news Image
2013.03.11
16:25
| A A A
Bir çox dərdlərin dərmanı - göyərti

Gündəlik qida rasionumuzda şüyüd, cəfəri, keşniş və s. kimi göyərtilərdən istifadə edirik. Bəs bu göyərtilərin faydalı xüsusiyyətləri barədə bilirikmi? 

Amerikalı alimlərin fikrincə, bitki antioksidantları ilə zəngin olduğuna görə, gün ərzində göyərti çox yeyilməlidir. O, insan hüceyrələrini xərçəngin əmələ gəlməsinə şərait yaradan azad radikallardan qoruyur. 


Keşniş. Bu göyərtinin tərkibində çoxlu miqdarda  B və PP qrup vitaminləri var. Güclü antioksidant xassəyə malikdir. Keşniş sinir sistemini gücləndirir, mədənin fəaliyyətinə müsbət təsir göstərir, ürək və bağırsaqların yaxşı işləməsinə kömək edir, dərini təravətləndirir. Lakin bu bitkini həddən artıq qəbul etdikdə o, yuxugətirici təsir edir, yaddaşı zəiflədir, cinsi fəallığı azaldır.


Şüyüd. Tərkibində  A, C, B1, B2, PP vitaminləri, nikotin turşusu, efir yağları, çoxlu miqdarda kalium, kalsium, dəmir və fosfor kimi mikroelementlər var. Şüyüdün qanazlığı, hipertoniya, mədə-bağırsağaq pozğunluqları kimi xəstəliklərdə faydası var. Şüyüd toxumlarının şirəsi sidikqovucu xüsisiyyətə malik olmaqla yanaşı, öd ağrılarına və sistitə (sidik kisəsinin iltihabı) də müsbət təsir göstərir. Bu göyərtinin həlimi dəri irinləməsində və konyunktivitdə (göz qapağı selikli qişasının iltihabı) istifadə olunur.


Cəfəri. Bu bitkinin tərkibi kalium, kalsium, dəmir, fosfor və C, PP, K, B1, B2, vitaminləri, karotin, karbohidratlar, zülallar, minaral duzlar ilə zəngindir. Cəfəri immuniteti gücləndirir, görmə qabiliyyətini, dərinin rəngini və vəziyyətini yaxşılaşdırır. Sidikqovucu təsirə malikdir, sidik kisəsində olan daşları və qumu əridib çıxarır.  Cəfəridən bir çox xəstəliklərdə, o cümlədən, mədə xorası və qastritində, malyariya, astma və bronxitdə, ürək ağrılarında istifadə etmək məsləhətdir. Onun həlimi  zəhərlənmə, həşərat sancmaları zamanı kömək edir. Cəfəridən kosmetologiyada da geniş şəkildə istifadə olunur.


Kərəviz. Bu göyərtinin də insan sağlamlığına faydaları çoxdur. Tərkibi C, B1, B2, A vitaminləri və maqnezium, yod, fosfor, kalsium, dəmirlə zəngindir. Kərəviz maddələr mübadiləsini normallaşdırır, orqanizmi şlaklardan təmizləyir, duz çöküntüsünü azaldır, böyrək, qaraciyər və sidik kisəsi xəstəliklərində çox faydalıdır. O, həmçinin sinir sisteminə müsbət təsir göstərir, yuxunu normallaşdırır, orqanizmin ümumi tonusunu artırır, cinsi fəaliyyəti gücləndirir. Kərəvizin cövhəri damarları genişləndirir, yarpağının qaynadılmış suyu səsi açır, toxumları isə iştahı artırır.


Vəzəri . Tərkibindəki faydalı maddələrin zənginliyinə görə, bu bitkiyə sağlamlıq göyərtisi adı veriblər. Vəzəri, ilk növbədə, mikrob əleyhinə güclü təsir göstərir, orqanizmdən zərərli maddələri çıxarır. O, bağırsaqların fəaliyyətinin, tənəffüs sisteminin tənzimlənməsində faydalıdır, sidikqovucu və tərqovucu xassələrə malikdir. Şəkərli diabet xəstələrinə bu göyərtidən tez-tez istifadə etmək məsləhət görülür.

   

İspanaq. Bu göyərtinin də faydalı xüsusiyyətləri az deyil. Tərkibi fol turşusu ilə zəngin olduğundan qanyaranmaya təsir göstərir, anemiyada və hamilə qadınlara qəbul etmək məsləhət görülür. İspanağı zeytun yağı ilə işlətmək uşaqların inkişafına müsbət təsir göstərir.


Kəvər. Tərkibində xərçəng xəstəliyinə qarşı təsir göstərən faydalı elementlər var. Kəvər sidikqovucu xassəyə malikdir. Bu göyərti bir çox xəstəliklərdə, o cümlədən, zökəm, öskürək, ağciyər və bronxların iltihabı zamanı faydalıdır. Lakin həddən artıq yemək gözə zərərlidir.


Reyhan. Bu göyərti yuxugətirici , sakitləşdirici, dezinfeksiyaedici xassələrə makikdir. Reyhanın şirəsinə şəkər qatıb qəbul etmək təngnəfəslik və sinə ağrıları zamanı faydalıdır. Onu çeynəmək ağız qoxusunu, iyləmək isə baş ağrılarını aradan qaldırır. 


Tərxun. Mikrob əleyhinə güclü təsirə malik olduğuna görə, keçmişdə bu bitkini vəba və taun xəstəliklərinin yayılmasına qarşı işlədirdilər. Onu ağız boşluğu xəstəlikləri və ağızdan xoşagəlməz qoxu gəldiyi zamanı çeynəmək də məsləhət görülür.


İngiltərə alimlərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, göyərti tərkibində olan antioksidantlar sayəsində bir çox xroniki xəstəliklərin, o cümlədən, şəkərli diabetin qarşısını alır. Məsələn, ispanaq və digər göyərtilər maqneziumun köməyi ilə diabetin yaranması riskini azaldır.