news Image
2019.09.18
12:23
| A A A
”YANUŞ KORÇAK – ƏFSANƏDƏN HƏQIQƏTƏ“

Bəşəriyyətə insanlıq dərsi – Yanuş Korçakın həyatı

Yanuş Korçakın həyatını araşdırdıqca qarşımda əsl müəllim, ziyalı, alim, özünü əqidəsi uğrunda gözünü belə qırpmadan qurban verməyi bacaran dahi insan surəti canlanır. Yanuş Korçakın nə həyatı, nə yaradıcılığı, nəhayət nə ölümü heç kəslə müqayisə oluna bilməz. Mən onun haqqında uşaq yaşlarımda müəllimlərimdən eşitmişdim. Onların söhbətlərindən sonra Korçakın əsərlərini oxumağa başlamışdım. Kəndimizin köhnə kitabxanasında xeyli axtarandan sonra tapmışdım Yanuş Korçakın kitablarını. Bu kitablarda həyatın əsl üzü uşaqların anlayacağı dildə – rəngsiz, boyasız təsvir olunurdu. Rus dilində çətinliklə başa düşsəm də sevimli yazıçımın yazdıqları mənə o qədər aydın görünürdü ki… Mən Yanuş Korçakı bir əfsanə zənn edirdim. Onun təsvir etdiyi kənd həyatı, uşaqların sevimli məşğuliyyətləri, hər səhər məktəbə tələsən balacalar, sinif otaqlarının “sehri”, dostluq münasibətləri, səmimi sevgi, insanlığa məhəbbət hissləri, müdriklik, nəhayət uşaq vaxtı mənə nağıl kimi görünən, böyüdükcə həqiqətə çevrilən müharibə, əsirlik səhnələri… Yanuş Korçak bu səhnələri o qədər real təsvir edirdi ki, mən özümü o uşaqların yanında görür, onlarla ağlayır, onlarla gülür, onlarla bir masa arxasında əyləşir, onların nəfəsini, səsini belə duyur, onların ürək döyüntülərini dinləyirdim. Müharibənin məhv etdiyi körpə həyatlarını ürəyimdə, hisslərimdə, duyğularımda yaşadırdım Yanuş Korçakı mütaliə etdikcə. Mən o uşaqların həyatlarını xəyalımda yaratdığım əsərlərin qəhrəmanlarına çevirirdim. Yanuş Korçakı oxuduqca, düşünürdüm ki, əsl insan, əsl müəllim məhz belə olmalıdır. O, uşaqları öyrətməklə, tərbiyə etməklə kifayətmirdi, o, körpə uşaq qəlblərini dərinliyinə qədər görə, yaralı könüllərə məlhəm ola bilirdi. O, uşaqlar üçün okeanda dalğalar kimi idi. Onlara nəfəs verirdi. Onun həyatı elə bir dövrdə keçirdi ki, hər yanda ovunmağa ehtiyac duyan qəlblər var idi və Yanuşu gözləyənlər çox idi. Yanuş özü də ilk gənclik illərinə həyatın zərbələri altında qədəm qoymuşdu. Mübarizələrlə dolu həyat alnına yazılmışdı. Onun yaşadığı yer yaratdığı uşaq evinin çardağında idi. Yanuş əsərlərinin bir qismini, o cümlədən “Bir də balaca olsaydım” povestini məhz bu çardağda yazmışdı. Onun kasıb çardağında körpə, dərdli uşaq səsləri ilə yazıçının kövrək ürək döyüntülərindən yaranırdı bu əsərlər. Yanuş uşaqların qəlbini onların gözlərindən, baxışlarının dərinliklərindəki kədərdən, səslərinin ahəngindən anlayırdı. O, uşaqları həkimlik xüsusiyyətlərindən irəli gələn sərrastlıqla duyur, pedaqoq kimi onların ruhunu dərk edir, tərbiyəçi həssaslığı ilə onların istəklərini sezir, nəhayət bir yaziçı kimi duyduqlarını, hiss etdiklərini qələmə alırdı. Onun hər bir əsəri körpələrə sevgi ilə ucaldılan bir abidəyə bənzəyirdi.  
O, 1878-c ildə (bəzi mənbələrdə 1879-cu ildə) Varşavada ziyalı yəhudi ailəsində anadan olmuşdu. Babası həkim, atası vəkil, anası isə övladına qarşı tələbkar evdar qadın idi. Onun əsl adı Henrix, soyadı isə Qoldşmit idi. Henrixin uşaqlıq həyatı şən keçməyib. O, daim düşüncəli gəzir, sanki qurduğu xəyalların qanadlarında uçurdu. Atası da bu qəribəliklərinə görə onu “huşsuz və maymaq” adlandırırdı. Atası onu tez-tez özü ilə uzaq yerlərə, həmçinin Visla çayında qayıqdla gəzintiyə çıxarırdı. Yanuş Vislanı çox sevirdi. Vislaya toxunmaqla sanki bütün Polşanı qucaqladığını zənn edirdi. Vislanın sakit dalğaları ona həzin Polşa mahnıları pıçıldayırdı. Amma Henrixin bu xoşbəxtliyi uzun sürmür. Onun Varşavada kifayət qədər nüfuza malik atası xəstələnir və tez bir zamanda dünyasını dəyişir. Bu hadisə ailənin maddi durumuna ciddi şəkildə təsir edir. Ailə yoxsullaşır və həyatını kasıb məhəllədə davam etdirməyə məcbur olur. Henrix ailəni ağır vəziyyətdən çıxarmaq üçün işləməyə məcbur olur.
11 yaşından başlanan pedaqoji fəaliyyət

Orta məktəbdə yaxşı oxuyan, rus, alman, fransız dillərini bilən Yanuş repetitorluq etməklə ailəsinə çörək pulu qazanır. Beləliklə Korçakın ilk pedaqoji fəaliyyəti 11 yaşından başlayır. O, özündən çox da kiçik olmayan uşaqlara mövzuları böyük həvəslə öyrədirdi. Ona elə gəlirdi ki, uşaqlara öyrətdiyi elm onların qəlbinə Vətən sevgisi, insanlığa məhəbbət hissləri kimi dolur.
“Həkimlik mənə insanların daxili aləmini görməyə kömək etdi. Mən hətta uşaq oyunlarının təbiətini belə həkim olduğum üçün dərindən anlaya bildim”
Atasının keçirdiyi ağır xəstəlik, onun ölümü Yanuşun dünyagörüşnü də büsbütün dəyişir. Sakit, dinməz uşaq əsl mübariz gəncə çevrilir. Yaşadığı çətinliklər, iztirablar Yanuşu möhkəmləndirir, zamanla yalnız öz ailəsinin deyil, qayğıya ehtiyac duyan neçə-neçə insanın dayağına çevrilir, ümid yeri olur. O, çətinliklərin, əzabların məngənəsindən çıxıb, anasının tövsiyəsi ilə Varşava İmperator Universitetinin Tibb fakültəsinə daxil olmağı da bacarır. Yanuş sonralar gündəliyində yazacaqdı: “Ədəbiyyat sözlərdən ibarətdir, həkimlik isə əsl işdir”. “Həkimlik mənə insanların daxili aləmini görməyə kömək etdi. Mən hətta uşaq oyunlarının təbiətini belə həkim olduğum üçün dərindən anlaya bildim”. Tələbəlik illərində Henrix ilk yaradıcılıq addımlarını atır. “Varşava kuryeri”, “Şipı” qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Onun dramlarını, povestlərini böyük məmnuniyyətlə dərc edirlər. Bu vaxtlar Henrix mütəmadi olaraq mütaliə etdiyi polyak yazıçısı Kraşevskinin əsərlərindən tanış olduğu qəhrəmanlarından biri –“Yanuş Korçak”ın adını özünə təxəllüs kimi götürür və bundan sonra məhz bu təxəllüslə məşhurlaşır. Yanuş 18 yaşında olarkən pedaqoji problemə həsr olunmuş ilk məqaləsini qələmə alır. Bu məqaləsində o, uşaqları necə tərbiyə etmək məsələlərinə toxunur. Yanuş bu mövzunu olduqca aktual hesab edirdi. Təsadüfü deyildi ki, onun ilk kitabı da məhz uşaqların acınacaqlı vəziyyətini, iztirablarını özündə əks etdirən “Küçə uşaqları” adlanırdı. Yanuşu kədərləndirən o idi ki, sahibsiz uşaqlar getdikcə artır, onlar oğruya, caniyə, quldura çevrilirlər. Belə davam edərsə, onların sayı artar. Uşaqlar cəmiyyətin təməlləridir, əgər bu təməl çürük olarsa, onun üzərində formalaşan cəmiyyət xəstə olacaq. Uşaqların keçirdiyi həyat tərzi, qarşılaşdıqları çətinliklər, məhkum olduqları məşəqqətlər Yanuşun ürəyini sonsuz kədərə qərq edir, onu bütün ruhu ilə uşaqların yanına gətirirdi.  Bu da təsadüfi deyildi. Axı o, kasıb uşaqların yaşantılarını, duyduqlarını, bu hissləri özü də yaşadığı üçün gözəl dərk edirdi. Məhz bu hiss Yanuşu uşaqların problemlərini tədqiq etməyə, tərbiyəvi mövzuda araşdırmalar aparmağa, bir sözlə, tərbiyəçi olmağa vadar edirdi. O, “Küçə uşaqları” povestində yazırdı ki, uşaqları fiziki, mənəvi sağlamlığa qovuşdurmaq mümkündür. Bunun üçün müalicəyə körpə yaşlarından başlamaq lazımdır. Böyük pedaqoqun gündəliyindən oxuyuruq: “Məsuliyyət mənim üzərimə düşür. Əgər mən həkim kimi bunu etməsəm, bəs kim edəcək?” Yanuş Korçak onu da düşünürdü ki, xəstəlikləri yalnız həkimliklə sağaltmaq mümkün deyil. Başqa yollar araşdırmaq lazımdır.
Axı xəstəni ruhən sağaltmadan onu fiziki sağlamlığa qovuşdurmaq mümkün deyil
1903-cü ildə Korçak Universiteti uşaq həkimi ixtisası üzrə bitirir. O, uşaqları sağlamlqlarına qovuşduracaq bir meydana atılmağa hazırlaşdığı bir məqamda – 1904-cü ildə Uzaq Şərqə-Yaponiya ilə müharibəyə hərbi həkim kimi göndərilir. Öz mənəvi prinsiplərinə sadiq qalan Korçak mühirəbə meydanında da yaralı əsgərlərin yalnız güllə yaralarını deyil, ruhlarını, qəlblərini müalicə edirdi. Axı xəstəni ruhən sağaltmadan onu fiziki sağlamlığa qovuşdurmaq mümkün deyil. Müharibədə gördükləri Korçakı uşaqların ruhi, mənəvi, fiziki sağlamlığı uğrunda mübarizəyə daha fəal şəkildə müdaxilə etməyə hazırlayır. 1905-ci il inqilabi hadisələri də Korçakın dünyagörüşünə təsirsiz ötüşmür. O, dəmiryolçuların mitinqinə qoşulur. Orada uşaqların vəziyyəti ilə bağlı çıxış edib, onun həddindən artıq gərgin olduğunu, uşaqların vəziyyəti ilə maraqlanmağın vacibliyini vurğulayır.  Korçak çıxışında deyir ki, bu gün baş verən inqilablar sabahkı sağlam cəmiyyəti hədəfləyir. Əgər bu gün uşaqlar sağlam deyilsə, hansı sağlam gələcəkdən söhbət gedə bilər. Uşaqların vəziyyətini fikirləşmədən inqilab etmək olmaz.
Onun bu gün aldığı bilik və tərbiyə sabah sənə, mənə, hamımıza lazımdır
Yanuş Korçak  düşünürdü ki, uşağın xəstəliyini müalicə edəndən sonra bəs neyləmək lazımdır? Onu küçəyə, eybəcərliklərlə dolu bir mühitin qoynuna atmaqmı lazımdır? Xeyr, uşağı tək qoymaq olmaz. O sərvətdir, o gələcəkdir. Onu qorumaq lazımdır. Onun bu gün aldığı bilik və tərbiyə sabah sənə, mənə, hamımıza lazımdır. Yanuş Korçakın bugünə qədər tərbiyədə 10 qızıl qayda hesab edilən  fikirlərində oxuyuruq: Gözləmə ki, uşağın sənin kimi və ya sənin istədiyin kimi olsun. Ona sənin kimi yox, özü kimi olmağı öyrət; Uşaqdan onun üçün etdiklərinin əvəzini ödəməsini istəmə. Sən ona həyat vermisən, o bunun hesabını necə ödəyə bilər? O da başqasına həyat verəcək, başqası da digərinə və bu qayıtmayan minnətdarlıq qanunudur; Acığsını uşağın üstünə tökmə ki, qocalanda da “acı çörək yeməyəsən”. Nə əkərsən, onu da biçərsən; Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkə biləcəyi yükü verir. İnan ki, ona öz problemləri sizinkilərdən daha ağırdır. Belə ki, o, sizə nisbətən qat-qat təcrübəsizdir; Uşağı alçaltma! Unutma, insanın ən vacib görüşü-onun uşaqlarla olan görüşüdür. Onlara daha çox diqqət yetir, biz heç vaxt uşağın timsalında kimin yetişdiyini bilə bilmərik; Əgər uşağın üçün heç nə edə bilmirsənsə, özünə əzab vermə. Əzabı o zaman ver ki, bacarırsan, amma etmirsən. Unutma, əgər uşaq üçün bacardığın hər şeyi etməmisənsə,  deməli onun üçün kifayət qədər etməmisən; Uşaq sənin təkcə həyatına hakim kəsilən, ətdən və qandan ibarət olan tiran deyil. Onu qorumağın və yaradıcılıq alovunu inkişaf etdirməyin üçün həyatın sənə verdiyi ən dəyərli töhfədir. Bu, atanın və ananın sonsuz məhəbbətlə böyütdükləri “öz” uşaqları deyil, öz qəlbi, ruhu olan insandır; Başqasının övladını sevməyi bacar. Öz övladına edilməsini istəmədiyin şeyləri başqasına qarşı etmə; Öz övladını istənilən halda sev, hətta istedadsız, uğursuz böyümüş olsa belə. Onlarla münasibətdə olduqca sevin, çünki uşaq nə qədər ki, səninlədir, bayramdır. Yanuş Korçakın humanist, uşaqlara sevgidən yoğrulmuş ruhu bəşəriyyətə bu sözləri pıçıldayırdı. O, bütün dövrlərin ən böyük humanisti idi. 1906-cı ildə çapdan çıxan “Salon uşağı” kitabında da Korçak uşaqların tərbiyəsi üçün valideynləri, cəmiyyəti yol üstünə qoyur.  
Uzaq Şərq müharibəsindən Varşavaya qayıdan Korçak həkim vəzifəsinə işə düzəlir. Böyük sevgi ilə başladığı işdə qısa müddət ərzində məşhurlaşır. Polşanın hər yerində adı dillər əzbərinə çevrilir. Korçakın digər həkimlərdən peşəkarlıq xüsusiyyətlərindən başqa fərqli cəhəti bu idi ki, o, varlılardan müalicə üçün pul alır, həmin pullarla kasıb uşaqları müalicə edirdi.
 

Böyükağa Mikayıllı