news Image
2015.01.29
10:09
| A A A
Bəşəriyyətin beş səhvi

Aclıqdan 10 milyon nəfər adamın ölümü, bubon (qasıqda limfa vəzilərinin iltihabı) taunu, quruyan dəniz, Avstraliyanın "bağlanması"- bunların hamısı bəşəriyyətin qlobal səhvidir.

Səhv etmək insana xas olan xüsusiyyətdir. Amma elə böyük miqyasda səhvlər və yanlışlıqlar olur ki, bunu unutmaq çətindir- bütöv ölkələr və qitələrin, bəzən isə bütün planetin sakinləri onların əsirini on illərlə hiss edir. Bunlardan bir neçəsini təqdim edirik:


Meşələri məhv ediblər


İnsan fəaliyyətinin səmərəsiz nəticəsi kimi Pasxa adasını göstərmək olar. Oranın IX-X əsrə qədər polineziyalılar tərəfindən məskunlaşmasına qədər ada yaşıllığa bürünmüş olub, 1600-cü ildə isə meşədən əsər-əlamət qalmayıb.

Yüz illər ərzində insanlar kənd təsərrüfatı məqsədləri, ev tikintisi və qayıq hazırlamaq, həmçinin tanrıların daşdan olan nəhəng abidələrini daşımaq üçün meşələri doğrayıblar.

Ağacların nəzarətsiz olaraq kəsilməsi torpağın erroziyasına, məhsuldarlığın azalmasına səbəb olub, vaxt keçdikcə bu, burada əhalinin azalmasına və bu yerlərin tam xaraba qalmasına gətirib çıxarıb: insanlar aclıqdan, vəhşilikdən və müharibələrdən məhv olub, torpaqda işləməyi dayandırıb, mağaralarda məskunlaşıb və öz tanrılarını tərk ediblər.

1722-ci ildə avropalılar adaya gələn vaxt orada bir dənə də ağac görməyiblər. Həmin vaxt bu yerlərdə yaşamış 17 000 əhalinin əvəzinə 3 minə yaxın adam olub. Beləliklə, Pasxa adasında indiyə kimi sıx meşə əmələ gəlməyib, bitkilərin çoxunu isə uzaqdan gətirməli və süni olaraq yetişdirməli olublar.


Çayı geri döndərməyə cəhd ediblər


XX əsrin ikinci yarısında Orta Asiyada ölçüsünə görə dünyada dördüncü olan Aral dənizi tədricən qurumağa başlayıb. Bu, SSRİ-nin cənubunda kənd təsərrüfatının güclü inkişafı ilə bağlı olub: Aral dənizinə tökülən çayların suyu torpaqların suvarılmasına gedib və bəzən də qeyri-effektiv istifadə edilib.

1961-ci ildən başlayaraq dənizin səviyyəsi artan sürətlə ildə 20 sm-dən 80-90 sm-ə qədər aşağı düşüb. Dəniz sürətlə dayazlaşmağa başlayıb və 1989-cu ildə iki su hövzəsinə bölünüb. 2003-cü ildə ilkin həcmdən yalnız 10% qalıb, suyun səviyyəsi 31 metrə qədər aşağı düşüb ki, bu da 1950-ci illərin sonu ilə müqayisədə 22 m aşağıdır.

Nəticələr fəlakətli olub: dəniz hədsiz dərəcədə şorlaşıb, bu isə bir çox flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. Balıqların məhv olması səbəbindən balıq təsərrüfatı müəssisələri bağlanıb, insanlar işsiz qalıblar. Iqlim də korlanıb: qış daha soyuq və uzun, yay isə quru və çox isti olub. Sırdərya və Amudərya çaylarının illərlə tarlalardan buraya gətirdiyi kimyəvi maddələr və pestisidləri külək indiyə kimi ətrafa yayır və əhalinin sağlamlığına ziyan vurur.

Aral dənizi dayazlaşmağa başlayan vaxtdan sovet alimləri "Sibir çaylarının geri döndərilməsi" planı üzərində işləyərək Ob və İrtış çaylarının suyu vasitəsilə göldəki suyun səviyyəsini bərpa etməyə ümid ediblər. Buna baxmayaraq, 1986-cı ildə Sov. İKP MK Siyasi Bürosu bunun ekoloji baxımdan fəlakətli nəticələrə səbəb olacağını əsas tutaraq bu layihənin fəaliyyətini dayandırıb.



Ev dovşanlarını Avstraliyaya gətirdilər



1788-ci ildə Avstraliyaya gətirilmiş ev dovşanları çox çətin problemə çevrildi. Onlar minlərlə sürü şəklində evlərin yaxınlığında dolaşır və ətrafdakı hər şeyi yeyirdi. Vəziyyəti britaniyalı Tom Ostin daha da çətinləşdirib: o, ovçu kimi bir neçə ev dovşanını çölə buraxaraq, başqalarını da onun kimi etməyə çağırıb və deyib: "Az miqdarda ev dovşanının vəhşi təbiətə buraxılması ziyan verməyəcək və ova əlavə olaraq sizi ətlə təmin edəcək". Amma o, səhvə yol verib: vəhşi və ev dovşanlarının cütləşməsi nəticəsində yeni növ – bütöv qitənin ekologiyasını korlayan çox dözümlü və aqressiv dovşan növü yaranıb. Onlar torpağı məhv edir, bitkiləri yeyir və digər heyvan növlərinin məhvinə səbəb olur. Dovşanların sayı nəzarətdən çıxıb və bu da Avstraliya hakim dairələri və alimlərin baş ağrısına çevrilib. Dovşanları tüfənglə vurur, zəhərləyir, tələlərlə tutur və hətta xüsusi olaraq viruslarla yoluxdururlar.


Tikintidə zərərli materialdan istifadə ediblər


Sakit okeandakı kiçik mərcan adası Bikini 1946-cı ildə ABŞ-ın nüvə sınaqları üçün baza oldu. Yerli sakinlər başqa adalara köçürüldükdən sonra burada 67 nüvə sınağı keçirildi. Proqramın işə salınmasından on il sonra ABŞ hakim dairələri bəyan etdi ki, mərcan adası həyat üçün təhlükəli deyildir və ada sakinləri evlərinə qayıda bilər. Buna baxmayaraq, tezliklə məlum oldu ki, bu, belə deyildir. Adanın 840 sakini tez bir vaxtda onkoloji və digər xəstəliklərdən öldü. Kompensasiya üçün müraciət etmiş 7000 adamdan 1865 nəfərin rəsmən Amerika nüvə sınaqlarının qurbanı olduğu bildirilsə də, bunların yarısı sonralar həyatlarını itirdilər. ABŞ, ümumilikdə, öz günahını malalamaq üçün müxtəlif kompensasiayalara görə 83 milyon dollar xərclədi.


Avstraliyanı "bağladılar"


Ceyms Kuka qədər Avstraliya və Yeni Zelandiyanı ilk dəfə hollandiyalar kəşf edib və dərhal da... bağlayıblar.

1606-cı ildə avropalılardan Avstraliyaya ilk dəfə gələn admiral Villam Yanszon onu Yeni Hollandiya adlandırıb və Niderlandın torpağı elan edib, lakin sonra buna əməl olunmayıb. 1642-ci ildə Şərqi Hindistan şirkətinin tapşırığı ilə yeni satış bazarları axtaran tacir Abel Tasman sonralar Tasmaniya adlanan adanı kəşf edib və Yeni Zelandiyaya çatıb. Yeni torpağın kəşfindən alınan təəssüratı yerli aborigenlər- maorilər korlayıb: onlar hollandyalılara hücum edib, bir neçə dənizçini öldürərək gizləniblər, bundan sonra qəzəblənmiş Tasman bu yeri Qatillər Buxtası adlandırıb (indiki adı Qolden-Bey körfəzi). Tasman səyahəti davam etdirərək Avstraliyaya çatıb və onun şimal sahilinin böyük bir hissəsini xəritədə qeyd edib. Bununla belə, Şərqi Hindistan şirkətinin rəhbərliyi bu ekspedisiyanı nə ticarət, nə də naviqasiya sahəsində nəticə vermədiyinə görə tam uğursuz hesab edib.

Sonra Avstraliya və Yeni Zelandiya yüz ildən çox bir müddətdə "unudulub" və 1767-1774-cü illərdə ekspedisiyalar zamanı bu yerləri ingilis Ceyms Kuk yenidən kəşf edib. Və tezliklə Böyük Britaniyanın Sakit okeanda iki yeni müstəmləkəsi yaranıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs