news Image
2013.04.09
14:55
| A A A
Marqaret Tetçer: «dəmir ledi»nin həyatı və SSRİ-nin iflası ssenarisi

"Dəmir ledi" kimi tanınan Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer aprelin 8-də ömrünün 87-ci ilində vəfat etdi. Böyük ölçüdə XX əsr Britaniya və dünya siyasətinin başlıca fiqurlarından sayılan bu qadın haqqında bir çox şeylər məlumdur. Ancaq gəlin, yada salaq - "dəmir ledi" dünyanın xatirində nə ilə qalıb?


Marqaret Tetçer (qız soyadı Roberts) 13 oktyabr 1925-ci ildə Linkolnşirdə (Qrentem rayonunda) anadan olub. Atası Alfred Robertsin bakal piştaxtası vardı. Buna baxmayaraq, ticarətlə yanaşı, siyasətə də qoşulur, yerli icmanın işlərində yaxından iştirak edir, bələdiyyə şurasının toplantılarına qatılırdı. 


Müəyyən vaxtlarda Qrentemin meri vəzifəsini tutmağa müvəffəq olmuş Alfredin qızları Marqaret və Myuriel ciddi ənənələrə əsaslanan tərbiyə görmüşdülər. Onların təhsil cədvəli həddən artıq sıx qurulmuşdu. Qızlar boş vaxt tapa bilmirdilər. Təkcə onu deyək ki, gələcəyin xanım baş naziri məktəbdə oxuduğu illərdə əlavə olaraq çoxsaylı fakultətiv məşğələlərə də qatılırdı. 


M.Tetçer kimya üzrə ali təhsil almışdı. Dörd il ərzində Oksford Universitetində bu elmin sirlərinə yiyələnmişdi. Təbiət elmləri üzrə bakalavr dərəcəsi almışdı. Bir neçə il tədqiqatçı-kimyaçı kimi fəaliyyət göstərərək dondurma üçün lazım olan emulsifikatorun hazırlanması ilə məşğul olmuşdu. 


Marqaret Roberts özünün gələcək həyat yoldaşı Denis Tetçerlə hələ 1949-cu ildə tanış olmuşdu. Bu hadisə Marqaretin Mühafizəkarlar Partiyasına namizədliyinin təsdiqlənməsilə bağlı gerçəkləşmiş rəsmi naharda baş verdi. 1951-ci ildə Marqaretlə Denis ailə həyatı qurdu. 1953-cü ildə cütlüyün əkiz övladları - Kerol və Mark dünyaya gəldi. 


Marqaretdən 10 yaş böyük olan Denisin gələcəyin baş naziri ilə nigahı həyatının ikinci evliliyiydi. Maraqlıdır ki, onun birinci həyat yoldaşının adı da Marqaret olmuşdu. Marqaret Roberts-Denis Tetçer cütlüyü uzun müddət birgə yaşadı və "dəmir ledi" özü haqqında danışarkən bildirmişdi ki, həyat yoldaşının dəstəyi olmadan baş nazir postunu tuta bilməzdi. 


Hələ Oksfordda təhsil aldığı müddətdə Marqaret Roberts Mühafizəkarlar Partiyasının universitet assosiasiyasının sədri vəzifəsini tutdu. 1950-ci ilin əvvəlində ölkə parlamentinə düşmək uğrunda mübarizə apardı. İstəyinə 1959-cu ildə çatdı - İcmalar Palatasına üzv seçildi. Öncə Təqaüd və Dövlət Sosial Sığortası Nazirinin parlament müavini vəzifəsini tutdu, sonra tikinti və torpaq sahibkarlığı məsələlərilə məşğul oldu. Ölkədə ölüm hökmünün saxlanılmasının tərəfdarı kimi çıxış etdi. Həmçinin homoseksualların cinayət məsuliyyətindən azad olunmasına səs verdi. 


1960-cı illərin sonlarında Marqaret beynəlxalq səfər proqramlarına qatıldı və bu çərçivədə ABŞ-dan olan siyasətçilərlə görüşdü. Nəticədə rəsmi müxalifətin kölgə kabinetinin üzvünə çevrildi. 1970-ci ildə hakimiyyətə mühafizəkarlar gələndə Tetçer Tərəqqi və Elm Naziri postunu tutdu və 4 il bu vəzifədə qaldı. Mühafizəkarların məğlubiyyətindən sonra özünü müxalifətin lideri kimi təsdiqlədi.


1979-cu ildə Marqaret Tetçer Böyük Britaniyanın birinci və hələlik sonuncu qadın baş naziri oldu və üç müddətə bu postda qaldı. Ölkə tarixində 1827-ci ildən bəri belə bir göstəriciyə malik ikinci şəxs tapılmamışdı. Tetçer eyni zamanda Avropanın ilk qadın baş naziri kimi də tarixə düşdü. 1979-cu ildən 1990-cı ilədək yüksək vəzifədə qaldı. 


Deyilənə görə, Tetçer bu ləqəbi mühafizəkar yönümlü sərt siyasətinə görə qazanmışdı. Amma onu da nəzərə almaq lazımdır ki, ilk dəfə olaraq sovet hərbi jurnalisti Yuri Qavrilov "Qırmızı ulduz" qəzetində dərc etdirdiyi məqaləsində Tetçeri "dəmir xanım" kimi qələmə vermişdi. Jurnalistin belə adlandırmasına səbəb Marqaretin SSRİ ilə bağlı kəskin tənqidləri olmuşdu. Maraqlıdır ki, "Qırmızı ulduz"un 24 yanvar 1979-cu il tarixli sayındakı məqalənin çıxdığı vaxt Tetçer hələ rəsmi şəkildə baş nazir postundakı fəaliyyətinə başlamamışdı. 


Baş nazir postunu tutan Tetçer ən müxtəlif sahələrdə islahatlar reallaşdırdı və Britaniyanın tənəzzülünə səbəb saydığı bütün vəziyyətləri dəyişdirməyə çalışdı. İlk növbədə dövlətin iqtisadiyyata və həmkarlar ittifaqlarının işinə qarışması meyllərini, sosial sferaya yönələn xərcləri azaltdı. Bir sıra dövlət müəssisələrinin satışını həyata keçirdi, vergiləri artırdı. Bu, istehsal sanayesində geriləmələr yaratsa da, məhsulların yox, xidmətlərin istehsalına keçidlə nəticələndi. 


"Dəmir ledi"nin iqtisadi siyasəti ölkədə işsizliyin artmasına gətirdi. Lakin 1982-ci ildə Argentina ilə baş vermiş Folklend müharibəsindəki qələbəsi populyarlığına müsbət təsir göstərdi. Xanım baş nazirin ən böyük üstünlüyü isə Sovetlər Birliyini kəskin tənqid etmək bacarığıydı. Kommunizm onun üçün sadəcə barışılması mümkün olmayan hadisəyə çevrilmişdi. Buna baxmayaraq Tetçer hesab edirdi ki, kommunist və kapitalist ölkələr qarşılıqlı kompromisslər sayəsində birgə yaşaya bilərlər. Konseptual xarici siyasətə gəlincə, "dəmir ledi" ABŞ yönümlüydü. SSRİ-dən yalnız Mixail Qorbaçovla işləməyin mümkünlüyünə inanırdı. Məsələ ilə bağlı fikir yürüdərkən Tetçerin 1991-ci ilin noyabrında ABŞ-ın Texas ştatının iri neft emalı zavodunda etdiyi və təfərrüratları bir neçə ay öncə üzə çıxan çıxışı üzərində dayanmaq zərurəti yaranır. Həmin çıxışında sabiq baş nazir uzağı bir aydan sonra SSRİ-nin dağılacağını vurğulamış və bildirdiklərini əsaslandırmaq üçün Qorbaçovun da daxil olduğu plan barədə danışmışdı: "Siyasətimizdəki əsas məqamlardan biri də SSRİ-nin konstitusiyasının nəzərə alınması idi. Sənəd formal olaraq ittifaqa daxil olan hər bir müttəfiq respublikanın oradan arzuladığı vaxt ayrılmasını nəzərdə tuturdu. Əlbəttə, bu hüququn reallaşdırılması Kommunist Partiyasının güc orqanlarındakı mövqeyi səbəbindən mümkünsüz idi. Amma yenə də bu konstitusyon imkandan yararlanmaq siyasətimizdə mühüm yer tutdu. Buna həmişədən cəhd göstərirdik. Amma təəssüf ki, uzun müddət SSRİ-də siyasi vəziyyət sabit qalırdı. İstəyimizin yerinə yetməsində mühüm cəhət raket əleyhinə müdafiə sisteminin yaradılması oldu. Etiraf etməliyəm ki, ekspertlərimizin əksəriyyəti buna qarşı idilər və vurğulayırdılar ki, sistem çox baha başa gələcək və kifayət qədər etibarlı olmayacaq. Biz yenə də hesab edirdik ki, SSRİ analoji sistemin yaradılmasına böyük qüvvə qoyacaq. Amma bu, baş vermədi. Moskva yalnız siyasi bəyanatlarla məhdudlaşdı. Bizim üçün heç də yaxşı olmayan vəziyyət formalaşdı. Amma tezliklə sovet liderinin öləcəyinə və hakimiyyətə bizim köməyimizlə gələcək şəxsin yiyələnəcəyinə dair informasiya gəldi. Planlarımızı reallaşdıra bilərdik. Bu, mənim ekspertlərimin qiymətləndirməsi idi (mən həmişə Sovet İttifaqı üzrə yüksək dərəcəli mütəxəssisləri işə cəlb edirdim. Eyni zamanda ilk imkandaca SSRİ-dən güclü mütəxəssisləri dəvət edirdim).

İstədiyimiz şəxs Mixail Qorbaçov idi. Biz onu ehtiyatsız, xoflana bilən və kifayət qədər şöhrətbaz adam kimi tanıyırdıq. Dövlətin siyasi elitasının əksər təmsilçiləri ilə yaxşı münasibətləri var idi. Buna görə də hesabımızı onun bizim köməyimizlə hakimiyyətə gəlməsinə qoyduq. O zamanlar "Xalq cəbhəsi"nin fəaliyyəti, yəni onun funksionerlərinin texniki və maliyyə dəstəyi elə də böyük məsrəf tələb etmirdi. Əsas maliyyə uzun müddətli şaxtaçı nümayişlərinin yaradılmasına xərclənirdi…

Boris Yeltsinin "Xalq cəbhəsi"nin lideri kimi irəli sürülməsi, sonradan Rusiya Respublikasının Ali Sovetinə seçilməsi və daha sonra Rusiyaya rəhbərlik etməsi məsələsi ətrafında böyük mübahisələrimiz oldu. Bu adamın Qorbaçova qarşı qoyulmasını nəzərdə tuturam. Ekspertlərin çoxu keçmişini və şəxsi xüsusiyyətlərini nəzərə alaraq Yeltsinin namizədliyinin əlehyinə idilər. Amma müvafiq məsləhətləşmələr aparıldı və qərara alındı ki, Yeltsini "irəliyə ataq". Çox böyük çətinliklə bu adamı Ali Sovetə sədr seçə bildik. O an da Rusiyanın suverenliyinə dair bəyamnamə qəbul olundu. Məsələ onda idi ki,  bu müstəqillik kimdən idi. Axı, digər respublikalar Rusiya ətrafında birləşmişdilər?.. Bu, həqiqətən də SSRİ-nin iflası idi".


Tetçerin iqtisadi və sosial siyasəti tetçerizm adlanmağa başlandı. Əlbəttə, həm siyasətinə, həm də xanım baş nazirin özünə laqeyd yanaşmaq mümkün deyildi. Tetçerin əleyhidarlarının fikrincə, o, yeritdiyi kursla Böyük Britaniyanı zəiflətmək üçün hər şeyi etdi. Tərəfdarları üçünsə, Tetçer əzəmət rəmziydi. 


1984-cü ildə terrorçu İrlandiya Respublikaçı Ordusu Marqaret Tetçerin həyatına qəsd etmək cəhdi həyata keçirdi. Təşkilatın üzvləri Mühafizəkarlar Partiyasının konfransının düzənləndiyi Brayton hotelinə bomba qoydular. Baş vermiş partayış nəticəsində beş nəfər həyatını itirsə də, "dəmir ledi" zərər çəkmədi. 


2003-cü ildə dünyasını dəyişmiş həyat yoldaşı Denisdən sonra Marqaret on il yaşadı. Xəstəliyi səbəbindən "dəmir ledi" son zamanlar ictimaiyyət içərisinə çox az-az çıxırdı. Bir neçə dəfə ürək tutması keçirmiş M.Tetçer demensiyadan, yəni qocalıq dövrünün əqli zəifliyindən əziyyət çəkirdi. Britaniyanın yeganə qadın baş nazirinin ölümünə səbəb isə insult oldu.