Əlaqə Arxiv
news Image
2012.09.04
18:32
| A A A
Bakı Tikiş Evi məktəbli formalarının qiymətinin qalxması barədə xəbərlərə aydınlıq gətirib
Bakı Tikiş Evi (BTE) məktəbli formalarının bahalaşması ilə bağlı yayılan məlumatlara münasibət açıqlayıb. BTE-nin direktoru Fədail Rəhimov APA-ya deyib ki, Bakı Tikiş Evinin mağazalarında qiymət artımının olması barədə məlumat doğru deyil: "BTE-nin bütün mağazalarında 10 qəpik olsa belə, qiymət artımı ola bilməz. Hansı dükanda qiymət artımı ilə bağlı məlumatlar varsa, bizim "qaynar xətt"ə - 597 45 39 nömrəsinə zəng edə bilərlər. Bu söhbətlərin yayılmasının səbəbi nədir? Müxtəlif yerlərdə saxta malları BTE-nin malları adı altında satırlar. Əvvəl bu malları 5-10 manat ucuz qoyurdular. İndi görürlər ki, camaat bu malların saxta olduğundan şübhələnir, bir az da qiymətini artırırlar. BTE-nin özündə 26-38 ölçüdə məktəbli kostyumu 30 manatadır. Tək-tək alanda, şalvar 10 manat, pencək 20 manat, köynək 5 manat, sviter isə 5 manatdır. Bununla da, həmin ölçüdə məktəbli dəstlərinin qiyməti 40 manat olur. Bütün dükanlarda bu qiymətlər yazılı şəkildə divarlara vurulub. 
40-46 ölçüdə olan məktəbli kostyumu 35, köynək 5, sviter 5 manatdır. Məktəbli dəstinin ümumi qiyməti 45 manata çıxır. VII-XI siniflər üçün isə 50 ölçüyə qədər məktəbli kostyumu 40 manat, köynək 7 manat, sviter isə 6 manatdır. Dəstin ümumi qiyməti 53 manat başa gəlir. Biz bununla əlaqədar bütün əlaqədar dövlət qurumlarına müraciət eləmişik. Təəssüf ki, hər yeri saxta mallarla doldurublar". 
BTE-nin məktəbli geyimlərinin ucuzlaşdırılması ehtimalına gəlincə, F. Rəhimov deyib ki, bu məhsulların parçasından tutmuş düyməsinə, astarına qədər Türkiyədən gətirilir: "Bu məhsulları İrandan, Çindən gətirsək, qiyməti 10-12 manat ucuzlaşdıra bilərik. Əlavə dəyər vergisi, gəlir vergisi də veririk. Yenə də deyirəm, biz bu məhsulların üzərinə 5 faizdən artıq gəlir qoymuruq. Bir kostyumu 30 manata satırıq. Başqa ölkələrlə müqayisə edin, görün kim bizdən ucuz satır? Bazarlarda isə bizim adımız yazılan həmin kostyumları baha qiymətə satırlar".
Sizin Reklam Yeriniz