news Image
2019.11.18
19:32
| A A A
Narsizm - özünə vurğunluq halının həddini aşması ciddi problemlər yaradır

Son vaxtlar narsizm adlanan şəxsiyyət pozğunluğuna çox rast gəlinir. Məşhur alman filosofu Ziqmund Freyd ifrat özünəvurğunluq halını narsizm adlandırıb. Əslində hamıda narsizmin müəyyən əlamətləri var. Lakin həmin halın həddini aşması ciddi problemlər yaradır. Həmin problemdən əziyyət çəkənlər yorucu münasibətləri ilə ətrafındakıları və ailə üzvlərini bezdirirlər.

Mövqe.az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının baş müəllimi Günəş Əfəndiyeva AZƏRTAC-a deyib: "Narsizm özündən razı, yalnız özünü sevən, başqa heç kəsi bəyənməyən, insanlara qarşı rəğbət hissi duymayan, onların emosiya, duyğu və düşüncələrini başa düşməyən və həmişə hər yerdə özünü ağıllı sayan, özünü hamının fövgündə tutan şəxsiyyət pozğunluğu halıdır".

Narsistlər sosial statuslu insanlara meyllidirlər. Cəmiyyətdə hər şeyin ən yüksəyinə can atmaları, ona nail ola bilmədikdə başqalarını alçaltmaqla səciyyələndirilirlər. Bəyənilmək, daim diqqət mərkəzində olmaq arzusu onların özlərinə də zərər vurur və depressiyaya sala bilər. Nə qədər şişirdilmiş şəkildə özlərini sevsələr də, narsistlər yeniliklərə qapalıdırlar və inkişafa meylli olmurlar.

Psixoloqun dediyinə görə, bəzən valideynlər uşaqlarının arzu və istəklərinin qarşısına müəyyən məhdudiyyətlər qoyurlar: "Belə olanda uşaq öz arzularını həyata keçirə bilmir və onların arzu və istəkləri öz daxilində qalır. Onlar valideynin dediyi formada inkişaf edir və onların göstərdiyi yolla getməli olurlar. Hətta uşaqların hansı peşə və ixtisası seçmək məsələsini də valideynlər özləri həll edirlər".

Narsizm patologiyasının kökləri əsasən uşaqlıq illərinə gedib çıxır. Buna görə də valideynlər və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Tez-tez təqdir olunan, mükafatlandırılan və ruhlandırılan uşaqların gələcəkdə narzsist olmaq ehtimalı daha azdır.

money.az currency