Əlaqə Arxiv
news Image
2019.12.08
19:27
| A A A
Yeni trend: "Badam göz" əməliyyatı - Həkimlər nə deyir?

Hazırda estetik əməliyyatlar artıq dəb halını alıb. Bir çox insanlar gözəlləşmək üçün müxtəlif nahiyələrində estetik əməliyyatlar etdirirlər. Ən çox dəb halı alan əməliyyatlardan biri estetik göz əməliyyatıdır. Belə ki, daha çox ölkədən xaricdə aparılan bu əməliyyatın adı "badam göz"dür. Yeni trendə çevrilən bu əməliyyata Azərbaycanda da maraq artıb. Hətta bu yaxınlarda məşhur aktrisa Pərvin Abıyevanın da sözügedən əməliyyat vasitəsi ilə göz formasını dəyişdiyini bildirmişdilər.

Maraqlıdır, "badam göz" əməliyyatı necə həyata keçirilir? Bu əməliyyatın gözün görmə qabiliyyətinə zərəri varmı?

Mövqe.az lent.az-a istinadən bildirir ki, mövzu ilə bağlı sualları cavablayan plastik cərrah, Tibb Elmləri Namizədi, Rəşad Babayevin sözlərinə görə, bu əməliyyat göz kənarları aşağı olan insanlarda, gözləri canlandırmaq və cavanlaşdırmaq üçün yerinə yetirilir:

"Müəyyən yaşdan sonra insanlarda həm üst, həm də alt göz qapağında bəzi problemlər ortaya çıxır. Bu zaman yaranan problemlə bağlı müraciətlər olunur, biz də qüsurlara uyğun əməliyyat aparırıq. Bundan başqa, son zamanlar bir çox xanımlar, daha çox "badam göz" deyilən göz forması ilə bağlı müraciət edirlər. Hətta elə olur ki, biz özümüz də bu göz formasını pasientə məsləhət görürük. Çünki gözlər, üzdə önəmli rol oynayır. Bəzi insanlarda gözün kənarları aşağı doğru sallanır və bu da həmin şəxslərdə özlərinə qarşı kompleks yaradır. Bu zaman həmin insanlarda gözün kənarları yuxarı dartılaraq badəm göz forması verilir".

Həkimin sözlərinə görə, "badam göz" əməliyyatının gözün görmə qabiliyyətinə heç bir mənfi təsiri yoxdur:

"Həmin əməliyyat yalnız dəri toxumaları vasitəsi ilə aparılır. Gözün bucağını yuxarı doğru fiksasiya edirik. Eyni zamanda qaş qaldırma əməliyyatı və üz gərmə əməliyyatı da gözün badam forması almasına köməklik edir. Bu əməliyyatı 18 yaşdan yuxarı hər kəs etdirə bilər".

Aftolmoloq Fariz Sadıqov isə bildirib ki, sözügedən əməliyyat düzgün aparılmazsa, toxumaları zədələyib gözə zərər verə bilər:

"Azərbaycanda bu əməliyyata maraq olduqca artıb. Yalnız bu əməliyyatı edərkən təcrübəli cərraha müraciət etmək lazımdır. Hər insan bu əməliyyata uyğun olmaya bilər. Belə ki, bəzən göz quruluşu, göz qapaqları və ya gözdəki başqa problemlər bu əməliyyatı etdirmək üçün uğurlu sayılmır. Bundan başqa təəssüflər olsun ki, bizdə bu əməliyyatı qeyri cərrahi yolla həyata keçirirlər. Məsələn, daha çox saplarla gözün bayır küncünü yuxarı dartaraq edirlər, bu da həm estetik cəhətdən çox eybəcər şəkil alır, həm də o sapların hansı toxumalardan keçdiyi bilinmədiyi üçün təhlükəli ola bilir. Əslində isə gözün üstündə olan dəridən incə bir kəsik aparılmalı və gözümüzün kənarını təşkil edən xüsusi bir vətər var ki, o vətər kəsilib, yuxarı dartılıb, tikilməlidir. Ona görə də bu əməliyyatı düzgün yerinə yetirmək lazımdır. Düzdür əgər gözün quruluşunda ciddi qüsurlar varsa, onda əməliyyat etmək olar. Ancaq əməliyyat etdirmək istəyən insan mütləq peşəkar həkimə müraciət etməlidir. Kor-koranə edilərsə, yəni dəridən girib saplarla hər hansı bir toxumlardan keçirilərsə, toxumaya zərər verər və gözyaşı vəzini zədələyər. Eynin zamanda qanaxma baş verə bilər".

Aftolmoloq Cavid Allahverdiyev isə bildirib ki, "badam göz" əməliyyatının gözə heç bir mənfi təsiri yoxdur:

"Həmin əməliyyat kosmetik olaraq icra olunduğu üçün gözün görmə qabiliyyətinə təsir etmir".

Sonda isə "badam göz" əməliyyatı ilə yenidən gündəmə gələn, azərbaycanlı aktrisa Pərvin Abıyeva ilə əlaqə saxladıq.

Aktrisa bildirib ki, yayılan məlumatlar doğru deyil:

"Mən belə bir əməliyyat keçirsəydim mütləq izləyicilərimlə bölüşərdim. Hələ ki, belə bir əməliyyat keçirməmişəm".

Sizin Reklam Yeriniz