Ermənilər Laçın rayonunun Mirik kənd sakini Rəhim Murtuzayevin müəllifi olduğu əsərlərə sahib olmağa çalışırlar.
Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə
Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun Lent.az-a
verdiyi məlumata görə, Rəhim Murtuzayevin bütün əl işləri haqqında
məlumatlar və görüntülər 1980-ci illərin dövrü mətbuatında kifayət
qədər işıqlandırılıb.
Rəhim Murtuzayevin saxladığı sənədlər və şahid ifadələri vətəndaşın
işğal altında qalmış bu əl işləri üzərində müəlliflik hüququnun
olduğunu tamamilə təsdiq edir. Bu əsərlər eyni zamanda Azərbaycanın
milli-mədəni dəyərləri hesab olunur. Rəhim Murtuzayev Laçın
rayonunun Mirik kəndində anadan olub, 1992-ci ilin may ayına qədər
orada yaşayıb. Əsas fəaliyyəti yerli daşlardan müxtəlif məişət
əşyaları (Su novu, bardaq, bulaqların inşasında istifadə olunan
bədii daşlar və s.) eyni zamanda insan fiqurları və baralyeflər
yonub düzəltmək olub.
Onun sənəti
həmyerliləri tərəfindən sevilərək həmişə yüksək qiymətləndirilib və
bəyənilib. Rəhim Murtuzayevin əl işlərinin inkişafı üçün yaşadığı
rayonun icra strukturları tərəfindən ona daim qayğı göstərilib.
Rəhim Murtuzayevin əl işləri özünəməxsusluğu ilə həmişə fərqlənib,
o heç kimi təqlid etməyib, əsərlərini kiminsə əsərlərinin bənzəri
kimi yaratmayıb. Onun əsərlərinin süjet xətti Azərbaycan xalq
nağıllarına və Azərbaycanın yazıçı və şairlərinin əsərlərinə
illüstrasiya xarakteri daşıyır. Ümumiyyətlə, bu əsərlərin yaranması
bütünlüklə Azərbaycanın milli-mədəni dəyərlərindən qaynaqlanıb.
Rəhim Murtuzayevin əsərlərinin analoqu nə Azərbaycan
Respublikasında və nə də digər ölkələrdə millətlərdə və xalqlarda
yoxdur. Rəhim Murtuzayevin əsərləri haqqında məlumatlar və onun
əsərlərinin görüntüləri Azərbaycanda nəşr olunan bir çox qəzet və
jurnallarda, o cümlədən Sovet dövrü Laçın rayonunda nəşr olunan
"Laçın" qəzetinin 13 iyul 1989-cu il tarixli №78-ci il sayında dərc
olunub.
1992-ci il
işğalından dərhal sonra Ermənistan dövlət rəhbərlərinin göstərişi
ilə işğal edilmiş Azərbaycan ərazilərindəki inzibati yaşayış
mərkəzlərindən Azərbaycan xalqqına məxsus muzey eksponatları və
digər bədii nümunələr toplanıb və Laçın şəhərinin mərkəzində,
1992-ci ilin may ayına qədər azərbaycanlılar tərəfindən inşa
edilmiş univermaq binasında muzey yaratmaq haqqında qərar verilib.
Ermənilər bu materialları toplayarkən Mirik kəndindən də Rəhim
Murtuzayevə məxsus; Azərbaycanın xalq qəhrəmanı Cavidanın və
Azərbaycan xalq şairi Füzulinin "Fərhad və Şirin" əsərinə ittihaf
etdiyi Fərhadın baralyefləri də götürərəkbu binaya gətirib və
burada sərgiyə qoyublar. Bununla da Ermənistan Respublikası
"Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması
haqqında" 1954-cü il Haaqa Konvensiyasının, "Ümumdünya mədəni və
təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il
Konvensiyasının, eləcədə YUNESKO-nun Ali Konvensiyası tərkibinə
daxil olan ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında
tövsiyələri (1972-ci il) adlı sənədlərdən irəli gələn tələbləri
pozub.
Bu məsələ ilə
bağlı Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq
İsmayılovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti
Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
vəsaiti hesabına avqustun 25-də Avropa İnsan Hüquqları Məhkəməsində
Ermənistana qarşı məhkəmə iddiası qaldırılıb.