news Image
2019.09.06
20:49
| A A A
Azərbaycanlı qadından Türkiyədə nümunəvi hərəkət: Uşaqlar kitablarını satıb dəstək oldular - FOTO

Azərbaycanlı Mehriban Məmmədova Türkiyədə, Mersin şəhərinin Çankaya məhəlləsindəki meşəlik ərazidə küçə heyvanları üçün sığınacaq yaradaraq onları bəsləməklə məşğuldur. 

Oxu.Az xəbər verir ki, onun bu işindən ilhamlanan Mezitli Şəhər Şurası Uşaq Məclisinin üzvləri Türkiyənin Mersin şəhərində oxuduqları kitabları ucuz sataraq, əldə etdikləri pulla küçə heyvanlarına yem alıblar.

Könüllülərdən ibarət qrupun uşaqları M.Məmmədova ilə əlaqə yaradaraq bələdiyyə sədri Neşet Tarhan və Şəhər Şurasının rəhbəri Sibel Gelbul ilə birlikdə sığınacağa baş çəkiblər.

Özləri ilə yem gətirən uşaqlar heyvanları əlləri ilə yemləyiblər.

Uşaqların belə faydalı iş görməsindən məmnun olduğunu bildirən M.Məmmədovanın sözlərinə görə, sığınacaqda 200 it və bir o qədər də pişik saxlanılır. O, yanına gələnlərə və belə layihənin təşəbbüskarlarına dərin təşəkkürünü bildirib.

"Heyvan sevgisini, təbiət sevgisini uşaq yaşlarında aşılasaq, daha da parlaq gələcəyimiz olar. Lakin uşaqlarımız bundan da gözəl bir layihəyə imza atıblar. Onlar oxuduqları kitabları aşağı qiymətə başqa uşaqlara çatdıraraq, oxumağı təşviq etməklə yanaşı, küçə heyvanlarını da yemsiz qoymayıblar", - deyə bələdiyyə sədri N.Tarhan vurğulayıb.

Qeyd edək ki, M.Məmmədova pianoçudur. O, Mersində villa kirayələyərək, həyətində uzun müddət küçə heyvanlarına qulluq edib. Qonşuları bundan narahat olduqlarına görə dəfələrlə onun barəsində polisə şikayət də ediblər.