri də
artırmaqda maraqlı olurlar. Hesab edirəm ki, belə bir şəraitdə bir
sıra qabaqlayıcı tədbirlər görmək olar. Birinci növbədə hər il
İqtisadiyyat və Sənaye Nazirliyi və Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən Gürcüstandan gətirilən heyvanların satışı üçün
yarmarkalar təşkiledir və bundan yararlanaraq qiymətin süni şəkildə
artımına nəzarət olunur. Çünki müşahidə olunan haldır ki, idxal
heyvanlar alındığından qat-qat baha qiymətə satılır. İkinci bir yol
kimi, yerli heyvanlar, rayonlardan gətirilən mal-qara üçün də
yarmarkaların təşkil olunmasıdır. Bu zaman alıcı ilə
satıcının birbaşa təmasına imkan yaradılır.
Digər tərəfdən, bir sıra ölkələrin, məsələn, qonşu Türkiyənin təcrübəsində var ki, heyvanlar müxtəlif xeyriyyə fondları tərəfindən kütləvi şəkildə alınır. Bu zaman satıcılar da qoyduqları vəsaiti geri götürə, qazanc əldə edə bilirlər. Beləliklə, süni şəkildə qiymət artırmağa ehtiyac olmur. Bu, satıcıların işini asanlaşdırır. Bu kimi metodlarla bazarda artımın qarşısını almaq olar".